Qlobal tədqiqat və inkişaf yarışında güc balansı necə dəyişir?

post-img

XXI əsrin əvvəlində tədqiqat və inkişafa (R&D) ən çox vəsait ayıran ölkələr arasında liderlik demək olar ki, dəyişməz idi. ABŞ həm elmi nailiyyətlərin, həm də texnoloji innovasiyaların əsas mərkəzi sayılırdı. Lakin son iyirmi il ərzində qlobal iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər bu mənzərəni kökündən yeniləyib. Xüsusilə Çin sürətli yüksəlişi ilə elmi-texnoloji güc balansını yenidən formalaşdırır.

Çinin yüksəlişi: miqyas və dövlət strategiyası

2000-ci ildə qlobal R&D xərclərinin cəmi 4 faizini təmin edən Çin 2024-cü ilə gəldikdə bu payı 27,4 faizə çatdırıb. Bu artım təkcə iqtisadi böyümənin nəticəsi deyil, uzunmüddətli və mərkəzləşdirilmiş dövlət strategiyasının məhsuludur. Pekin tədqiqat və inkişafı sənaye siyasətinin əsas dayaqlarından birinə çevirib. Energetika, biotexnologiya, süni intellekt və yarımkeçiricilər kimi sahələrdə dövlət laboratoriyaları və dövlətlə sıx bağlı korporasiyalar aparıcı rol oynayır.

2024-cü ildə Çinin R&D xərcləri 785,9 milyard dollara çataraq ölkəni dünyada birinci yerə çıxarıb. Bu modelin üstünlüyü ondan ibarətdir ki, elmi resurslar milli prioritetlərə uyğun şəkildə sürətlə səfərbər edilə bilir. Eyni zamanda, bu yanaşma innovasiyanın çevikliyini və akademik azadlığı məhdudlaşdıra biləcəyi ilə bağlı tənqidlərə də səbəb olur.

ABŞ modeli: özəl sektorun dominantlığı

781,8 milyard dollarlıq R&D xərcləri ilə ABŞ ikinci yerdə qərarlaşıb. Lakin Amerika modelinin əsas fərqi maliyyələşmənin mənbəyindədir. Burada tədqiqat və inkişafın lokomotivi dövlət yox, özəl sektordur. Amazon, Alphabet, Microsoft, Apple kimi texnologiya nəhəngləri təkbaşına bir çox ölkənin ümumi R&D büdcəsini üstələyən investisiyalar yatırır.

Bu sistem ABŞ-a fundamental elmlə bazar arasında körpü yaratmaq imkanı verir. Universitetlər, startap ekosistemi və risk kapitalı mexanizmi ideyaların sürətlə kommersiyalaşdırılmasına şərait yaradır. Bununla belə, uzunmüddətli fundamental tədqiqatların bəzən kommersiya maraqları fonunda ikinci plana keçdiyi də müşahidə olunur.

Asiyanın genişlənən elmi çəkisi

Çinlə yanaşı, Cənubi Koreya və Hindistan da qlobal tədqiqat xəritəsində mövqelərini gücləndirir. Xüsusilə Cənubi Koreya R&D xərclərinin ÜDM-ə nisbətinə görə dünya liderlərindən biridir. Samsung və LG kimi korporasiyalar dövlətlə sıx əməkdaşlıq edərək ölkəni yarımkeçirici və elektronika sahəsində qlobal mərkəzə çevirib.

Hindistan isə daha çox insan kapitalına və proqram təminatı sektoruna əsaslanan model formalaşdırır. Bu, Asiyanın yalnız istehsal yox, həm də bilik və texnologiya məkanı kimi önə çıxmasını sürətləndirir.

Yaponiya və Avropa: nisbi geriləmə

Yaponiya 2024-cü ildə 186 milyard dollar R&D xərci ilə üçüncü yeri qorusa da, qlobal pay baxımından ciddi geriləmə yaşayır. Əhalinin yaşlanması və iqtisadi artımın zəifləməsi elmi investisiyaların dinamikasına birbaşa təsir göstərir. Buna baxmayaraq, Toyota və Honda kimi şirkətlər sənaye innovasiyalarında ölkənin mövqeyini hələ də qoruyur.

Avropa İttifaqı ölkələri isə yüksək elmi potensiala baxmayaraq, parçalanmış bazar və mürəkkəb tənzimləmələr səbəbilə texnologiyaların sürətli kommersiyalaşdırılmasında çətinlik çəkir. Almaniya, Böyük Britaniya və Fransa ilk onluqda yer alsa da, 2000-ci ildən bəri qlobal R&D xərclərində paylarını itiriblər.

Texnologiya yarışı və geosiyasi ölçü

Bu gün tədqiqat və inkişafa yatırılan vəsaitlər təkcə iqtisadi artım aləti deyil, həm də geosiyasi güc indikatorudur. Süni intellekt, kvant hesablama, yaşıl enerji və biotexnologiya kimi sahələr gələcək onilliklərdə hərbi, iqtisadi və siyasi üstünlüyü müəyyən edəcək. Məhz buna görə R&D xərcləri getdikcə daha çox “texnoloji suverenlik” anlayışı ilə əlaqələndirilir.

Beləliklə, qlobal tədqiqat və inkişaf mənzərəsi təkqütblü strukturu geridə qoyur. Çin və ABŞ elmi-texnoloji yarışın iki əsas mərkəzinə çevrilib, Asiya isə ümumilikdə qlobal innovasiyanın ağırlıq mərkəzinə doğru irəliləyir. Avropa və Yaponiya üçün əsas çağırış bu yeni reallıqda rəqabət qabiliyyətini qoruyacaq çevik və koordinasiyalı elmi siyasət formalaşdırmaqdır. Bu yarışın qalibi isə yalnız daha çox xərcləyən deyil, biliyi daha effektiv şəkildə real texnologiyaya çevirən tərəf olacaq.

Səbuhi MƏMMƏDOV

XQ

 

Elm