Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışı başlayıb.
Fevralın 23-də yarışın açılış mərasimində əvvəlcə komandaların paradı olub.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva son illərdə batut gimnastikası və tamblinq növü üzrə təmsilçilərimizin qazandıqları uğurlardan danışıb.
Nazir müavini ölkəmizdə idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və respublikamızın birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun Azərbaycanda yeddinci dəfə təşkil olunduğunu deyən M. Vasileva Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan budəfəki yarışda 32 ölkəni təmsil edən gimnastların mübarizə aparacağını qeyd edib.
O, Dünya kubokunun bütün iştirakçılarına Gənclər və İdman Nazirliyi adından uğurlar arzulayıb. Nazir müavini yarışı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda, ümumilikdə, 32 ölkədən 300 gimnast mübarizəyə qoşulub. Batut gimnastikası üzrə yarışda Azərbaycan milli komandasının üzvləri qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edir.
Tamblinq üzrə yarışda Avropa və ikiqat dünya çempionu Mixail Malkin, komanda hesabında dünya çempionları Adil Hacızadə və Tofiq Əliyev, gənclər arasında Avropa çempionatının komanda hesabında bürünc mükafatçısı Bilal Qurbanov çıxış edəcək.
Yarışların ilk iki günündə kişilər və qadınlar arasında təsnifat mərhələləri, sonuncu gün isə final mərhələləri təşkil olunacaq.
L.QURBANOVA
XQ