“Türkiyə 100 ilin ən böyük fəlakətinə qalib gələcək!”

post-img

“Türkiyənin altıda biri – 11 vilayət və 14 milyona yaxın insan 2 həftədir ki, zəlzələnin faciəsini yaşayır. Bu zəlzələ ölkəmizdə son 100 ilin ən böyük fəlakəti sayılır”. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın “Xalq qəzeti” üçün bu açıqlamasının davamında bildirdi: 

–Baş vermiş güclü və irimiqyaslı zəlzələnin həm səthə yaxınlığı, həm təsir etdiyi coğrafiyanın böyüklüyü, həm ard-arda 7,7, 7,6 ballıq təkanlar yaratması çox dağıntılara yol açıb. Birinci zəlzələnin gecə saatlarında insanların yuxuda olduğu vaxtda baş verməsi, ikincinin isə zədələnən evlərin dağılmasına səbəb olması ölüm sayına çox təsir edib. Zəlzələ şəhidlərimizin sayı 40 minə yaxınla­şıb. Demək olar ki, daş üstündə daş qalmayıb. Zəlzələ ərazisindəki in­sanlarımız böyük bir fəlakətə məruz qalıb. Kədərimiz, üzüntümüz böyük­dür. “Allahdan gəldi”– deyirik, digər tərəfdən, yaralarımızı sarıyıb-sağalt­maq üçün mübarizəmizi davam etdi­ririk. Qardaş Azərbaycanın ilk gündən yanımızda olması böyük təsəllimiz ol­maqla, gücümüzə güc qatır.

Millət vəkili sonra dedi ki, vəziyyətlə əlaqədar Türkiyə Böyük Millət Məclisində ilk gündə xüsusi iclas keçirilib. Bundan başqa, MHP millət vəkilləri də bir araya gələrək mövzu ilə bağlı məsləhətləşmələr aparıblar: 

–Parlamentdə millət vəkilləri fövqəladə gündəmlə bağlı bir ara­ya gəldilər. Təbii ki, ölkədəki bü­tün qurum və quruluşlar fövqəladə vəziyyət halında gücləndirilmiş iş rejimi ilə fəaliyyətdədir. Partiya­mızın sədri Dövlət Baxçalı da ilk günlərdən fövqəladə toplantı keçirdi. Yerli idarəetmələrə cavabdeh olan sədr müavinimizi bu işə nəzarət üçün təhkim etdi, millət vəkillərini bölgələrə göndərdi. Biz bu hadisəni siyasətdən kənar problem hesab etdiyimiz üçün hazırda MHP millət vəkillərimizin, demək olar ki, hamısı bölgələrdədir. Hatay, Diyarbəkir, Adıyaman, Şanlı­urfa, Malatya, Qaziantep, Kilis, Kah­ramanmaraş, Osmaniyə, Adanaya mütəmadi gedib-gəlirik. Maddi vəsait toplamaq üçün yardım kampaniyası­na başlamışıq, biz də bir aylıq maaşı­mızı bağışlamışıq”. 

Kamil Aydın ilk gündən Azərbaycandan gələn axtarış-xilasetmə qüvvələrinin bölgədə gecə-gündüz bilməndən fədakarlıqla çalışdığını da vurğu­ladı:

–Azərbaycanlı qardaşlarımız xilasetmə işlərinə sürətlə start verdilər, qeyrət və bacarıqlarını sonadək or­taya qoydular. Bəzi yerlərdə artıq təxirəsalınmaz işlər tamamlanıb, ərazi dağıntılardan təmizlənməyə başlanıb. Bu ağır günlərimizdə Türkiyəyə dünyanın hər yerindən dəstəklər gəldi və gəlməkdədir. Bu onun göstəricisidir ki, dünyada in­sanlıq, humanizm ölməyib. Əlbəttə, Türkiyə humanist mövqeyinin qarşılı­ğını alır, dünyanın harasında bir təbii fəlakət, savaş olubsa, ölkəmiz öz dəstəyini göndərib. 

Amma qardaş ölkəmiz Azərbaycanla dünyada alternativi ol­mayan bir əlaqələrimiz mövcuddur. Türkiyə ilə Azərbaycan canbir, qanbir qardaş kimi təmənnasız, qarşılıqsız bir-birinə dəstək verir. Bu dəfə də ilk gündən Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandan edilən dəstək, davamlı gələn humanitar yar­dımlar, edilən dəstəklər bizi həddən artıq məmnun edir. Azərbaycanın bizim ağır günlərimizi öz fəlakəti kimi düşünüb yardım əli uzatma­sı qardaşlığımızın mənəvi gücünü artırır. “Kədər paylaşıldıqca azalır” hikmətinə uyğun olaraq dərdimiz ovunur, kədərimiz, sıxıntımız azalır. Bu da bizə dözüm və güc verir.

Asayişin, təhlükəsizliyin qorun­ması, soyğunçuluq kimi hadisələrin qarşısının alınması üçün təcili qərar verildi və dövlət tərəfindən tətbiq edil­di. Əks halda özbaşınalıq baş alıb gedə bilərdi.

Zəlzələ ilə əlaqədar Türkiyədə dərslərin onlayn keçirilməsi qərarına toxunan müsahibimiz boş olan tələbə yataqxanalarında müvəqqəti olaraq zərərçəkənlərin yerləşdirildiyini bildirdi: 

– Havaların bu aralar həddən artıq soyuq keçməsi zərərçəkənlərimizin həyat şəraitini daha da ağırlaşdırıb, bunun üçün də yerləşdirilmə mak­simum sürətləndirilib. Baş verən təbii fəlakət ilə əlaqədar üzüntülü günlər yaşasaq da həyatda qalanla­rın təhlükəsizliyinə nəzarət olunmalı, çətin şərtlərdə də olsa onların ya­şamlarını davam etmələrinə yardım edilməlidir. 

Sonda Kamil Aydın, bu çətin günlərin dəf edilməsi, daha güc­lü bir Türkiyənin inşası üçün bütün dövlət və qeyri-dövlət təşkilatlarının birlik-bərabərlik ru­hunda çalışdığını söylədi: 

– Əzmlə çalışırıq və inanırıq ki, bu ağır günlər tezliklə arxada qalacaq. 

 

Müsahibəni apardı: M.SULTANOVA

Ankara

Hadisə