Paris Paralimpiadasına lisenziya əldə etdiyim üçün çox sevinirəm. Əsas hədəf Paralimpiya Oyunlarında qələbə qazanmaqdır.
Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev bildirib. O qeyd edib ki, mükafatçılar sırasında yer almaq üçün potensialı olsa da, bir qədər aşağı nəticə göstərib: “Yarışa yaxşı hazırlaşmışdım. Ən azı üçüncü yeri tuta bilərdim. Amma əvvəlkilərlə müqayisədə 30-40 santimetr daha az göstərici qeydə alındı. Nəticəmi 15 santimetr yaxşılaşdıra bilsəydim, üçüncü yerə sahib olardım. Buna baxmayaraq çox məmnunam. Paris Paralimpiadasında iştirak bizim üçün böyük önəm daşıyır. İndi əsas hədəf Paralimpiya Oyunlarında yüksək səviyyədə çıxış etməkdir”.
Qeyd edək ki, Oloxan Musayev Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb. O, bu nəticə ilə Paris Paralimpiadasına vəsiqə əldə edib. Bu, “Paris-2024” Yay Paralimpiya Oyunlarına komandamızIN ilk lisenziyasıdır.
Leyla QURBANOVA,
“Xalq qəzeti”