Oktyabrın 2-də Bakıda COP29-a həsr olunmuş İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfrans öz işini davam etdirib. Tədbirin 3-cü gününün əsas mövzusu “Yaşıl iqtisadiyyat: bacarıqların həlli, maliyyələşmə və ədalətli keçid” olub.
Günün açılış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, “yaşıl” iqtisadiyyata keçid dövründə vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsi insan kapitalının inkişafı kontekstində dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da böyük əhəmiyyət kəsb edir. Nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə əksər inkişaf etmiş ölkələrdə milli sərvət strukturunda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.
Azərbaycanın regional və qlobal səviyyədə mürəkkəb siyasi iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq, əhalinin sosial rifahının yüksəldilməsini ən əsas fəaliyyətdə olaraq müəyyən etdiyini diqqətə çatdıran nazir deyib ki, 2018-ci ildən sonrakı dövrdə 4 milyon vətəndaşımızı əhatə edən, ümumi dəyəri 7 milyard manatdan artıq olan böyük sosial islahat paketləri həyata keçirilib.
BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxışında bildirib ki, “yaşıl” enerji layihələrini və davamlı inkişafı dəstəkləmək üçün qlobal maliyyələşdirmə axını vacibdir. Qeyd olunub ki, belə layihələrin həyata keçirilməsi üçün milyardlarla dollar tələb olunur və hər bir ölkənin, xüsusilə də iqlim dəyişikliyinə həssas olan regionların bu vəsaitlərə çıxışının olması vacibdir.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə uğurun əsas elementlərindən biri əlçatan maliyyələşdirmə, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlıqdır. “Yaşıl” iqtisadiyyata keçidin təkcə texnoloji dəyişikliklərlə deyil, həm də insan kapitalının inkişafı ilə müşayiət olunduğunu vurğulayan. N. Arpadarai davamlı ekoloji inkişaf və “yaşıl” nəqliyyat üçün zəruri bilik və bacarıqlara malik mütəxəssislər tələb olunduğunu diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister isə çıxışında ölkəmizin “yaşıl” iqtisadiyyata uğurlu keçid üçün əhəmiyyətli potensiala malik olduğunu diqqətə çatdırıb. Təhsil və səhiyyə sistemində yeni çağırışların əhəmiyyətini vurğulayan ölkə meneceri gender bərabərliyinə də diqqət yetirmək vacibliyini önə çəkib, təmsil etdiyi bankın Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni iş yerlərinin, o cümlədən “yaşıl” iş yerlərinin yaradılmasına yönəlmiş proqramını dəstəklədiyini bildirib.
Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günündə, həmçinin müxtəlif mövzularda panel sessiyalar və “dəyirmi masa”lar keçirilib.