Yoncalıqlar da aqrar sığortaya cəlb edilib

post-img

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan heyvandarlığın inkişafı üçün müasir yem bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan heyvandarlıqda əvəzsiz yem bitkisi sayılan yoncanın əkini və onun ayrı-ayrı sortlarının rayonlaşdırılmasına diqqət getdikcə artırılır. Bunun nəticəsidir ki, yonca ölkəmizdə ən kütləvi şəkildə əkilən yem bitkisinə çevrilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda 87 min nəfərə yaxın fermer 145 min hektar ərazidə yonca əkir. Statistik məlumatlara əsasən, yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yem bitkisinin ən çox əkildiyi rayonlar isə Ağcabədi (14,2 min hektar), Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax (8,7 min hektar) və İmişlidir (8,6 min hektar).

Böyük tələbatın olması və ildə bir neçə dəfə məhsul verməsi yoncanı iqtisadi cəhətdən əlverişli və fermerlər üçün qazanclı bitkiyə çevirib. Bununla yanaşı, yonca təbiət hadisələri, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri kimi hallara qarşı həssas bitki sayılır. Məhz bu səbəbdən Azərbaycanda dövlət dəstəyi ilə sığortalanan mühüm növ bitkilərin sırasına yonca da daxil edilib. Qeyd edək ki, Aqrar Sığorta Fondu yonca bitkisini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığortalayır.

Artıq ölkədə mövcud yonca sahələrinin sığortalanması prosesinə start verilib. Aqrar Sığorta Fondundan bildiriblər ki, yonca sahəsinin sığortası nə vaxt biçilməsindən asııl olmayaraq, il ərzində əkin sahəsindən toplanan bütün məhsulu əhatə edir. Belə ki, fermer məhsulu bəyan edərkən sahədən gözlənilən məhsulun çəkisini və gözlənilən satış qiymətini qeyd edir. Bununla da əkin sahəsindən fermerin gözlədiyi gəlir məbləği formalaşır. Bu məbləğ və əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tarifi nəzərə alınaraq sığorta haqqı hesablanır.

Qaydalara görə, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Məsələn, Mil-Muğan regionunda 1 hektar yonca sahəsindən 200 sentner məhsul, 1 sentnerin qiyməti 20 manat proqnozlaşdırılır. Bu halda, 1 hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri 4 min manat təşkil edir. Region üzrə sığorta tarifinin 1,52 faiz olduğunu nəzərə aldıqda bu yonca sahəsinin sığortalanması üçün ümumi sığorta haqqı 60,8 manat təşkil edir. Həmin məbləğin 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə fermer cəmi 30,4 manat ödəniş etməklə 1 hektar yonca sahəsini sığortalaya bilər.

 

İqtisadiyyat