“Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib. Tədbirə Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Moldova və digər ölkələrdən qonaqlar qatılıb. 

Konfransı giriş sözü ilə açan MEK-in direktoru, professor Məmməd Əliyev qeyd edib ki, uzun müddət aradan sonra MEK-in təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa Azərbaycanın 13 universitetindən, 5 kitabxanasından, 11 elmi tədqiqat institutlarından ümumilikdə 122 məqalə daxil olub. Ölkəmizin hər yerində olduğu kimi, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində AMEA-da silsilə tədbirlər keçirildiyini diqqətə çatdıran professor görülən işlərdə MEK-in yaxından iştirak etdiyini vurğulayıb. Bildirib ki, cari ildə kitabxananın Elektron resurlar şöbəsinin “Heydər Əliyev – 100 məqalə” layihəsi artıq Vikipediyada yerləşdirilib, MEK tərəfindən “Heydər Əliyev İli”nə töhfə olaraq “Heydər Əliyev 100” təqvimi, eləcə də “Ulu Öndərin müdrik fikirləri” adlı audiodisk ərsəyə gəlib. Bundan əlavə, MEK-in təşkilatçılığı ilə respublika konfransının baş tutduğunu, sərgilərin, kitab təqdimatlarının, o cümlədən “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” adlı lektoriyanın keçirildiyini diqqətə çatdırıb. MEK rəhbəri, həmçinin vurğulayıb ki, MEK tərəfindən Ulu Öndərin zəngin siyasi irsini özündə əks etdirən biblioqrafik göstərici hazırlanaraq artıq çapa göndərilib. Azərbaycanda multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin çoxşaxəli xidmətlərini nəzərə alaraq MEK-in direktoru bügünkü tədbirin əhəmiyyətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək bildirib ki, Azərbaycan geosiyasi vəziyyətinə görə tarix boyu iki silaha möhtac olub – silaha və qələmə. Bu silahlar Azərbaycan xalqının bugünkü yüksək səviyyəyə gəlib çatmasına imkan verib. Qələmin ən böyük məhsulunun kitab olduğunu bildirən akademik qədimdən kitaba xalqımız tərəfindən önəm verildiyini, kitabsız bir cəmiyyətin gələcəyinin olmadığını diqqətə çatdırıb. Akademik daim kitaba və mütaliəyə xüsusi diqqət yetirən Ulu Öndərin yubileyi çərçivəsində kitabxanada belə bir tədbirin keçirilməsinin təsadüf olmadığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. 

Konfransın plenar iclasında AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, akademik Vaqif Abbasov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, BDU-nun professor Zahid Cəfərov konfransın təşkilində əməyi keçənlərə uğurlar diləyib, bu cür tədbirlərin önəmini vurğulayıblar. İlk dəfə kitabxanaların təşkil etdiyi konfransda iştirak etdiyini bildirən Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri, professor Mustafa Lətif Əmək belə bir ortamda olmaqdan xüsusi məmnunluğunu ifadə edib, MEK-in bu ilk təşəbbüsünün əhəmiyyətindən danışıb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) kitabxanasının rəhbəri Arif Şayık Azərbaycanla Türkiyə arasında parlametnlərarası tərəfdaşlığın kitabxana səviyyəsində davam etdiriləcəyini nəzərə çatdırıb. Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Dövlət Elmi-Texniki Kitabxanasının direktoru, tarix elmləri doktoru Lizunova İrina uzun müddətdir MEK ilə qarşılıqlı səmərəli əlaqələr qurulduğunu və bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. 

Konfrans panel iclaslarla davam edib. Mütəxəssislərin mövzu üzrə məruzələri dinlənilib və sertifikarlar təqdim edilib.

Anar ƏLİ,
XQ







Elm