Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Ermənistanın göndərdiyi silah-sursat və hərbi ləvazimatların daşınması birmənalı olaraq Rusiya sülhməramlılarının nəzarəti altında baş verib. Bunlar barədə məlumatlar daha əvvəllər də mediada geniş müzakirələrə səbəb olub. Lakin nə Ermənistan, nə də sülhməramlı kontingentin komandanlığı Azərbaycan ictimaiyyətində mövcud olan narahatlıqları ciddiyə almamışlar. Nəticədə isə martın 5-də səhər saatlarında Azərbaycan Ordusunun şəxsi heyətinə qarşı erməni silahlıları tərəfindən atəş açılıb və hərbçilərimiz şəhid olublar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
Onun sözlərinə görə, gedən proseslər onu göstərir ki, rusiyalı kontingent birgə bəyanatın şərtlərini tam yerinə yetirə bilmir. Ermənistan isə sülh barədə verdiyi bəyanatların tamamilə əksini həyata keçirməkdə israrlıdır. Belə olan halda, ilk növbədə, Azərbaycan tərəfi Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizatın, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınmasının qarşısını mütləq almalıdır. Bundan ötrü də Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycanla Ermənistan sərhədində mütləq nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır.
Hərbi ekspert qeyd edib ki, Ermənistan baş verən hadisələri fərqli kontekstdə təqdim etməyə çalışaraq həlak olan silahlıları “separatçı qurumun” polis nəfərləri kimi təqdim etməyə çalışır. O zaman sual yaranır ki, birgə Bəyanatın şərtlərində Qarabağdan bütün erməni silahlılarının çıxarılması nəzərdə tutulurdu. Bəs bu təxribatı törədən ermənilərdə silah haradan idi? Ruslar həmin erməni quldurlarını hələ 30 ay bundan əvvəl ərazidən uzaqlaşdırmalı idi. Lakin bunu etmədiklərinə görə, Qarabağda növbəti dəfə Azərbaycan hərbçiləri öz ərazilərindən açılan atəşlə şəhid olublar.
Ə.Verdiyev bildirib ki, nəticə etibarilə martın 5-də Ermənistandan Azərbaycan ərazilərinə hərbi daşımaların həyata keçirilməsi bir daha onu göstərir ki, rəsmi İrəvan Azərbaycana qarşı təcavüzkar fəaliyyətini davam etdirir. Sonuncu baş vermiş insident birmənalı olaraq, bu ölkənin Azərbaycana qarşı törətdiyi terror siyasətinin tərkib hissəsidir. Odur ki, Azərbaycan Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsini mütləq inşa etməlidir. Bu fakt onun yaradılmasının zəruriliyini göstərir. Belə fəaliyyət birgə bəyanatla qadağan edilməyib. Qadağan edilməyən hər addım icazə verilmiş hesab olunur. Digər tərəfdən isə erməni silahlarının Qarabağ ərazisindən təmizlənməsi üçün qəti, təsirli və kifayət qədər adekvat addımların atılmasının vaxtının gəlib çatdığını nümayiş etdirir.
“Əgər Rusiya sülhməramlı kontinenti üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmirsə, onların bundan sonra Azərbaycan ərazisində qalıb-qalmaması məsələsi də müzakirə olunmalıdır”, - deyə Ə.Verdiyev vurğulayıb.