49 il əvvəl bu gün

post-img

Böyük əks-səda doğurmuş həmin yığıncaqdan bizi 49 illik bir məsafə ayırır. O zaman respublikaya rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş toplantı bütünlüklə bədən tərbiyəsi – idmanın problemlərinə həsr edilmişdi.

Bu gün geriyə boylanıb, o uzaq illəri xatırlayan­da cəsarətlə deyə bilərik ki, Azərbaycanda bədən tərbiyəsi – idmanın sonrakı və indiki nailiyyətlərinin təməli 74-cü il iyun ayının 21-də qoyulmuşdur. O isti yay günü açıq və prinsipial söhbət nəticəsində qə­bul edilmiş qərarlar, bütövlükdə, idmana daimi qayğı indi 100 illik yubileyini qeyd etdiyimiz Ulu öndərin yorulmaz və qətiyyətli fəaliyyətində xüsusi yer tutur.

Ümummilli lider fəallar yığıncağında idmanımı­zın bütün sahələrini əhatə edən nitqində respubli­kada bədən tərbiyəsi və idmanın inkişafı işində ya­ranmış vəziyyəti hərtərəfli təhlil etmiş, irəliləyişimizə mane olan nöqsan və çatışmazlıqları göstərmiş, sağlamlıq və gümrahlıq məşğələlərinin məişətimizə daha möhkəm daxil edilməsi, kutləviliyin artırılması, böyük idmanda isə yüksək nailiyyətlər qazanılması yolları üzərində ətraflı dayanmışdı.

Heydər Əliyev buna qədər görül­müş işlərin respublikanın imkanlarına heç də uyğun gəlmədiyini bildirərək qeyd etmişdi ki, məhz bu səbəbdən bədən tərbiyəsi və idmanı daha da inki­şaf etdirmək tədbirləri məsələsini par­tiya fəalları yığıncağının müzakirəsinə çıxarmaq zərurəti yaranmışdır.

Hadisələrin sonrakı gedişi, yığın­cağın qəbul etdiyi qərarların təxirə­salınmaz şəkildə həyata keçirilməsi göstərdi ki, vəziyyətin yaxşılaşdırılma­sı işində ciddi dönüş yaranmağa baş­layır. Bununla da idman ictimaiyyətimiz əmin oldu ki, həmin yüksək səviyyəli tədbir vaxtında atılmış addımdır. Bu isə belə bir qənaətə gəlməyə əsas ve­rirdi ki, partiya fəalları yığıncağı tarixin səhifələrinə Azərbaycanda idmanın inkişafına çoxdan ehtiyac duyulan, bu mühüm işə güclü təkan verən toplantı kimi daxil olmuşdur.

Məhz həmin gündən sonra res­publikamızın bütün bədən tərbiyəsi və idman təşkilatlarının öz işlərini ye­nidən, günün tələbləri səviyyəsində qurub, fəaliyyətlərini canlandırmaları, respublika rəhbərinin qeyd etdiyi bütün sahələrdə işin yüksək keyfiyyətlə ye­rinə yetirilməsi üçün qüvvə və bacarıq­larını səfərbərliyə almaları yığıncağın müəyyənləşdirdiyi istiqamətlərdə mü­hüm məqamlar idi.

Fiziki hazırlığı yüksəltməkdə, sağ­lamlığı möhkəmləndirməkdə, nəcib keyfiyyətlərə yiyələnməkdə gənclərin yaxın köməkçisi olan bədən tərbiyə­si və idmanın müstəsna əhəmiyyətini qeyd edən Heydər Əliyev məşğələlərin müntəzəmliyini və kütləvi hal alması­nın vacibliyini ön plana çəkib bildirirdi ki, ümumittifaq yarışlarında və bey­nəlxalq turnirlərdə yüksək nəticələr əldə etməyə qadir olan idman ustala­rını yalnız bunun əsasında hazırlamaq mümkündür.

Azərbaycan rəhbəri fəallar yığın­cağındakı nitqində təkcə Bakıya ümüd bəsləməyib, digər şəhər və rayonlarda da bədən tərbiyəsi və idman hərəkatı­nın problemlərinə, bu hərəkatın inkişaf etdirilməsinə diqqəti artırmaq zərurətini xüsusi vurğulamış, bunsuz sabit uğur­lar qazanmağın mümkün olmadığını nəzərə çatdırmışdı.

Heydər Əliyev nitqində məktəb id­manı, qadınların fəal bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilmə­si, məşğələlər üçün lazımi şərait ya­radılması, bu məqsədlə sadə idman meydanları ilə yanaşı, iri bazalar inşa edilməsi vacibliyi üzərində dayanmış, beləliklə də, bədən tərbiyəsi və idma­nın bütün sahələrini əhatə etmişdi.

Heydər Əliyevin respublikaya rəh­bərliyinin beşinci ilində göstərdiyi təşəbbüs tezliklə müsbət dəyişikliklərə, yaxşı nəticələrə yol açan çox inamlı addım idi. Əgər statistikaya müraciət edib, fəallar yığıncağından sonra nə qədər idman meydançası, salonu ya­radıldığını, yerlərdə neçə-neçə şahmat məktəbi və digər idman qurğuları açıl­dığını öyrənmək istəsək, kifayət qədər sanballı rəqəmlər görərik.

Hazırda Azərbaycanda sayı 50-yə çatan müasir Olimpiya İdman Komp­leksinin, demək olar, bütün şəhər və rayonlarımızda şahmat məktəblərinin fəaliyyət göstərməsi, digər idman qur­ğularının inşası əhaliyə asudə vaxtını səmərəli keçirmək, yaranmış imkan­lardan geniş istifadə etmək, bədən tərbiyəsi və idman məşğələlərini həyat tərzinə çevirmək, ən yaxşı idmançılara isə ustalıqlarını və nəticələrini getdikcə artırıb, beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qorumaq imkanı verir.

Qırx doqquz il əvvəl baş tutmuş tarixi yığıncaqdan cəmi iki il sonra, 1976-cı ildə Azərbaycan idmanının üç görkəmli yetirməsi, sonralar voleybol əfsanəsinə çevrilən İnna Rıskal, hənd­bol ustaları Rəfiqə Şabanova və Lyud­mila Şubinanın SSRİ yığma koman­daları heyətində Kanadanın Monreal şəhərində keçirilmiş XXl Yay Olimpiya Oyunlarından respublikamıza me­dallarla qayıtmaları xalqımıza böyük şöhrət gətirən nailiyyət idi. Olimpiada qəhrəmanlarımız Bakıya qayıtdıqdan sonra Heydər Əliyevin onları qəbul edib, Şabanova və Şubinanın olimpiya çempionluğunu, Rıskalın gümüş mü­kafatını yüksək qiymətləndirməsi bütün idman ictimaiyyətimizin ürəyincə oldu. Zarafat deyildi, dünyanın ən möhtəşəm idman bayramından respublikamıza birdən-birə 2 qızıl və 1 gümüş medal gətirilmişdi! 

Rıskal, Şabanova və Şubinanın Monreal zəfərindən sonra respublika­mızda qızların voleybol və həndbola, elə idmanın digər növlərinə də mara­ğı daha da artdı, beynəlxalq yarışlar­da yüksək nəticələrə nail ola biləcək yeni istedadlar meydana çıxdı, Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında fəxri kürsüdə medal və təbrikləri qəbul edənlər sırasında qadın təmsilçilərimiz də alqışlandılar.

Ötən əsrin ikinci yarısında, xüsusən də əsrin son iyirmi beş ilində Azərbay­canda idmanın inkişafında və uğurla­rında böyük xidmətləri ilə yadda qalmış qadınlar az olmamışdır: coşğun idman həyatı hələ 1930-cu illərdən başlamış və fəaliyyətini Azərbaycan Dövlət Bə­dən Tərbiyəsi İnstitutunda (indiki aka­demiyada) müəllim kimi başa vurmuş Zeynəb Rzayeva, yüngül atletikada dünya rekordçusu, 1964-cü il SSRİ çempionatının qızıl medalçısı Ziba Ələsgərova, sambo üzrə dəfələrlə dün­ya çempionu Zülfiyyə Hüseynova, vo­leybol ustaları İnna Rıskal, Vera Lant­ratova, Alla Həsənova, Azərbaycan şahmat məktəbinin məşhur yetirmələri Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova, xokkeyçi Zeynəb Nuriye­va, olimpiya çempionu, stend atıcısı Zenfira Meftahətdinova, olimpiya mü­kafatçısı, güllə atıcısı İradə Aşumova, respublikamızda ilk qadın idman jurna­listi, bir çox il ərzində "İdman" – "Sport" qəzetlərinin əməkdaşı olmuş, sonra da fəaliyyətini "Bakinski raboçi"də davam etdirmiş Xədicə Orduxanova və bir çox başqaları Azərbaycanın idman həya­tında yüksək fəallıq göstərmişlər.

İyirminci əsrin səksəninci illərinin əvvəllərinə təsadüf etmiş Qazax–Bakı marşrutu üzrə atçılıq yürüşü də hey­rətamiz hadisə idi. Onun şahidi kimi deyə bilərəm ki, qeyri-adi yürüş izlədik. Tədbirin təşkilatçısı, Əməkdar məşqçi, respublikada atçılıq idmanının, bəlkə də, ən fəal təbliğatçısı olmuş Fikrət Hü­seynovun təşəbbüsü və yüksək təşki­latçılıq bacarığı yaxşı nəticə vermişdi. Marşrutun keçdiyi hər yerdə – Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Qasım İsmayılov (indi Goranboy), İsmayıllı, Göyçay, Şamaxı və digər rayonlarda insanlar çaparları gül-çiçəklə, alqış­larla qarşılayır, qədim ənənələrimizi yaşatdıqlarına görə onlara minnətdar­lıqlarını bildirirdilər. Respublikanın id­man həyatında tarixi yürüş uğurla başa çatmışdı. Təşkilatçılardan böyük zəh­mət, iştirakçılardan isə möhkəm iradə, dözümlülük, fədakarlıq tələb edən bu yürüşün keçirilib-keçirilməməsi üçün uzun müddət düşünmək, hər şeyi ciddi şəkildə götür-qoy etmək lazım gəlmiş­di. Respublika partiya fəalları yığınca­ğının qarşıya qoyduğu vəzifələr idman təşkilatlarımızı böyük işlərə səfərbər etmişdi və həyata keçirilən tədbirlər öz bəhrəsini verirdi.

Heydər Əliyevin bədən tərbiyəsi və idmana daimi qayğısı Azərbaycanda sağlam gənc nəsil yetişməsi və mahir ustalar hazırlanması işinə güclü təkan verdi. Ümummilli liderin respublikamı­za rəhbərliyinin ikinci dövründə, təx­minən 1990-cı illərin ikinci yarısında söylədiyi bir fikir isə idman ictimaiyyəti­mizi daha da ruhlandırdı: " Azərbaycan Prezidenti kimi, şəxsən, mən söz ver­mişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz ". 

Bu gün müstəqil dövlət olan Azər­baycanın dünya birliyinin bərabər­hüquqlu üzvü kimi beynəlxalq miqyas­da ölkəmizin imkanlarını və qüdrətini inamla nümayiş etdirməsi, ümumdünya idmançılar ailəsində layiqli yer tutması Heydər Əliyevin müdrik siyasəti və yo­rulmaz fəaliyyəti sayəsində mümkün olmuşdur. Dünya respublikamızı bə­dən tərbiyəsi və idmanın dövlətin daimi qayğısı ilə əhatə olunduğu, olimpiya idman kompleksləri tikintisinin geniş vüsət aldığı, idman və olimpiya hərə­katımızın başqalarına nümunə göstə­rildiyi bir ölkə kimi tanıyır. Bu, təsadüfi deyil. Respublika partiya fəalları yığın­cağında bədən tərbiyəsi və idmanın daim diqqət mərkəzində saxlanılması zərurətini xüsusi vurğulayan ümummilli lider ömrünün sonunadək idmançıları­mızın ən yaxın dostu oldu. Onun rəh­bərliyi ilə yarım əsr əvvəl Azərbaycan­da bədən tərbiyəsi və idmanın sürətli inkişafına dəqiq istiqamət verilməsi bu sahədə zəngin ənənələr yaranmasına geniş imkanlar açdı.

İndi ölkəmizin bütün guşələrində, o cümlədən, erməni işğalından azad edilmiş ərazilərimizdə yarışlar bir-birini əvəz edir. Bu yaxınlarda finişə çatmış Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən "Əziz Şuşa" beynəlxalq velosiped yürüşü də belə tədbirlərdən biri idi. Yarışın bütün iştirakçıları, o cümlədən, İtaliya, Belçika, Rumıniya, Niderland, Qazaxıstan təmsilçiləri öz ölkələrinə yüksək təşkilatçılıq səviy­yəsində keçirilən yürüş və respublika­mızda onlara göstərilən qonaqpərvərlik haqqında xoş xatirələrlə qayıtmışlar. 

Yarım əsr əvvəl Azərbaycanın rəh­bəri Heydər Əliyevin müdrik təşəbbüsü ilə keçirilmiş və respublikada idmanın sürətli inkişafına güclü təkan vermiş partiya fəalları yığıncağı idman tarixi­mizdə unudulmaz hadisədir. Ulu ön­dərin 100 illik yubileyini geniş qeyd etdiyimiz 2023-cü ildə 1974-cü ildən başlayan uğurlarla zəngin yolu xatırla­mağımız da görkəmli şəxsiyyətin Azər­baycan üçün gördüyü böyük işlərə hör­mət və ehtiramımızın ifadəsidir.

Həmin sürətli inkişaf bu gün də inamla davam etdirilir. Estafet etibar­lı əllərdədir. Dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin də bədən tərbiyəsi və idman məşğələlərinə böyük sevgisi hamıya, o cümlədən, beynəlxalq aləmə yaxşı məlumdur.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman