Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını əksər analitiklər tamamilə haqlı olaraq tarixi hadisə kimi qiymətləndirirlər. Eyni zamanda, vurğulanmalıdır ki, həmin sazişin ərsəyə gəlməsində aparıcı rolu Azərbaycan oynamışdır. 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl sülh siyasəti öz bəhrəsini verməkdədir. Cəmi 5 ildə Azərbaycan lideri möhtəşəm bir zəfər yolunu keçmişdir. Öncə, siyasi-hərbi yolla ölkənin ərazi bütövlüyünü təmin etmiş, sonra isə sülh uğrunda qətiyyətli və ədalətli mübarizəsi ilə dünyaya Azərbaycan həqiqətlərini qəbul etdirmişdir.
Regional geosiyasi proseslər: üç aspektin sintezi
Ekspertlər Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 7-8-də Vaşinqtona səfərini, Azərbaycan–Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammitinin nəticəsində liderlər tərəfindən Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması, ATƏT-in Minsk prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə "Tramp Marşrutu" (Zəngəzur dəhlizi) və strateji tərəfdaşlıq xartiyası üzrə əldə edilmiş razılıqları, əsasən, üç aspektdə təhlil edirlər.
Birincisi, Azərbaycan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri.
İkincisi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması şərtləri.
Üçüncüsü, Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olması imkanları.
Bu istiqamətlərin hər biri həm ayrılıqda, həm də qarşılıqlı əlaqədə çox önəmlidir. Vurğulanan istiqamətlərin hər biri üzrə əldə edilmiş konkret nəticələr hazırlanan və artıq qəbul olunan sənədlərdə öz əksini tapmışdır.
Politoloji baxımdan əhəmiyyətlidir ki, bu üç istiqamət üzrə razılıqlar birbaşa Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə əldə edilmişdir. Hazırda bütövlükdə dünya miqyasında həmin faktı yüksək qiymətləndirirlər. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə açıq fikir bildirmişdir. Prezident İlham Əliyev bununla bağlı Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə xüsusi vurğulamışdır: "...bugünkü gün...tarixi gün sayıla bilər. Həm Azərbaycan–Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan–Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq".
Müsahibənin başqa bir yerində dövlətimizin başçısı məsələnin bu tərəfinə təkrar diqqət yönəldərək ifadə etmişdir: "Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir" və "bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir".
Azərbaycan Prezidentinin bu tezislərində üç mühüm aspekt məntiqi bağlılıqda ifadə edilmişdir.
Birinci aspekt ondan ibarətdir ki, görüşün Ağ Evdə təşkil edilməsi və konkret razılaşmaların əldə olunması həm çox əhəmiyyətlidir, həm də böyük məsuliyyət deməkdir.
İkinci aspekt görüşün Azərbaycan–ABŞ münasibətləri baxımından xüsusi əhəmiyyətinin olması ilə bağlıdır. İlham Əliyev bu məqamı belə xarakterizə etmişdir: "Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir".
Üçüncü aspekt belədir: sülh sazişi ilə bağlı sənədin Ağ Evdə paraflanması artıq Cənubi Qafqaza sülhün gəldiyinin təsdiqidir.
Azərbaycan liderinin bu tarixi fikirlərinin işığında görünür ki, İlham Əliyevin Vaşinqton səfəri regional və qlobal geosiyasi əhəmiyyətli bir sıra məsələlərin qarşılıqlı əlaqədə həllinə ciddi təkan verir. Vaşinqton görüşünə bu müstəvidə nəzər salmaq vacibdir.
Vaşinqtonun etirafı
Yuxarıda vurğuladığımız aspektlərin formalaşdırdığı yekun mənzərə göstərir ki, İkinci Qarabağ müharibəsinin nəticələrini və 2023-cü ilin antiterror tədbirlərinin yaratdığı yeni regional geosiyasi reallığı artıq dünyanın ən qüdrətli dövləti olan ABŞ rəsmi olaraq etiraf edir. Belə ki, ABŞ Azərbaycan və Ermənistanla münasibətlərini ziddiyyətsiz məcraya yönəldərək, eyni zamanda, bu faktdan regional təhlükəsizlik, sabitlik və əməkdaşlıq naminə istifadə edir. Bunlar praktiki müstəvidə onu ifadə edir ki, artıq ABŞ başda olmaqla Qərb Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin əhəmiyyətini qəbul edərək Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə və regional geosiyasi proseslərdə yeni səhifə açmağa başlamışdır. Bu, tarixi baxımdan olduqca önəmli məqamdır.
Azərbaycanın regionda əldə etdiyi uğurların qlobal siyasi, hüquqi və geosiyasi miqyasda tanınması üçün Donald Tramp, sözün həqiqi mənasında, cəsarətli addım atmışdır. Məhz bu yeniliyin prizmasından həm Azərbaycan–ABŞ münasibətlərinin perspektivinə, həm də paraflanmış sazişin, ümumiyyətlə, təhlükəsizlik və əməkdaşlığa verə biləcəyi töhfələrə baxa bilərik.
Yeni səhifə: əməkdaşlıq və strateji tərəfdaşlıq
Yuxarıda vurğulamışdıq ki, Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton səfərinin səmərəli yekunlarından biri kimi, ilk növbədə, ABŞ ilə ölkəmiz arasında əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətlərində yeni səhifənin açıldığını göstərmişdir. Dövlət başçısının bu fikrinin milli maraqlar baxımından nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməliyik. Çünki müstəqil Azərbaycanın müasir tarixində ciddi müsbət dönüş məqamını ifadə edir. Bu tezisi izah etməyə çalışaq.
Hər şeydən öncə, Prezident İlham Əliyev əməkdaşlıqla strateji tərəfdaşlığı təsadüfən ayrıca vurğulamamışdır. Çünki heç də hər bir əməkdaşlıq məzmunu, məqsədi və səviyyəsinə görə strateji xarakter daşımır. Bundan başqa, əsasən, Vaşinqtonun əməkdaşlıq adı altında atdığı ziddiyyətli addımlara görə Azərbaycanla ABŞ arasında indiyə qədər mövcud olmuş əməkdaşlıq heç də bütün dönəmlərdə müsbət məzmunda olmamışdır. Məsələn, bədnam "907-ci düzəliş" Amerikanın Azərbaycanla hərbi əməkdaşlığına qadağa qoyurdu. Təcavüzə məruz qalmış bir müstəqil dövlətə qarşı bundan böyük haqsızlıq olmazdı. Ancaq ona əsaslanaraq Amerika illərdir ki, nə tam anlamda əməkdaşlıq edə bilir, nə də hansısa dayanıqlı strateji planlar qurur. Vaşinqton razılaşmasından sonra bu maneə aradan qalxır. Ona görə də münasibətlərdə konkret əməkdaşlıq strateji niyyətindən danışa bilərik.
Vurğuladığımız kontekstdə Azərbaycan Prezidenti jurnalistlərə verdiyi müsahibədə real mənzərəni dolğun ifadə edərək demişdir: "Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub".
“Vaxt itirə bilmərik”
Göründüyü kimi, Azərbaycan tərəfi ABŞ ilə strateji tərəfdaşlığa son dərəcə böyük önəm verir. Bunun üçün rəsmi Bakı sürətlə irəliləməyi hədəfləmişdir. Bu qərar üçün Azərbaycan liderinin kifayət qədər ciddi əsasları vardır. Onu İlham Əliyev açıq və konkret söyləmişdir. Dövlət başçısı demişdir: "Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik".
Bütün bunlar onu ifadə edir ki, Bakı və Vaşinqton əməkdaşlığı strateji səviyyəyə yüksəltməkdə qətiyyətlidirlər. Bu, tərəflərə sülh, barışıq, əməkdaşlıq və təhlükəsizliyə vahid yanaşma formalaşdırmağa əsas verir. Ona rahatlıqla "Azərbaycan–ABŞ strateji tərəfdaşlığı" demək olar. Bununla Azərbaycan Qərbdəki strateji tərəfdaşlarının sayını 10-a çatdırmış olur. Artıq Aİ-nin 9 dövləti və ABŞ Azərbaycanla strateji tərəfdaşdırlar. Çox ciddi siyasi-diplomatik nəticədir! Onun Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanması baxımından da əhəmiyyəti böyükdür. Həmin sazişin detalları üzərində dayanaq.
Azərbaycan–Ermənistan: sülh və dövlətlərarası münasibətlərin təsisi
2025-ci ildə Vaşinqtonda Azərbaycanın hansı sülh sənədini parafladığını doğru-düzgün anlamaq üçün 2022-ci ilin əvvəlində rəsmi Bakının Ermənistana təqdim etdiyi və "5 əsas prinsip" adlanan müddəaları bir daha xatırlayaq. Bunlar sülh müqaviləsinin imzalanmasının təməlində durmalı olan təklif-şərtlərdir.
Deməli, hələ 5 il bundan əvvəl Azərbaycan iki dövlət arasında sülhün bərqərar olmasının əsasını BMT Nizamnaməsinin müddəlarına tam uyğun bir neçə punktda cəmləşdirmişdi. Onlar bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanınmasını, dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasını, dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə təhdid yaradılmamasını, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə edilməməsini, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını və nəqliyyat kommunikasiyalarının açılışını ehtiva edir. Bu müddəaların fonunda Vaşinqtonda paraflanan sülh sazişinin preambulasında ifadə edilən müddəaları nəzərdən keçirək. Orada deyilir:
"Tərəflər:
Bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq,
Bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi arzulayaraq,
BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq və orada əks olunmuş norma və prinsiplər əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək,
Öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı iradəni ifadə edərək,
...öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər".
Bu müddəalardan aydın görünür ki, Azərbaycan və Ermənistan dövlətlərarası münasibətlərin təsis edilməsinə başlayırlar ki, nəticədə, regionda ədalətli, hərtərəfli və davamlı sülhü bərqərar etmək mümkün olacaqdır. Bu yekun məqsəd tam olaraq Azərbaycanın təklif etdiyi baza prinsiplərinin yekun təsirinə uyğundur. Hətta Azərbaycanın təklifində bu prosesin ayrıca punktlar üzrə aparılmasının hüquqi, siyasi və geosiyasi detalları da açıqlanmışdır.
Belə çıxır ki, Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən paraflanan sazişin təməl yanaşma prinsipləri Azərbaycanın təkliflərinə əsasən hazırlanmışdır. Həmin sazişin konkret maddələrinə nəzər salaq. 1-ci maddədə göstərilir ki, "tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər"; 2-ci maddədə vurğulanır: tərəflər "...bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər; Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər"; 3-cü maddədə deyilir: "Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər". Üstəlik, "Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tətbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər". 4-cü maddədə isə qeyd edilir: "Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər".
Vaşinqton sazişinin baza maddələri reallıqda Azərbaycanın əvvəllər təklif etdiyi əsas prinsiplərlə məzmun və məqsədcə üst-üstə düşür. Bu o deməkdir ki, paraflanan sülh sazişi tamamilə Azərbaycanın milli maraqlarına cavab verir.
İki mühüm faktor
Bunun iki başlıca səbəbinin olduğunu düşünürük.
Əvvəla, Azərbaycanın xarici siyasəti tamamilə beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bunu artıq dünyanın bütün dövlətləri qəbul etmişdir.
İkincisi, Azərbaycan Prezidenti yürütdüyü siyasi kursa görə qlobal miqyasda ədalətli, sülhsevər, əməkdaşlıq qurucusu, yeni təhlükəsizlik arxitekturasının formalaşmasında fəal iştirak edən, yaradıcı və təşəbbüskar lider kimi qəbul edilir!
Bu mənada Prezident İlham Əliyev müasir dövrün çağırışları səviyyəsində dövlət identikliyi ilə liderlik identikliyinin vəhdətinə nail olmuş nadir dövlət başçılarındandır. Vaşinqtonda paraflanmış sənədin perspektivinə məhz bu iki faktorun işığında baxmaq gərəkdir. Təbii ki, kimsə ABŞ Prezidenti D.Trampın təşəbbüskarlığını, ədalətliliyini və fəallığını arxa plana atmaq niyyətində deyildir. Ancaq bütün dünya üçün yeni olanı məhz müstəqil Azərbaycanın cəmi 5 il müddətində BMT kimi təşkilat da daxil olmaqla nüfuzlu dairələrin həll edə bilmədiyi münaqişəni siyasi-hərbi yolla həll etməsindən sonra sülh uğrunda da eyni qətiyyət və müdrikliklə mübarizə aparmaq potensialına malik olmasıdır.
Bizim üçün qürur mənbəyi, dünya üçün heyrət ünvanı olan bu gerçəklik başqa nəticələrlə yanaşı, həm də Vaşinqton razılaşmasını yaratdı. Prezident İlham Əliyev bu möhtəşəm prosesin ümumi xarakteristikasını çox yaxşı vermişdir. Dövlət başçısı Vaşinqtonda jurnalistlərə demişdir: "Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapmışdır. Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq".
Beləliklə, Vaşinqton Zirvəsi mühüm bir mərhələnin açılmasının rəmzidir! Bu elə bir mərhələdir ki, oradan sülh sazişinin konturları aydın görünür! Həmin sülh sazişinıə aparan bütün yollar da Bakıda kəsişir!
Kamal ADIGÖZƏLOV