İstəyirəm yarım əsrlik futbol təcrübəmi gənclərə ötürüm. Bu fikir Əməkdar bədən tərbiyəsi və idman xadimi, ümumittifaq dərəcəli hakim, AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimova məxsusdur. O, Azərbaycanın ən yaxşı futbol hakimindən biridir və üç dəfə - 1987-ci, 1990-cı və 1991-ci illərdə adı SSRİ-nin “10 ən yaxşı” hakimi siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, 1948-ci il martın 6-da Bakı şəhərində anadan olan R.Rəhimov bu gün 75 illik yubileyini qeyd edir. Yubliyarın idmana gəlməyinə əsas səbəbkar o dövrdə Azərbaycanın ən məşhur futbolçusu Ələkbər Məmmədov olub. 1960-cı ildə “Neftçi” klubunda məşqə başlayan R.Rəhimov sonra bir il Mahaçqalanın “Dinamo” (indiki “Anji”) komandasının və azərbaycanlı məşqçi Əhməd Ələsgərovun dəvəti ilə iki il Tacikistanın “Pamir-Düşənbə” klubunun formasını geyinib. Doğma Vətəndən uzaq qala bilmədiyi üçün Bakıya qayıdan R.Rəhimov Gəncənin “Dinamo” komandasının şərəfini qoruyub və burada da futbolçu karyerasını bitirib. Hakimlik fəaliyyətinə məşhur hakim Eldar Əzimzadənin təkidi ilə başlayan R.Rəhimov 1977-1978-ci illərdə ikinci dəstənin oyunlarını idarə edib.
Peşəkar futbol ilə məşğul olan insan üçün hakimlik etməyin bir o qədər də çətin olmadığını söyləyən R.Rəhimov deyib: “Mənim SSRİ çempionatında ilk hakimlik etdiyim beynəlxalq oyun Vilnüsdə yerli “Jalgiris” və “Metalist” (Xarkov) arasında olub. Həmin matçda “Jalgiris” rəqibini 3:2 hesabı ilə məğlub etdi. Oyunun hakim-inspektoru məşhur məşqçi, SSRİ-nin Əməkdar idman ustası və Əməkdar məşqçi Mixayil Yakuşin idi. O, oyunumdan razı qaldı və hakimlik bacarığımı yüksək qiymətləndirdi. Sovet dövründə hakimlər əsasən Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr və Azərbaycanda yetişirdi”.
Rüstəm Rəhimov... Bu ad və soyad dünya şöhrətli hakimlərimiz – Tofiq Bəhramov, Eldar Əzimzadə ilə yanaşı çəkilir. Doğrudur, sovet dönəmində bir çox beynəlxalq səviyyəli oyunları idarə etmiş R.Rəhimov beynəlxalq dərəcə ala bilməyib. Lakin, o, bu statusun normalarını yerinə yetirib. Elə bu səbəbdən o, beynəlxalq dərəcəli hakim kimi də təqdim olunur.
Belarus Futbol Federasiyasının sabiq baş katibi, FIFA referisi Vadim Juk R.Rəhimovun insani keyfiyyətlərini yüksək qiymətləndirərək deyib: “Onu 80-ci illərdən tanıyıram. O, tarixə hörmətlə yanaşan bir şəxsiyyətdir və dəqiq insan olmaqla yanaşı, sözünə, vədinə bütov insandır. Həmkarlarımız ondan söz düşəndə onu əsl kişi kimi xarakterizə edirlər”.
SSRİ birinciliyi və kubok oyunlarında 120-dən çox oyuna təyinat alan R.Rəhimov gümüş və qızıl medallara layiq görülüb. Belə ki, həmin vaxt SSRİ-də hakimə 80 oyuna görə gümüş, 100 oyuna görə isə qızıl medal təqdim olunurdu. 1994-cü ildə "Birlik kuboku”nun final oyununu idarə edən R.Rəhimovun bu, karyerasında sonuncu matç idi. O, daha sonra yalnız veteranların oyununu idarə edib. O, sonuncu dəfə 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanın və Avropanın veteranlardan ibarət komandalarının görüşündə ədaləti qoruyub.
Bəzən hakimlərin verdiyi qərarlar çox vaxt müzakirə mövzusuna çevrilir. R.Rəhimovun yüksək liqada penalti epizodlarında verdiyi qərarlarda səhvi olmayıb. İdarə etdiyi oyunlar zamanı üç dəfə SSRİ çempionunun taleyi həll olunub. Yubilyar bu haqda danışarkən deyib: “1987-ci ildə SSKA - "Ararat” oyununa təyinat aldım. Hesab 0:0 olarkən, kobud oyuna görə "Ararat”ın qapısına penalti zərbəsi təyin etdim. SSKA-nın futbolçusu onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırdı. Oyundan sonra "Ararat” komandasının üzvləri hay-küy saldılar, komissiya yaratdılar. Dedilər ki, bilərəkdən onların qapısına penalti təyin etmişəm. Həmin vaxt "Futbol icmalı” verilişi olurdu. Verilişdə verdiyim qərar barədə təhlil aparıldı və qərarımın düzgünlüyü isbat olundu”.
Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa edən ölkəmizdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaradılıb. Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri, R.Rəhimov onun tələbəsi kimi komitə sədrinin müavini seçilib.
Rusiyanın Hakimlər Komitəsinin sabiq sədri Nikolay Levnikov R.Rəhimovdan danışarkən deyib: “Azərbaycanda Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra kifayət qədər tanınmış bir hakim var. O, Rüstəm Rəhimovdur. Fəxr edirəm ki, bir zamanlar onun idarə etdiyi oyunlarda yan xətt hakimi kimi çıxış etmişəm. O, hakim kimi işində çox ciddi idi. Deyərdim ki, Tofiq Bəhramova oxşar cəhətləri də var. Bu gün də mənim Rüstəmlə sıx əlaqələrim var. Bakıdan söhbət düşəndə, ilk olaraq gözlərim önündə o canlanır. Hərdən Bakıya yolum düşəndə ilk döydüyüm onun qapısı olur”.
Hazırda Azərbaycanda hakimlər üçün çox gözəl şərait yaradılıb. Ölkəmizdə UEFA-nın təşkilatçılığı ilə seminarlar, A, B, C və “Pro” kateqoriyalı məşqçi kursları keçirilir. Bu, AFFA-nın düzgün yolda olduğunu və Azərbaycan futbolunun inkişafından xəbər verir. Ölkəmiz irimiqyaslı futbol turnirlərinə yüksək səviyyədə ev sahibliyi edir. 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının, 2019-cu ildə UEFA Avropa Liqasının final matçının, 2021-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda keçirilməsi tarixi hadisələrdir.
Gənc hakimlərə obyektivliyi və öz peşəsinə sədaqətli olmağı tövsiyə edən R.Rəhimov Əliyar Ağayevin UEFA Çempionlar Liqasının oyununa təyinat almasını Azərbaycan futbol hakimliyinin uğuru kimi dəyərləndirib.
Mərhum futbolçu, “Şöhrət” ordenli Ələkbər Məmmədov R.Rəhimov barədə danışarkən deyib: “Rüstəm Rəhimov bir futbolçu kimi tanınmaq üçün çox çalışdı. Amma onun özündən asılı olmayan səbəblərdən o, bu arzusuna çata bilmədi. O, mənim arzuladığım futbolçu kimi yetməşdi. Lakin o, hakim kimi sözünü deməyi bacardı. Adını tanınmış hakimlərimizin sırasına yazdıra bildi. Bu bəlkə də onun alın yazısı idi”.
Rüstəm Rəhimovu 75 illik yubileyi münasibətilə təbrik edir, ölkə futbolunun inkişafındakı xidmətlərində uğurlar arzu edirik.