Zəlzələnin 13-cü günü: zəruri işlər davam edir

post-img

Türkiyədə zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir. Dəhşətli fəlakətin 13-cü günü dağıdıcı təsirə məruz qalan Hatayda 296 saat sonra biri uşaq olmaqla, 3 nəfər dağıntılar altından sağ çıxarılıb. Xilas olunan şəxslər dərhal xəstəxanaya çatdırılıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz da­vam etdirirlər. Nazirliyin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, FHN-in xilasedicilərinin bir qru­pu zəlzələnin ciddi zərər vurdu­ğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, Azərbaycandan qardaş ölkəyə 867 nəfərlik xilasedici və tibbi personal, 2 ədəd mobil hos­pital göndərilib. Hospitallarda ötən günlər ərzində 167-si uşaq olmaq­la 930 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fəaliyyətini fasiləsiz davam etdirir.

Azərbaycan könüllüləri isə Kahra­manmaraş və Hataydan sonra Adıya­mana da gedərək fəaliyyət zonasını genişləndirib, bu ərazilərdə yerli əhali, habelə həssas vəziyyətdəki uşaq­lara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər. Ötən gün ərzində azərbaycanlı gənclər Kahramanma­raşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylan­masını həyata keçirib, enerji yükləmə mərkəzində zərərçəkənlərə xidmət göstəriblər.

Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü Emrullah Gür və Niğde millət vəkili Yavuz Ergün könüllülərimizin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə ediblər.

Könüllülərimiz Adıyamanda da yük maşınlarının boşaldılmasında iştirak edib, qida, paltar, digər yardımın pay­lanmasını həyata keçiriblər. Şəhərdə salınmış düşərgədə onlar “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərəcək iki çadır qurub, bir çadır isə sırf qa­dınlara psixoloji və digər xidmətləri göstərmək üçün hazırlanıb.

“Xalq qəzeti”



Hadisə