Son on illikdə Kür çayında, eləcə də Xəzər dənizində su səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə 800 meqavatlıq “Şimal”, 780 meqavatlıq “Cənub” və 525 meqavatlıq “Sumqayıt” elektrik stansiyalarının (ES) fəaliyyəti dayanmaq təhlükəsi ilə üzləşmişdi. Buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ildə “AzərEnerji” genişmiqyaslı layihələrə start verdi.
Soyutma suyunu daha dərin və soyuq hissədən götürmək üçün “Sumqayıt” ES-də 750 metr, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” ES-də isə 540 metr uzunluğunda estakada və nasos stansiyaları tikildi. 2021-ci ildə “Sumqayıt”, 2023-cü ildə isə “Şimal” estakada və nasos stansiyaları istismara verildi. 2020-ci ildə estakadaların tikintisinə başlanılan vaxtdan indiyədək dənizdə su səviyyəsinin düşməsi daha da sürətlənib və 30–40 santimetr azalma qeydə alınıb.
Xəzər dənizi ilə bərabər Kür çayında da su səviyyəsinin düşməsi nəticəsində ölkənin üçüncü böyük elektrk stansiyası olan “Cənub” Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib və nəticədə bu stansiya da dayanmaq təhlükəsindən xilas edilib.
Hazırda “AzərEnerji” adları çəkilən “Şimal”, “Cənub” və “Sumqayıt” elektrik stansiyalarının işini “yaşıl” enerji konsepsiyasına uyğunlaşdırır. Belə ki, ölkədə yeni tikilən və tikiləcək bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və tezliyin tənzimlənməsini təşkil etməklə bu 3 elektrik stansiyasında yeni rəqəmsal tətbiqlərin icrasına başlanılıb.