Rusiya XİN-in rəsmi nümayəndəsi razılaşmalara əməl edilərkən saxtakarlığa yol verildiyini bildirib
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün həftəlik ənənəvi brifinqində yenə eyni tezisləri səsləndirib. O, Azərbaycan və Ermənistan arasında sülh prosesinə Moskvanın sadiq qaldığını bildirib, tərəflərin mövqelərinin mütləq nəzərə alınması zərurətini xüsusi vurğulayıb. Onun ritorikası bu dəfə də dəyişməyib: “Danışıqlar prosesində, ilk növbədə, hər iki tərəfin, yəni Azərbaycanın və Ermənistanın mövqelərini nəzərə almaq vacibdir. Əks təqdirdə məsələnin dinc yolla həllində hər hansı irəliləyişə ümid etməyə dəyməz”.
Rusiyanın sülh danışıqlarında əsas vasitəçi missiyasını israrla davam etdirmək niyyətini açıqlayan və bu amilin prosesin bütün raundlarında və treklərində nəzərə alınmasının əhəmiyyətindən söz açan xanım Zaxarova onu da qeyd etdi ki, ölkəsi öz səylərinə zidd olmayan istənilən vasitəçilik təşəbbüslərini bəyənir: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair Rusiyanın səylərinə zidd və xələl gətirməyən istənilən təşəbbüsləri alqışlayırıq”.
* * *
Erməni jurnalistin Rusiyanın Xankəndi və Bakı arasında birbaşa dialoq təklifi, Azərbaycan tərəfinin həmin görüşün öz ərazisində keçirilməsinə israr etdiyi və bu zaman Moskvanın erməni nümayənlərin təhlükəsizliyinə təminat verməsi ilə bağlı sualını Zaxarova özünəməxsus tərzdə, diplomatik eyhamla cavablandırdı. Onun mesajının İrəvana ünvanlandığı aşkardır. Hərçənd, bunu daha çox suala yox, erməni jurnalistin özünə cavab kimi qiymətləndirmək mümkündür: “Əgər hansısa məsələ barədə razılığa gəlinibsə, üstəlik, sənəd ən yüksək səviyyədə imzalanıbsa, onu reallaşdırmaq lazımdır. Daha sənədi başqa cür təsnifatlandırmaqla məşğul olmaq, ona üçüncü tərəfi, hətta beşinci və onuncu tərəfləri cəlb etməklə məşğul olmaq, “biser” oyununa çevirmək lazım deyil. Əsas təminat mövcud razılaşmaların yerinə yetirilməsidir. Müqavilənin həyata keçirilməsində saxtakarlıq və riyakarlıq başlayan kimi təminat da yaddan çıxır”.
Göründüyü kimi, Rusiya diplomatiya idarəsinin təmsilçisi anti-İrəvan eyhamının davamını gətirməsi ilə yadda qalmaqdadır. Zaxarova, faktiki olaraq, erməni jurnalistin, loru dildə desək, ağzından vurdu. Bildirdi ki, oyun qaydalarını pozan onun ölkəsidir və bu səbəbdən susması lazımdır. Ümumən, xanım sözçünün sülh danışıqları prosesində Ermənistanın nümayiş etdirdiyi mövqe ilə bağlı açıqlaması kifayət qədər maraqlıdır: “Mən sizə Ermənistan rəhbərliyinin mövqeyində əsaslı dəyişikliyin baş verdiyini, məsələlərin mahiyyəti ilə bağlı 180 dərəcə dəyişdiyini söyləyə bilərəm. Həm də bu mövqe məhz İrəvanın özü üçün ən əsas məsələyə dair köklü şəkildə dəyişib. Bu, İrəvanın özünə aid məsələdir və daxildə işlənib hazırlanmış qərarın nəticəsidir. Amma əldə olunmuş və imzalarla təsdiqlənmiş öhdəliklər var. Əgər həmin öhdəliklər ləğv edilməyibsə və dəfələrlə yenidən təsdiqlənibsə, deməli onların yerinə yetirilməsi təminatın özüdür”.
Deməli, Zaxarovanın anti-İrəvan köklənişinin səbəbi bəlli oldu. Ermənistan hakimiyyəti üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Əlbəttə, rəsmi nümayəndə oxu atıb yayı gizlətməklə də məşğuldur. O, diplomatikliyə sadiq qalaraq, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinin, eləcə də son iki il doqquz ayda Moskvanın təşəbbüsü və vasitəçiliyi ilə keçirilmiş danışıqlarda əldə olunmuş kövrək irəliləyişlərin kimin təqsiri ucbatından reallaşmadığını, onların icrasında kimin saxtakarlıq etdiyini konkretləşdirməsə də, məhz Ermənistan hökumətini nəzərdə tutduğu birmənalıdır. Məgər İrəvanın Kremlin başı üzərindən Qərbli dəstəkçilərinə sığındığı, imdad dilədiyi, dialoq məntiqindən boyun qaçırdığı, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi öhdəliklərini yerinə yetirməkdən yayındığı kimə məlum deyil ki? Qeyd edək ki, bütün bunlara görə Rusiya XİN, şəxsən nazir Sergey Lavrov dəfələrlə İrəvana xəbərdarlıqlar edib, qınayıcı bəyanatlar səsləndirib. Bir daha bildirək ki, razılaşmalara kimin riayət etmədiyi göz önündədir.
Brifinqdə Fransanın Azərbaycan-Ermənistan münasibətləri müstəvisində tutduğu mövqeyə toxunan M.Zaxarovanın fikirləri də diqqəti çəkib: “Fransanın bu sahədəki fəaliyyəti hamıya məlumdur. Belə vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Və bu olmadan, artıq kifayət qədər gərginləşmiş vəziyyətdə hansısa bir irəliləyişin əldə olunacağına inanmağa dəyməz”.
Göründüyü kimi, Rusiya XİN-in rəsmi nümayəndəsi açıq tərzdə bildirməsə də, Parisin sülh prosesinə zərərini də qabardır. Əlbəttə, onun fikirləri heç də o demək deyil ki, ölkəsi Fransanın mövqeyindən narahatdır. Əksinə, Zaxarovanın daha rahat və təmkinli təsir bağışladığını söyləmək mümkündür. Nəzərə alaq ki, Parisin siyasi dəst-xətti Cənubi Qafqazda sülhün əldə olunmasına ziddir, ən başlıcası isə gərginliyin saxlanılması üçün əsasdır. Bu isə hər bir halda proseslərin uzanmasının tərəfdarı olan Kremlin maraqlarına uyğundur.
Tofiq Abbasov,
siyasi şərhçi
Ermənistanın mövqeyində müsbət dəyişikliklərin olduğu inandırıcı görünmür. Hər halda Azərbaycanla bağlı belə dəyişikliyin işartısı belə yoxdur. Zaxarova, ola bilsin ki, Rusiya ilə bağlı dəyişikliyi nəzərdə tutur. Yəni, İrəvan Moskvaya münasibətdə sağlam mövqeyə köklənir. Amma bizimlə bağlı onu görürük ki, Ermənitan hakimiyyətinin işlək rıçaqları Makronun, Kolonnanın, Ann İdalqonun əlindədir. Onlar isə bir qayda olaraq Azərbaycana radikal mövqe sərgiləyirlər.
Əslində, onlar bununla çox lazımsız siyasətə baş vururlar. Ona görə ki, əgər Fransanın siyasi rəhbərliyi həqiqətən də Ermənistanın təəssübünü çəkirlərsə, gərək İrəvanı sülhə çağırsın. Amma bunu etmir. Tam əksinə, sülhə qarşı dağıdıcı xətt yüdürür ki, bu da Azərbaycanın mövqeyinə və istəyinə tamamilə ziddir. Buna görə hesab edirəm ki, hələlik Hayastan rəhbərliyinin yanaşmasında heç bir ümidverici dəyişiklik sezilmir. Əgər Mariya Zaxarova bu barədə danışırsa, konkret nəyi nəzərdə tutduğunu açıqlamalıdır. Şəxsən mən İrəvanın mövqeyində heç bir dəyişiklik görmürəm.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”