Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində respublikamızın Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynadığını bildirib. O, eyni zamanda, adları çəkilən hər iki region ilə Avropa arasında tərəfdaşlıq perspektivlərinin mövcudluğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıq proseslərinin geniş vüsət aldığını, regionlararası qarşılıqlı əlaqənin gücləndirilməsinin, respublikamızın potensialından və imkanlarından daha dolğun istifadə edilməsinin zəruriliyini xatırladıb.
Ş.Mirziyoyev müraciətində daha sonra son illər Özbəkistan – Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və dəstəyə əsaslandığını qeyd edib. Bununla bağlı artıq iki ölkə arasında imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilə əsasında qurulan Ali Dövlətlərarası Şuranın sözügedən əməkdaşlığa böyük töhfə verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri hər iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərib, eyni zamanda, ikitərəfli iqtisadi əlaqələrin inkişafı, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. İkitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti isə ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verib. Bu, rəsmi statistikada da öz aydın ifadəsini tapıb. Məsələn, uzunmüddətli Azad Ticarət Sazişi və MDB çərçivəsində çoxtərəfli azad ticarət rejimindəki fəal iştirak nəticəsində bu iki ölkə arasında ticarət dövriyyəsi keçən il 252 milyon ABŞ dollarını ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Azərbaycan bu dövrdə adı çəkilən dost ölkəyə 212 milyon dollar dəyərində məhsul ixrac edib, Özbəkistan isə 40,3 milyon dollar dəyərində idxal həyata keçirib.
Ümumiyyətlə, son 5 ildə Özbəkistanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildəki 32 milyon dollardan 2023-cü ildə 147 milyon dollara (illik orta hesabla 35,6 faiz artım) yüksəlib. Eyni dövrdə Azərbaycanın Özbəkistana ixracı 9,7 milyon dollardan 100 milyon dollara (illik orta hesabla 60 faiz artım) çatıb.
İqtisadi əməkdaşlığın dərinləşməsi təkcə ticarət artımı ilə məhdudlaşmır – bu prosesə Azərbaycan – Özbəkistan İnvestisiya Fondu kimi birgə investisiya mexanizmləri, avtomobil istehsalı, enerji və aqrosənaye klasterləri üzrə birgə layihələr də əlavə olunur. Bu istiqamətlər üzrə inkişaf iki ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiyanın möhkəmləndiyini göstərir.
Ticarət dövriyyəsi ilə bağlı isə qarşıya 1 milyard dollarlıq hədəf qoyulub. Bu məqsədlə imzalanan 2024 – 2025-ci illəri əhatə edən Praktiki Fəaliyyət Planı qarşılıqlı iqtisadi fəaliyyətin konkret sahələr üzrə genişləndirilməsinə yönəlib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın səmərəli fəaliyyəti və strateji tərəfdaşlıq üzrə yol xəritələri çərçivəsində layihələrin uğurlu icrası nəticəsində isə münasibətlərin siyasi-hüquqi əsası möhkəmlənib.
Azərbaycan – Özbəkistan arasında əlaqələrin möhkəmlənməsində nəqliyyat və tranzit-logistika sahəsi ilə bağlı birgə layihələrin icrası da önəmli rol oynayır. Dost ölkənin Orta Asiyada mühüm coğrafi mövqeyi, Azərbaycanın isə Xəzər dənizi vasitəsilə Qafqaz və Avropaya çıxış imkanları bu iki dövləti təbii tərəfdaş edir. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə bu dəhlizin inkişafında maraqlıdır və birgə layihələr vasitəsilə regionun beynəlxalq nəqliyyat xəritəsində rolunu artırmağa çalışır. Azərbaycan liman və dəmir yolu infrastrukturuna böyük sərmayələr yatırır, Özbəkistan isə bu imkanlardan istifadə etməklə öz ixrac və idxal marşrutlarını daha da şaxələndirir.
Qeyd edək ki, dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil adıçəkilən dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Yaxud Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrində respublikamızın rolu getdikcə artır.
Azərbaycan Qərblə Şərq yolunun üzərində yerləşdiyindən dünyanın ən böyük iqtisadiyyata malik olan tərəfləri – Çinlə Avropa arasında əlaqənin qurulması kimi vacib layihədə başlıca rollardan birini oynayır. Respublikamız bu istiqamətdə qlobal və regional miqyasda mövcud vəziyyətlə (Qırmızı və Qara dənizlərdə, Süveyş kanalında mövcud böhranlı şərait) əlaqədar Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır.
Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Xatırladaq ki, bu dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə, həmçinin Avropa ölkələrinə qədər uzanır.
Energetika sektoru da Azərbaycan – Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biridir. Respublikamızın zəngin neft – qaz resursları və enerji ixracı sahəsində təcrübəsi ilə Özbəkistanın daxili enerji ehtiyacları və istehsal potensialı arasında qarşılıqlı tamamlayıcılıq mövcuddur. Eyni zamanda, bərpa olunan enerji sahəsində də əməkdaşlıq perspektivləri genişdir. Özbəkistan günəş və külək enerjisi potensialına malikdir, ölkəmiz isə bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq təcrübəsini bölüşür. Bu sahədə ortaq layihələrin reallaşdırılması regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bütün bu sahələrdə əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında münasibətlərin sadəcə dostluq çərçivəsində deyil, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Dövlət başçılarının siyasi iradəsi, iqtisadi əlaqələrin genişlənməsi, birgə infrastruktur və energetika layihələri gələcək üçün möhkəm təməl yaradır, regionda sabitliyin və inkişafın möhkəmlənməsinə xidmət edir. İkitərəfli əlaqələrin uğurları təkcə iki ölkənin deyil, bütün Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının iqtisadi inteqrasiyası baxımından mühüm rol oynayır.
Hər iki ölkə arasında münasibətlərin genişlənməsinə müsbət təsir göstərən bir məsələyə də diqqət yetirək. Belə ki, Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləib, beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə müdafiə edib. Vətən müharibəsindən sonrakı dönəmdə isə qardaş ölkə işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işlərində fəallıq göstərib. Füzuli rayonunda bu ölkənin vəsaiti hesabına məktəb tikilib.