AMEA “Elm” nəşriyyatının 2025-ci ilə dair hesabatı dinlənilib

post-img

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib. Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbirdə AMEA Rəyasət Heyətinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və nəşriyyatın əməkdaşları iştirak ediblər.

Əvvəlcə iştirakçılar il ərzində müəssisədə işıq üzü görən müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Sonra Səbuhi Qəhrəmanov tədbiri giriş sözü ilə açaraq hesabat məruzəsini təqdim edib. Direktor nəşriyyatın cari ildəki fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Nazirlər Kabinetinin, AMEA-nın qərar və sərəncamlarına əsasən davam etdirdiyini bildirib. O, hesabat tərtib olunarkən AMEA-nın Rəyasət Heyətinin 20 oktyabr 2025-ci il tarixli müvafiq qərarının əsas götürüldüyünü diqqətə çatdırıb, müəssisənin bu il üçün müəyyən olunmuş tematik plana əsasən, elmin ayrı-ayrı sahələrinə dair monoqrafiyalar, seçilmiş əsərlər, soraq-məlumat ədəbiyyatları, çoxcildlik əsərlər, elmi-kütləvi kitablar, biblioqrafiyalar, elmi jurnallar və s. çap etdiyini vurğulayıb.

Ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamından irəli gələrək “Elm” nəşriyyatında “Azərbaycan Konstitusiyası və Suverenlik” və “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafiyalar işıq üzü görüb. Bildirilib ki, “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafiya müəssisənin direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun tərtibatında hazırlanıb. Nəşrin elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru AMEA Rəyasət Heyəti Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəridir. Göstəricidə Azərbaycançılıqla bağlı müxtəlif illərdə işıq üzü görmüş nəşrlər – kitablar, dissertasiyalar, avtoreferatlar, məqalələr və s. sistemli şəkildə toplanılıb.

Hesabat ilində AMEA-nın təsis edilməsinin 80 ili tamam olması münasibətilə cənab Prezident İlham Əliyevin 18 mart 2025-ci il tarixində Sərəncam imzaladığını xatırladan S.Qəhrəmanov bildirib ki, bu sənəddən irəli gələrək “Elm” nəşriyyatında yubileylə bağlı müxtəlif nəşrlər işıq üzü görüb. O, yubileylə əlaqədar, həmçinin görkəmli alimlərə həsr edilmiş biblioqrafiyaların nəşr olunduğunu da söyləyib. Qeyd edib ki, bu nəşrlər 3 noyabr 2025-ci il tarixində keçirilmiş AMEA-nın 80 illik yubiley tədbirində sərgidə nümayiş olunub.

S.Qəhrəmanov, 2025-ci ildə “Elm” nəşriyyatının yaradılmasının 100 illiyinin tamam olduğunu da bildirib. O, bununla əlaqədar AMEA Rəyasət Heyətinin 22 yanvar 2025-ci il tarixli “AMEA-nın “Elm” Nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında” və 10 fevral 2025-ci il tarixli “AMEA “Elm” Nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı haqqında” qərarlar qəbul etdiyini xatırladıb.

İclasda qeyd olunub ki, nəşriyyatın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı çərçivəsində direktor Səbuhi Qəhrəmanovun tərtibçiliyi ilə AMEA-nın 80 illik, “Elm” nəşriyyatının isə 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşr çapdan çıxıb. Azərbaycanda biblioqrafiyalaşdırma praktikasında sahəvi biblioqrafik vəsaitlərin biblioqrafiyasının hazırlanması istiqamətində ilk təşəbbüs olan kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru isə filologiya elmləri doktoru, dosent Mehman Həsənlidir.

Bildirilib ki, müəssisənin yubileyinə həsr edilmiş növbəti kitab “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1925-1990)” və “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1991-2025)” adlı ikicildlik biblioqrafiyadır. Səbuhi Qəhrəmanov tərəfindən tərtib edilmiş nəşrin elmi məsləhətçisi və ön sözün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya elmləri doktoru, dosent Mehman Həsənlidir. Kitabda müəssisənin fəaliyyət göstərdiyi yüz il ərzində işıq üzü görmüş nəş­rlər yer alıb.

Tədbirdə vurğulanıb ki, “Elm – tərəqqiyə aparan yol (1925-2025)” monoqrafiyası da nəşriyyatın yubileyinə həsr olunub. “Elm” nəşriyyatında işıq üzü görən monoqrafiyanın müəllifi Səbuhi Qəhrəmanov, elmi redaktor və ön sözün müəllifi akademik İsa Həbibbəylidir. Monoqrafiyada son yüz il ərzində AMEA “Elm” nəşriyyatının fəaliyyətinə nəzər yetirilir, onun respublikamızda elmi-intellektual mühitin formalaşmasındakı xidmətlərinə aydın mənzərə yaradır.

Hesabat ilində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olub. Bu münasibətlə cənab Prezident İlham Əliyevin 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını xatırladan Səbuhi Qəhrəmanov bildirib ki, “Elm” nəşriyyatında “Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” kitabı çapdan çıxıb. Həmçinin nəşriyyatın direktoru S.Qəhrəmanovun “Bahtiyar Vahabzade’nin şiirlerinde Azerbaycan düşüncesi” adlı məqaləsi “Index Copernicus” beynəlxalq elmi bazasına daxil olan Türkiyənin “Yazıt Kültür Bilimleri Dergisi” jurnalında dərc edilib.

S.Qəhrəmanov çıxışında bildirib ki, hesabat ilində nəşriyyatda “Görkəmli elm xadimləri” seriyasından Azərbaycan elminin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi üzvlərindən Telman Əliyev, Muxtar İmanov, AMEA-nın müxbir üzvlərindən Rəna Məmmədova, Nuru Bayramov, Əbülfəz Quliyevə, Akademiyanın 80 illik yubileyi münasibətilə isə Ziya Bünyadov, Sadıq Dadaşov, Məqsəd Səddarov, Mustafa Topşubaşov, Azad Nəbiyev, Məmməd Arif Dadaşzadə, Mikayıl Useynov, Mahmud Kərimov, Üzeyir Hacıbəyov, Bəxtiyar Vahabzadə, Fəraməz Maqsudov, Tofiq Nağıyev, Adil Qəribov və başqa görkəmli alimlərə həsr edilmiş biblioqrafiyalar, eləcə də “İlham Əliyev və yaşıl dünya naminə Azərbaycan (çap və elektron sənəd-informasiya resursları)”, “Azərbaycan milli mətbuatı müstəqillik dövründə: 1991-2025” adlı biblioqrafiyalar işıq üzü görüb. Məruzəçi 2025-ci ildə müəssisədə çap olunan monoqrafiyalar, müxtəlif kitablar, elmi jurnallar, eləcə də respublika və beynəlxalq səviyyəli konfransların materialları və digər nəşrlər haqqında ətraflı məlumat verib.

Müəssisənin respublika və beynəlxalq səviyyəli kitab sərgilərində iştirakından danışan direktor bildirib ki, 24-31 may tarixlərində Bakıda təşkil olunmuş IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində, eləcə də oktyabrın 7-də Bakı Dövlət Universitetində AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbir çərçivəsində təşkil olunan sərgidə “Elm” nəşriyyatında çıxan kitablar və Akademiyanın digər nəşrləri nümayiş edilib. O, müəssisənin Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakına görə sertifikata layiq görüldüyünü də diqqətə çatdırıb.

İclasda bildirilib ki, nəşriyyat beynəlxalq əlaqələr istiqamətində fəaliyyətini uğurla davam etdirib. Səbuhi Qəhrəmanov iyulun 2-də Nəşr Etikası Komitəsinin (COPE) təşkilatçılığı ilə keçirilən “Elmi nəşriyyat fəaliyyətində süni intellektin ortaya çıxardığı dilemmalar” mövzusunda beynəlxalq forumda, 22-23 oktyabr tarixlərində baş tutan Crossref (“Crossref Publishers International Linking Association, Inc.”) təşkilatının illik toplantısında onlayn iştirak edib. “Elm” nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlığı çərçivəsində EASE Azərbaycan bölməsinin sədri S.Qəhrəmanov və bölmə üzvləri il ərzində akademik nəşriyyat redaktorluğu, elmi tədqiqatların səmərəliliyinin artırılması, müəlliflər və məqalələr üçün etik normalar və s. müxtəlif istiqamətli tədbirlərdə onlayn şəkildə iştirak ediblər.

“Elm” nəşriyyatının veb-saytının müasir tələblərə uyğun yeniləndiyini deyən S.Qəhrəmanov bildirib ki, portal “Nəşriyyat haqqında”, “Yeni nəşrlər”, “Elmi jurnallar”, “E-Kitabxana”, “Beynəlxalq əməkdaşlıq”, “AZSTAND/TK 52”, “Xəbərlər”, “Media” və “Əlaqə” kimi əsas bölmələrdən ibarətdir. Saytın alt kateqoriyalarından istifadə etməklə oxucular nəşriyyatın yaranma tarixi, keçdiyi inkişaf yolu, müasir dövrü, rəhbərlik, müəssisənin strukturu, həmkarlar təşkilatı ilə tanış ola bilərlər.

Direktor bildirib ki, müəssisə bu il standartlaşdırma sahəsində mühüm yeniliyə imza atıb. “Elm” nəşriyyatının bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib. Texniki komitənin sədri Səbuhi Qəhrəmanov, sədr müavini AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini Sərxan Xavəri, məsul katib isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovadır. Vurğulanıb ki, AZSTAND/TK 52-nin tərkibinə ali təhsil müəssisələrinin, elmi-təqdiqat institutlarının, nəşriyyat və mətbuat nümayəndələri daxil edilib. Bildirilib ki, yaxın günlərdə komitənin növbəti iclası keçiriləcək.

Tədbirdə bildirilib ki, akademiyanın elm və təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində Səbuhi Qəhrəmanov Bakı Dövlət Universitetində (BDU) 27 mart – Azərbaycan Respublikasında Elm Günü ilə bağlı keçirilən elmi seminarda məruzə ilə çıxış edib. Həmçinin S.Qəhrəmanovun Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri (Humanitar və ictimai elmlər) jurnalında çap olunan “Klassik ədəbiyyatda azərbaycançılıq ideyaları və milli məfkurənin yaranmasında rolu” mövzusunda məqaləsi Elm Günü münasibətilə keçirilən “İlin ən yaxşı məqaləsi” müsabiqəsində qalib elan olunub və sertifikata layiq görülüb.

S.Qəhrəmanov vurğulayıb ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin nəşriyyata diqqət və qayğısı sayəsində bu il də həm redaksiyanın, həm də mətbəənin işi müasir tələblər səviyyəsində davam edib, maddi-texniki bazası daha da təkmilləşdirilib, uğurlu fəaliyyətlərinə görə əməkdaşlar müxtəlif mükafatlarla təltif olunublar. Direktor müəssisənin 2025-ci ildəki nəşr fəaliyyətini əks etdirən bir sıra digər məlumatları da diqqətə çatdırıb.

Sonda hesabat ətrafında AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı çıxış edib və geniş müzakirə aparılıb, suallar cavablandırılıb. Nəşriyyatın cari ildəki fəaliyyəti yüksək qiymətləndirilib.

XQ













Elm