Ömür var, min ömrə dəyər. Sadəcə yaşanmaz – yazılar, danışılar, anılarla yaddaşlara hopar. Şəhid Fərhad Məlikzadənin həyatı da məhz belə ömürlərdəndir – Vətən sevgisi ilə döyünən bir qəlbin tarixə yazılmış fədakarlıq hekayəsidir.
Fərhad Nadir oğlu Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Şıx Salahlı kəndində dünyaya göz açdı. Şəxsiyyəti ailə dəyərləri ilə formalaşdı, torpaq sevgisinə bağlandı və bunlar ona Vətən ruhu aşıladı. Sakit təbiətli, zəhmətsevər və idmana maraqlı bir gənc kimi tanındı. Cüdo, güləş və qaydasız döyüş idman növlərindəki uğurları onun həm fiziki, həm də mənəvi cəhətdən mübarizə əzmini formalaşdırdı.
Müddətli həqiqi hərbi xidmət zamanı göstərdiyi nümunə, məsuliyyət hissi və hərbi bacarıqları ilə seçilən Fərhad 2018-ci ildə müddətdən artıq hərbi xidmətçi olmaq üçün ordu sıralarına qayıtdı. Qısa zamanda kəşfiyyat təlimlərini müvəffəqiyyətlə başa vurdu və ön cəbhələrdə fəaliyyət göstərməyə başladı.
Onun hərbi həyatı səssiz, ancaq dərin izlər buraxan qəhrəmanlıqlarla dolu idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə başlayanda Fərhad Məlikzadə vətənpərvərlik amalına sadiq bir döyüşçü kimi cəbhəyə yollandı. İlk gündən ən qızğın döyüşlərin mərkəzində yer aldı: Füzuli, Cəbrayıl rayonlarının azadlığı uğrunda canı bahasına vuruşdu. Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin hücumunu dəf edərkən ağır yaralandı, hospitala yerləşdirildi. Qısa müalicədən sonra yenidən döyüş meydanına dönməkdə israr etdi: “Mən orda olmalıyam!” – deyərək geri döndü.
Fərhadın ömür və döyüş yolu Şuşada başa çatdı. 2020-ci il 5 noyabr tarixində Şuşanın azadlığına cəmi 3 gün qalmış verilən mühüm döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Düşmən gülləsinə sinəsini sipər edən, torpaq uğrunda son damla qanına qədər döyüşən bir igid kimi tarixə düşdü. 12 noyabrda doğma Şıx Salahlı kəndində torpağa tapşırılmaqla həm də millətin yaddaşında özünə əbədi məkan tapdı.
Şəhid Fərhad Məlikzadənin göstərdiyi şücaət, rəşadət və vətənpərvərlik Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Bu mükafatlar Fərhadın sadəcə silahla deyil, ürəyi ilə – Vətənə sevgisi, düşmənə nifrəti ilə döyüşdüyünü təsdiqləyən dövlət möhürüdür.
Fərhad Məlikzadə bir ailənin oğlu kimi doğuldu, amma bir xalqın övladı kimi şəhid oldu. Onun həyat yolu – sadə bir kənd uşağının qəhrəmanlığa yüksəlməsi – bütün Azərbaycan gənclərinə örnəkdir. O, ailəsinə, Vətəninə və dövlətinə olan müqəddəs borcunu canı bahasına ödədi. Bu gün azad nəfəs alan Füzuli, Cəbrayıl, Şuşanın başı üstündə Fərhad kimi oğulların ölməz ruhu dolaşır. Şəhidlər ölmürlər. Onlar Vətənin hər daşı, hər ağacı, hər nəfəsində yaşayırlar. Onun və digər şəhidlərimizin örnək ömrü bizə təkcə qürur yox, həm də məsuliyyət verir – bu azadlığı yaşatmaq, əbədi etmək məsuliyyəti!
Bəhruz MƏMMƏDZADƏ,
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü