Artıq 8 şəhərin baş planı hazırdır
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin, qəsəbələrin ərazi planlaşdırma sənədləri hazırlanır, inkişaf konsepsiyaları müəyyən olunur. Layihə sənədləri beynəlxalq standartlar nəzərə alınmaqla, xarici və yerli şirkətlərin, peşəkar mütəxəssislərin iştirakı ilə işlənilir.
Planlarda ərazilərin tarix-memarlıq strukturu, eləcə də coğrafi mövqeyi, iqlimi, iqtisadi – turizm potensialı əsas götürülməklə müasir innovativ yanaşmalar tətbiq edilir. İşğal nəticəsində məhv edilmiş tarix-memarlıq abidələrinin bərpası önəmli amil kimi nəzərdə tutulur.
Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, ümumilikdə, 12 şəhərin baş planının işlənməsi nəzərdə tutulub. Artıq Ağdam, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Şuşa, Laçın daxil olmaqla 8 şəhər üzrə layihələndirmə işləri müasir şəhərsalma və ekoloji yanaşmalar tətbiq edilməklə başa çatdırılıb. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin baş plan layihələri üzərində işlər davam etdirilir. Həmçinin 90 kənd və qəsəbənin planlaşdırılması tamamlanıb və 10-u şəhər olmaqla 40-a yaxın yaşayış məntəqəsində yenidənqurma işləri aparılır.
Həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək məqsədilə müasir standartlara uyğun infrastruktur yaradılır, “ağıllı” həllərin, “yaşıl” enerji və mobil nəqliyyat yanaşmalarının tətbiqi, yeni turizm və iqtisadi sahələrin, park-şəhərlərin yaradılması nəzərdə tutulur. Artıq ilkin mərhələdə 30 mindən çox əhali doğma yurdlarına qayıdaraq, rahat həyatına davam edir.