“Murov aslanı”

post-img

Şair Ədalət Salmanın “Murovun aslanı” poeması Vətən Müharibəsi Qəhrəmanı, igidliyi ilə “Canavar” adını qazanmış şəhid kapitan Rəşad Abdullayevin əziz xatirəsinə həsr olunub. Həmin poema kitab halında nəşr edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov əsərə “Ön söz” yazıb. Onun bəzi qeydlərini oxuculara təqdim edirik:

Prezident təqaüdçüsü, AYB və AJB-nin üzvü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı, kapitan Rəşad Abdullayevin əziz xatirəsinə həsr etdiyi “Murovun aslanı” poeması müasir Azərbaycan ədəbiyyatında yeni hadisə, müsbət və maraqlı tendensiyadır. Poema 44 günlük Vətən müharibəsindən, bu müharibədə iştirak edən qəhrəman zabitdən bəhs etsə də, əsərdə cəsur kapitanın simasında bütün Azərbaycan Ordusunun qəhrəmanlığına şahid olur, onların Vətən uğrunda necə böyük məhəbbət, necə sonsuz cəsarətlə döyüşdüyünü müşahidə edirik.

Əks-hücum əmri verdi
Ali Baş Komandanım.
Şığıdı düşmən üstə
Neçə min qəhrəmanım…

Ədalət Salmanın “Murovun aslanı” poemasını oxucu üçün əhəmiyyətli edən digər bir amil isə müəllifin atalar və oğullar, babalar və nəvələr arasındakı mənəvi birlik faktına toxunması, gənc nəslin əcdadlarının qəhrəmanlıq ənənəsini uğurla davam etdirməsinə diqqət çəkməsidir. Hansı ki, poemanın əvvəlində bu nüans konkret misralarla dəqiq və poetik bir dildə təsvir edilir. Müəllif kapitan Rəşad Abdullayevin babasının da vaxtilə faşizmə qarşı döyüşdüyünü xatırladır, nəvəsinin babasının qəhrəmanlığından, onunla bağlı ailə üzvlərinin danışdığı xatirələrdən necə təsirləndiyini təsirli bir dillə oxuculara çatdırır:

Görüb qoçaqlığını
Baban şəstlə deyərdi:
– O, general olacaq!
Rəşad kimi oğullar
Yad əldə əsir qalan
Qarabağı alacaq!

“Murovun aslanı” poeması kapitan Rəşad Abdullayevin şəhid olması və 44 günlük Vətən müharibəsinin məntiqi sonluğuna uyğun olaraq Azərbaycan Ordusunun düşmən üzərindəki tarixi qələbəsi ilə başa çatır. Müəllif əsərdə Rəşad Abdullayevin doğma Vətənin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmasını ağrı ilə dilə gətirsə də, bütövlükdə, poema bədbin əhval-ruhiyyə ilə yekunlaşmır. Əksinə, poemanın sonunda da xalqımızın və dövlətimizin gələcəyinə olan böyük inam öz əksini tapır. Müəllif Azərbaycanın tarixi-strateji şəhəri olan Şuşanın erməni faşizmindən azad edilməsini xüsusi olaraq vurğulayır və Şuşada zəfər marşının çalınmasını böyük qələbənin tarixi akkordları kimi təqdim edir:

Rahat uyu, şəhidim,
Qisasınız alındı.
Gözün aydın, Şuşada
Zəfər marşı çalındı.

Qeyd: Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. Göytəpə şəhər 1 saylı məktəbdə və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumuş, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi “Motoatıcı” ixtisası üzrə bitirmişdir. 2012-ci ildə XTQ kursunu bitirdikdən sonra isə N saylı hərbi hissədə xüsusi təyinatlı qrupun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Məlum Aprel döyüşlərində fəal iştirak etmişdir. Vətən müharibəsində isə Ağdərədə, Kəlbəcərdə düşməni lərzəyə gətirən neçə-neçə əməliyyatda iştirak etmişdir.

Qəhrəman şəhidin ən böyük arzusu Qarabağı alarkən şəhidlik zirvəsinə yüksəlmək idi. Sentyabrın 28-də Murov istiqamətində aparılan əməliyyatda misilsiz şücaət göstərmiş, ağır yaralanmış, ertəsi gün haqqa qovuşaraq arzusuna çatmışdır. “Murovun aslanı” poemasında bütün bunlar barədə duyğulu bir dillə söhbət açılır.

 

Sosial həyat