Son günlər sosial şəbəkələrdə uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətdə haqlı narahatlıq yaradan bəzi videoların paylaşılması geniş ictimai rezonans doğurub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, xüsusilə azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirmələri həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir.
Qeyd olunub ki, bu halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır.
Məlumatda bildirilib ki, uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk yaradır.
Komitə valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə müraciət edərək uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşmağı, onların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət etməyi, etik, mənəvi və hüquqi dəyərlərə zidd hallarla qarşılaşdıqda müvafiq qurumlara məlumat verməyi tövsiyə edib. Həmçinin uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarının öyrədilməsinin, şəxsi sərhədlərə hörmətin aşılanmasının vacibliyi vurğulanıb.