Mədəniyyət xəbərləri

post-img

Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə yekunlaşmaq üzrədir. “Aşıqlar Vətən müharibəsin­də Qələbəni tərənnüm edir” adlanan layihə QHT-lərə Dövlət Dəstəyi Agent­liyinin maliyyə yardımı ilə həyata ke­çirilir. 

Mövzu çərçivəsində aşıqların Azər­baycan Ordusunun 44 günlük müharibə­də əldə etdiyi Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanır. Əməkdar mədəniyyət işçiləri Ağamu­rad Şirvanlı və Samirə Əliyeva, aşıq­lar Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azafı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifasında zəfər ruhlu mahnılar səsyazma studiyasında lentə alınıb. Ümumilikdə, audiodiskə 20 ifa daxildir. Layihənin rəh­bəri AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, əlaqələn­dirici Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

***

Sumqayıtda S.Vurğun adına Mərkəzi Kitabxananın və Qızıl Aypa­ra Cəmiyyəti (QAC) şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Həssas saat” layihəsi çərçivəsində “Sevgimizi pay­laşaq...” adlı tədbir keçirilib. 

Moderator, yazıçı-dramaturq Hafiz Ataxanlı cəmiyyətdə qayğıkeşliyin, in­sanpərvərliyin hər zaman gərəkli oldu­ğunu bildirib. QAC Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt şəhər MKS-nin direktoru Natəvan Axun­dzadə, SOCAR Sumqayıt idarəsinin so­sial məsələlər üzrə əməkdaşı Bəxtiyar Musayev və böyük kitabxanaçısı Zübey­də Məmmədova ölkədə sosial-humani­tar siyasətin əhəmiyyətindən danışıblar. Cəmiyyətdə sevginin paylaşılması, hu­manizm ənənələrinin davam etdirilməsi baxımından tədbirin əhəmiyyəti vurğula­nıb. Sonda kimsəsiz, ehtiyacı olan ahılla­ra ərzaq sovqatı paylanılıb.

***

Yazıçılar Birliyinin Şimal-Qərb re­gional bölməsi açılıb. Bununla bağlı Zaqatala rayon Heydər Əliyev Mərkə­zində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Bir­liyinin Yaradıcılıq məsələləri üzrə katibi, Əməkdar mədəniyyət işçisi, kino-drama­turq İlqar Fəhmi, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmə­dzadə, Mədəniyyət Mazirliyi regional idarələrinin rəhbərləri, yerli yazarlar və ziyalılar iştirak ediblər. Natiqlər yeni böl­mənin açılmasının bölgədə ədəbi mühitin daha da inkişaf etməsinə xidmət edəcə­yini bildirərək quruma uğurlar arzulayıb­lar.

Bölməyə sədr seçilən yazıçı-jurnalist Əlmaniz Ələkbərli maraqlı ədəbi-bədii tədbirlərin keçirilməsi, qələm sahibləri­nin bədii yaradıcılığının inkişafına daha münbit şərait yaradılması, yeni istedadla­rın üzə çıxarılması üçün fəal çalışacağını bildirib. 

Hazırladı:
Ə.DOSTƏLİ,
“Xalq qəzeti”





Mədəniyyət