Ölkəmiz COP29 öhdəliklərini davamlı olaraq gerçəkləşdirir

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən konfransda hazırda Azərbaycanın dünyanın prioritet hesab etdiyi “yaşıl” keçidin əsas iştirakçılarından biri olduğunu, ölkəmizdə iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla uzlaşdırıldığını, bu istiqamətdə dəyərli bir təcrübə yaradıldığını bildirib.

Onun sözlərinə görə, böyük enerji şirkətləri ilə həyata keçirilən “yaşıl” layihələr ölkəmizi təmiz enerji dövlətinə çevirmək və ekoloji dayanıqlığı dəstəkləyən investisiyaları təşviq etmək məqsədi güdür. Bununla əlaqədar Azərbaycanın müəyyən öhdəliklər götürdüyünü vurğulayan

M.Cabbarov “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elektrik enerjisi istehsalı üçün bərpaolunan enerji mənbələrinin payının artırılması və tullantıların təkrar emalı proseslərinin genişləndirilməsi məqsədinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Nazir daha sonra deyib: “Azərbaycan Dövlət Neft Şirkətinin COP28 çərçivəsində 2050-ci ilə qədər karbonsuzlaşdırma strategiyasını gerçəkləşdirmək və sıfır metan emissiyasına nail olmaq üzrə könüllü öhdəliyi mühüm önəm daşıyır. Beynəlxalq Valyuta Fondunun 2023-cü il hesabatına əsasən, qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb ki, bu da qlobal ÜDM-in, təxminən, 7,1 faizini təşkil edir. Bu sərmayə qalıq yanacaqlardan davamlı asılılığı göstərməklə yanaşı, həm də davamlı enerji həllərinə keçidə əsas maneə yaradır”.

M. Cabbarov fikirlərini davam etdirərək bildirib ki, həmin subsidiyaların yalnız bir hissəsi bərpaolunan enerji, yaşıl texnologiyalar və iqlimə davamlılıq təşəbbüslərinə yönəldilərsə, transformasiya imkanları daha da genişlənər, təmiz enerjiyə doğru hərəkət sürətlənər, innovasiyaların stimullaşdırılması gerçəkləşər və “yaşıl” iqtisadiyyatda milyonlarla yeni iş yeri yaradılar.

Ekologiya