Qazaxıstanla aqrar əməkdaşlıq genişləndirilir

post-img

Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) birgə hesabatında qeyd edilir ki, Qazaxıstanla Azərbaycan arasında aqrar sektor əməkdaşlığı genişlənir və bu, ikitərəfli ticarətin artımında əsas hərəkətverici qüvvəyə çevrilir.

Bildirilir ki, Qazaxıstan dünyanın ən iri taxıl istehsalçılarından biri olaraq 2024-cü ildə, təxminən, 8,1 milyon ton taxıl ixrac edərək məhsulun mühüm hissəsini (illik həcmi, təxminən, 1,5 milyon ton) Bakı Taxıl Terminalı vasitəsilə respublikamıza göndərib. Əvəzində Azərbaycan Qazaxıstana meyvə və tərəvəz ixrac edib.

Hesabatda vurğulanır ki, aqrar sektorda, o cümlədən, məhsulların emalı sahəsində ticarət və investisiya layihələrinin icrası əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir. Bundan əlavə, Orta Dəhlizin imkanlarından istifadə etməklə məhsulların saxlanması və daşınması sahəsində qarşılıqlı investisiya yatırımı ilə iki ölkə arasında ərzaq ticarəti əhəmiyyətli dərəcədə optimallaşır, onun dayanıqlığını və səmərəliyi yüksəlir. Aqrar əməkdaşlığın dərinləşdirilməsi isə Qazaxıstan və Azərbaycanın strateji maraqlarına cavab verir, regional ərzaq təhlükəsizliyini və iqtisadi inteqrasiyanı gücləndirir.

Qeyd edək ki, regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat –kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi (Tramp yolu) Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Bununla bərabər, hər iki dövlətin beynəlxalq nəqliyyat – kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən “Rəqəmsal İpək yolu” layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülən işlər də təqdirəlayiqdir.

Bununla bağlı vurğulamaq yerinə düşər ki, 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan – Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr də xüsusi yer tutur. Ölkəmizdə dost ölkə arasında investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Ötən il Qazaxıstandan respublikamıza 102 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205 milyon dollar investisiya qoyulması, ölkələrimiz arasında ticarət dövriyyəsinin 599 milyon dollar təşkil etməsi də bunun bariz ifadəsidir.

Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Bura Qazaxıstan mənşəli xam neftin Bakı – Tbilisi – Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Azərbaycanda emalı, həmin məhsulun dünya bazarına təchizatı daxildir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı – Tbilisi – Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi isə 2024-cü il martın 21-də həyata keçirilib.

 

 

İqtisadiyyat