31 avqust – Azərbaycan futbolunda tarixi gün

post-img

İyirmi yeddi il əvvəl, 1996-cı il avqustun 31-də Azərbaycan futbolu gözəl bir gün yaşadı. Həmin gün Respublika stadionunun mərkəzi tribunasından Prezident Heydər Əliyevin də izlədiyi oyunda millimiz güclü İsveçrə komandasına qalib gəlməklə, tarixi zəfərin müəllifi oldu. Görüşün 26-cı dəqiqəsində Nazim Süleymanovun başladığı, Yunis Hüseynovun davam etdirdiyi və Vidadi Rzayevin dəqiq zərbə ilə başa çatdırdığı hücum sayəsində vurulan qol və matçın sonunda polşalı hakim Rışard Vuyçikin qeydə aldığı qələbə (1:0) dünya çempionatlarının seçmə yarışlarında ilk qolumuz və ilk qələbəmiz idi. Unudulmaz bir oyuna şahidlik etmişdik…

Bu gün yenə 31 avqustdur. Azərbay­canın futbol ictimaiyyəti yaxşı əhvalda­dır. Çempionumuz “Qarabağ” bir həftə əvvəl Sloveniyanın Lyublyana şəhərinin “Stojitse” stadionunda UEFA Avropa Liqası turnirinin pley-off mərhələsinin ilk görüşündə yerli “Olimpiya”ya öz iddiası­nı mükəmməl şəkildə göstərdi. Ağdam klubunun rəqib meydanında vurduğu bir-birindən gözəl iki qol Avroliqanın qrup mərhələsinə aparan yolda qarşı­mızda yaxşı imkanlar açmışdır. Azər­baycan futbolunun əsas zərbə qüvvə­si olan “Qarabağ”ın bir ayağı, demək olar, Avroliqanın qrup mərhələsindədir. Amma hadisələri qabaqlayıb, heç cür arxayınlaşmaq olmaz. Məsələnin tam həlli, qrupa vəsiqənin rəsmiləşdirilməsi üçün daha bir inamlı addım atılmalıdır.

Həm də komanda bunu tək yox, onu və gözəl futbolu çox sevən pərəs­tişkarları ilə birlikdə etməlidir. Təmsilçi­miz indiki mərhələdə qarşısında duran vəzifəni müəyyən dərəcədə yerinə ye­tirmiş olsa da, azarkeşlərinin möhkəm dəstəyinə ehtiyacı var. Bu səbəbdən də gözləmək olar ki, oyundan-oyuna UE­FA-da Azərbaycanın reytinqini artıran “Qarabağ” bu axşam həmişəkindən də güclü dəstək alacaq. Artıq Avropada ta­nınan, həm də tədricən böyük komanda kimi tanınan Azərbaycan çempionunun ölkəmizə növbəti dəfə Avropa Liqa­sının qrup görüşlərini izləmək imkanı yaratmaq əzmi böyükdür. Ona görə də bu dəqiqələrdə respublikamızın bütün guşələrində insanlar axşamkı oyunu həyəcanla gözləyirlər. Bu isə səbəbsiz deyil, Ağdam komandası son illər azar­keşlərinin avrokubokların qrup turnirlə­rinə marağını qat-qat artırmışdır. 

Bir qədər sonra, saat 20-dən eti­barən 1951-ci il sentyabrın 16-dan bəri (artıq 72 ildir!) idmanımıza sədaqətlə xidmət edən, “Qarabağ”ın da çox xo­şuna gələn Tofiq Bəhramov adına Res­publika stadionunun tribunalarından on minlərlə azarkeş, eləcə də oyunu evdə izləyəcək milyonlarla televiziya tamaşa­çısı “Qarabağ”ın əzmkarlığına bir daha əmin olacaq. 

Azərbaycanın futbol pərəstişkarla­rı “Real” və “Barselona” kimi nəhəng klubların vətənindən gəlmiş 41 yaşlı ispaniyalı hakim Alexandro Ernan­desin start işarəsindən final fitinədək meydanda gərgin mübarizə gözləyirlər. Hələlik isə hesab ölkə çempionumuzun xeyrinə 2:0-dır. Sloveniyanın ən yaxşı komandası da Bakıya Lyublyanadakı uğursuzluğun əvəzini çıxmaq arzusu ilə gəlmişdir. 

Amma bu gün 31 avqustdur. “Qa­rabağ” tarixi günə öz töhfəsini verməyə hazırdır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman