Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını, o cümlədən Reyestrin aparılması qaydasını və həmin Reyestrə daxil edilməli olan məlumatların siyahısını müəyyən edir.
1.2. Reyestr “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektləri kateqoriyasına aid edilən kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların (bundan sonra – KOB subyekti) özləri barədə, eləcə də onlara dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlər və dəstək tədbirləri, habelə onların fəaliyyətinin qiymətləndirilmə nəticələri barədə informasiya təminatını həyata keçirmək məqsədilə formalaşdırılan dövlət informasiya ehtiyatıdır.
1.3. Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.4. Reyestrin formalaşdırılması, aparılması, arxivləşdirilməsi və digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsi, habelə məlumat mübadiləsinin təşkili ilə bağlı bu Əsasnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həyata keçirilir.
1.5. Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə həyata keçirilir.
1.6. Reyestrdə toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi KOB subyektləri tərəfindən özləri barədə, onlara göstərilən dəstək tədbirləri və dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlər barədə elektron məlumatların vahid informasiya resursu vasitəsilə bir mənbədən əldə edilməsidir. Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.7. Reyestrin sahibi və operatoru Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (bundan sonra – sahib).
1.8. Bu Əsasnamədə nəzərdə tutulmuş elektron məlumatların əldə edilməsinə görə ödəniş tələb olunmur.
1.9. Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər sahibin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Əsas anlayışlar
2.1. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. istifadəçi – bu Əsasnamənin 4.4-cü və 5.1-ci bəndlərində göstərilən məlumatlardan istifadə edən KOB subyekti;
2.1.2. iştirakçı — Reyestrin informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları), eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar;
2.1.3. elektron kabinet – Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli 1415 nömrəli Fərmanı ilə təsdiq edilmiş “e-KOB evi” portalı haqqında” Əsasnamə”nin 1.6.2-ci yarımbəndinə uyğun müəyyən edilmiş KOB subyektinə məxsus fərdi elektron səhifə.
2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qaydalarda nəzərdə tutulmuş mənaları ifadə edir.
3. Reyestrin fəaliyyət prinsipləri
3.1. Reyestr Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
3.1.1. şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu;
3.1.2. istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin Reyestrdən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
3.1.3. nəticəyönümlü fəaliyyət – Reyestrin fəaliyyəti zamanı qarşıya qoyulmuş məqsədlərin uğurlu icrasına və arzuolunan nəticələrin əldə edilməsinə yönəlmiş idarəetmə strategiyasının təmin olunması;
3.1.4. operativlik – xidmətlər göstərilməsinin, informasiyanın əldə olunması və mübadiləsinin avtomatlaşdırılmış qaydada sürətli həyata keçirilməsi.
4. Reyestrin texniki-texnoloji infrastrukturu
4.1. Reyestrin texniki-texnoloji infrastrukturu və strukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. texniki avadanlıq və proqram təminatı;
4.1.2. telekommunikasiya qurğuları və kanalları;
4.1.3. elektron kabinet;
4.1.4. informasiya ehtiyatı və onu idarəetmə paneli;
4.1.5. sistemin test mühiti;
4.1.6. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər və dəstək tədbirləri” məlumat bölməsi.
4.2. Reyestrin texniki avadanlığı və proqram təminatı, telekommunikasiya qurğuları və kanalları istifadəçilərin bu Əsasnamənin 1.2-ci bəndində qeyd edilən elektron məlumatlar toplusundan istifadəsini, Reyestrdə məlumat mübadiləsinin aparılmasını və həmin məlumatların mühafizəsini, habelə Reyestrin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.
4.3. Elektron kabinet vasitəsilə hər bir KOB subyekti bu Əsasnamənin 4.4-cü və 5.1-ci bəndlərində göstərilən məlumatlarla tanış olmaq və bu məlumatların iştirakçılar və digər istifadəçilər tərəfindən əldə edilməsinə razılıq (hər bir hal üzrə ayrıca) vermək və ya razılıq verilməsindən imtina etmək, bu Əsasnamənin 10.1.2-ci yarımbəndi nəzərə alınmaqla onları əldə etmək, həmçinin sahib və iştirakçı ilə qarşılıqlı əlaqə saxlamaq imkanına malikdir.
4.4. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər və dəstək tədbirləri” məlumat bölməsi dövlət orqanları (qurumları) və KOB subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən KOB subyektlərinə göstərilən xidmətlərin və dəstək tədbirlərinin siyahısını özündə əks etdirir.
4.5. Fəaliyyətinin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Reyestr və Reyestrdə toplanılan məlumatlar, o cümlədən onların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
4.6. İdarəetmə paneli Reyestrin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
4.7. Reyestrdə aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
5. Reyestrə daxil edilən və ötürülən məlumatlar
5.1. EHİS vasitəsilə Reyestrə ötürülən KOB subyektləri haqqında məlumatlar aşağıdakılardır:
5.1.1. hüquqi şəxsin adı, fərdi sahibkarın soyadı, adı və atasının adı, qanuni təmsilçinin (təmsilçilərin) soyadı, adı və atasının adı;
5.1.2. hüquqi şəxsin hüquqi ünvanı, fərdi sahibkarın yaşayış ünvanı;
5.1.3. KOB subyektinin eyniləşdirmə nömrəsi (VÖEN);
5.1.4. KOB subyektinin dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar;
5.1.5. KOB subyektinin əlaqə vasitələri;
5.1.6. KOB subyektinin meyarlara görə bölgüsü (mikro, kiçik, yaxud orta sahibkarlıq subyekti);
5.1.7. KOB subyektinə verilmiş lisenziyalar və icazələr haqqında məlumatlar;
5.1.8. KOB subyektinin fəaliyyət sahəsi;
5.1.9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq KOB subyektində keçirilmiş yoxlamalar (monitorinqlər) barədə məlumat (yoxlamanı aparan orqan, plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) yoxlamalar və həmin yoxlamaların nəticəsi, tətbiq edilmiş məhdudiyyət tədbirləri (olduqda) haqqında məlumatlar);
5.1.10. KOB subyektinə dəstək göstərmiş dövlət orqanının (qurumunun) və ya mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumun, habelə xarici dövlətin və beynəlxalq təşkilatın adı, göstərilmiş dəstəyin növü, forması, məzmunu, məbləği (olduğu təqdirdə), müddəti və tarixi;
5.1.11. Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş qaydada dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən qiymətləndirmənin, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən KOB subyektlərinə dəstək göstərilməsinə dair qiymətləndirmənin nəticələri barədə məlumatlar;
5.1.12. KOB subyektinin fəaliyyəti ilə bağlı digər məlumatlar (riskli vergi ödəyicisi olması barədə və s.).
5.2. Dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin Reyestrə inteqrasiyası və məlumat mübadiləsinin təşkili, Qaydalara uyğun olaraq, EHİS vasitəsilə həyata keçirilir.
5.3. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanları (qurumları) və mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunu təşkil edən qurumlar bu Əsasnamənin 5.1-ci bəndində göstərilən məlumatları, həmçinin bu məlumatlarda dəyişiklik edildiyi təqdirdə, müvafiq məlumatları 30 (otuz) təqvim günündən gec olmayaraq Reyestrə daxil edilməsi məqsədilə sahibə təqdim edirlər.
5.4. Reyestrlə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) dövlət orqanları (qurumları) və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən Reyestrə daxil edilməsi məqsədilə sahibə təqdim edilir.
6. Reyestrdən istifadə qaydaları
6.1. Bu Əsasnamənin 5.1-ci bəndində qeyd edilən məlumatlar istifadəçinin elektron kabineti üzərindən onun sorğusu əsasında Reyestr tərəfindən real vaxt rejimində istifadəçilərin elektron kabinetlərində yerləşdirilir.
6.2. Reyestrdən istifadə etmək üçün istifadəçi:
6.2.1. elektron kabinetə giriş edir;
6.2.2. elektron kabinet vasitəsilə bu Əsasnamənin 5.1-ci bəndində qeyd edilən məlumatlarla sorğu əsasında tanış olur, həmin məlumatların gücləndirilmiş elektron imza ilə imzalanmış nüsxələrini əldə edir və onların iştirakçılar və digər istifadəçilər tərəfindən əldə edilməsinə razılıq (hər bir hal üzrə ayrıca) verir və ya razılıq verilməsindən imtina edir;
6.2.3. Reyestrdə olan məlumatlarla razılaşmadıqda sahibə elektron kabineti vasitəsilə məlumat verir, özü haqqında toplanılmış məlumatlarda dəyişiklik edilməsi barədə məlumatları təqdim etmiş dövlət orqanlarına (qurumlarına) və ya mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunu təşkil edən qurumlara müraciətlər və sorğular göndərir, həmin müraciətlərin və sorğuların qeydiyyatını, icrasını və onlara baxılmanın nəticələrini izləyir.
6.3. İstifadəçi tərəfindən iştirakçılara göndərilmiş müraciətlər və sorğular Reyestr tərəfindən iştirakçıların elektron kabinetində yerləşdirilir. İstifadəçilərin müraciətləri və sorğuları aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və sözügedən Qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılır.
6.4. Sahib istifadəçinin Reyestrdəki məlumatları əldə etmək hüququnu aşağıdakı hallarda məhdudlaşdırır:
6.4.1. Reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
6.4.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.
7. Reyestrin funksionallığına dair tələblər
7.1. Reyestr vasitəsilə aşağıdakılar təmin edilir:
7.1.1. bu Əsasnamənin 5.1-ci bəndində qeyd edilən məlumatların Reyestrdə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi;
7.1.2. Reyestrdən eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsi;
7.1.3. Reyestrə daxil edilən məlumatların dəqiqliyi, tamlığı, aktuallığı və etibarlılığı;
7.1.4. Reyestrin fasiləsiz fəaliyyəti;
7.1.5. Reyestrin təhlükəsizliyi və məlumatların mühafizəsi;
7.1.6. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılması;
7.1.7. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiqi;
7.1.8. statistik məlumatların emalında intellektual idarəetmədən istifadə olunması.
8. Sahibin hüquqları və vəzifələri
8.1. Reyestrin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
8.1.1. Reyestrin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, icmallar və analitik materiallar hazırlamaq;
8.1.2. Reyestrin fəaliyyətini təmin etmək üçün müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək.
8.2. Reyestrin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı vəzifələri vardır:
8.2.1. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Reyestrə daxil etmək;
8.2.2. fərdi məlumatların Reyestrdə toplanılmasını, işlənilməsini və mühafizəsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
8.2.3. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;
8.2.4. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üzrə işləri Qaydalarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
8.2.5. Reyestrin fəaliyyəti prosesində hər hansı bir qəza (xəta) baş verdiyi və ya Reyestrin fəaliyyətində fasilə yarandığı halda baş verən xətaların qeydiyyatının aparılmasını təmin etmək, Reyestrin iştirakçılarını və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini (bundan sonra – əlaqələndirici qurum) bu barədə məlumatlandırmaq, dərhal onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və Reyestrin “Hökumət buludu”nda saxlanılan nüsxələrinin fəaliyyətə başlaması ilə bağlı əlaqələndirici quruma müraciət etmək;
8.2.6. Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etmək üçün “Hökumət buludu”nun operatoru ilə birlikdə zəruri tədbirlər görmək;
8.2.7. Reyestrdə dəyişiklikləri müvafiq qeydlər edilməklə aparmaq, belə qeydlər edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;
8.2.8. arxivləşdirməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;
8.2.9. Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları arasında iş və vəzifə bölgüsünü müəyyən etmək və həmin əməkdaşları bu barədə məlumatlandırmaq;
8.2.10. Reyestrin mütəmadi monitorinqini, auditini, o cümlədən elektron auditini həyata keçirmək;
8.2.11. Reyestrin fəaliyyəti ilə bağlı təhlükəsizlik qaydalarının hazırlanmasını, onun fəaliyyətinə təsir edən amillərin təhlil edilməsini və ehtiyat planının hazırlanmasını təmin etmək;
8.2.12. riskləri təhlil etmək, habelə risklərin idarə edilməsi, böhran və bərpa planlarının hazırlanmasını həyata keçirmək;
8.2.13. əlaqələndirici qurumla birlikdə Reyestrdən birgə və səmərəli istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər həyata keçirmək;
8.2.14. istifadəçilərin Reyestrdə özləri haqqında toplanılan məlumatlar və həmin məlumatlardan istifadə barədə məlumatla (qanunla müəyyən edilən hallar istisna olmaqla) tanış olması, habelə qeyd edilən məlumatlarda elektron kabinetləri vasitəsilə dəyişiklik edilməsi üçün bu Əsasnamə ilə müəyyən edilmiş qaydada müvafiq imkan yaratmaq;
8.2.15. Reyestrdən istifadəni (o cümlədən informasiyanın axtarılmasını və sorğu ilə əldə edilməsini) bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təmin etmək, eləcə də istifadəçilərin elektron kabinet vasitəsilə dövlət orqanlarına (qurumlarına) və mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunu təşkil edən qurumlara müraciət etməsini və sorğular göndərməsini təmin etmək, həmin müraciətlərin və sorğuların cavablandırılmasını izləmək;
8.2.16. əldə olunması qanunla məhdudlaşdırılan məlumatlardan yalnız “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə istifadə etmək;
8.2.17. Reyestrin mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsini təşkil etmək;
8.2.18. Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatı və onlara baxılmanın nəticələri, habelə Reyestrin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;
8.2.19. Reyestrdə aparılan təmir və yenilənmə işləri haqqında istifadəçiləri və əlaqələndirici qurumu əvvəlcədən məlumatlandırmaq.
9. İştirakçıların hüquqları və vəzifələri
9.1. İştirakçıların aşağıdakı hüquqları vardır:
9.1.1. Reyestrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sahibə təkliflər vermək;
9.1.2. Reyestrin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə sorğular vermək və belə məlumatları (sənədləri) almaq;
9.1.3 istifadəçinin Reyestrdəki məlumatlarını onun razılığı (hər bir hal üzrə ayrıca) əsasında elektron kabinet vasitəsilə əldə etmək.
9.2. İştirakçıların aşağıdakı vəzifələri vardır:
9.2.1. Reyestrə ötürülən məlumatların tamlığını, etibarlılığını, təhrifolunmazlığını və konfidensiallığını təmin etmək;
9.2.2. Reyestrdəki məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
9.2.3. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
9.2.4. Reyestrin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
9.2.5. bu Əsasnamənin 5.1-ci bəndində müəyyən edilmiş məlumatları, Qaydalara uyğun olaraq, Reyestrə EHİS vasitəsilə inteqrasiya etmək və bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;
9.2.6. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və əlaqələndirici quruma məlumat vermək;
9.2.7. sahibin sorğularını vaxtında və tam cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) ona təqdim etmək;
9.2.8. aidiyyəti dövlət orqanlarının (qurumlarının) Reyestrin fəaliyyəti ilə bağlı sorğularını, istifadəçilərin Reyestr vasitəsilə edilən müraciətlərini və göndərilən sorğularını cavablandırmaq.
10. İstifadəçilərin hüquqları və vəzifələri
10.1. İstifadəçilərin aşağıdakı hüquqları vardır:
10.1.1. elektron kabinet vasitəsilə bu Əsasnamənin 5.1-ci bəndində qeyd edilən məlumatlardan sorğu əsasında sərbəst və maneəsiz istifadə etmək;
10.1.2. elektron kabinet vasitəsilə yalnız ona aid olan məlumatları əldə etmək;
10.1.3. Reyestrdə olan məlumatlarla razılaşmadıqda, sahibə elektron kabinet vasitəsilə məlumat vermək, özləri haqqında toplanılmış məlumatlarda dəyişiklik edilməsi barədə məlumatları təqdim etmiş dövlət orqanlarına (qurumlarına) və ya mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunu təşkil edən qurumlara müraciətlər və sorğular göndərmək, müraciətlərin və sorğuların icrasını izləmək, həmin müraciətlərə və sorğulara dair cavablar almaq;
10.1.4. Reyestrdə saxlanılan məlumatlarda aşkarlanmış səhvlərin aradan qaldırılması üçün sahibə məlumat vermək;
10.1.5. Reyestrin fəaliyyətinin təkmilləşdirilməsinə dair sahibə təkliflər vermək;
10.1.6. Reyestrdə özü haqqında toplanılan məlumatları sorğu əsasında digər istifadəçilərin və iştirakçıların əldə etməsinə elektron kabinet vasitəsilə razılıq (hər bir hal üzrə ayrıca) vermək;
10.1.7. Reyestrdə digər istifadəçilər haqqında toplanılan məlumatları sorğu əsasında həmin istifadəçinin razılığı ilə elektron kabinet vasitəsilə əldə etmək.
10.2. İstifadəçilərin aşağıdakı vəzifələri vardır:
10.2.1. Reyestrə qeyri-qanuni daxil olmamaq, onun fəaliyyətinə müdaxilə etməmək;
10.2.2. Reyestrin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək;
10.2.3. sahibin bu Əsasnamə ilə müəyyən edilmiş məlumatların (sənədlərin) təqdim edilməsi barədə sorğularını cavablandırmaq və həmin məlumatları ona təqdim etmək.