“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin tam, vaxtında və səmərəli icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan “Makroiqtisadi dayanıqlılıq” üzrə İşçi qrupun növbəti iclası keçirilib.
Toplantıda strategiyanın 2024-cü il üçün nəzərdə tutulan hədəfləri çərçivəsində birinci yarımillik üzrə görülən işlərin monitorinq və qiymətləndirilməsinə dair müzakirə aparılıb. İşçi qrupun sədri, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov adıçəkilən strategiya istiqamətində təmsil etdiyi qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun və İşçi qrupun sədrinin müavini Ayaz Müseyibov “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədi üzrə hesabatın 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiqlənən 15 tədbirin cari ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumatı diqqətə çatdırıb. O, eyni zamanda, tədbirlərin icrası istiqamətində müəyyənləşdirilən çağırışları və tövsiyələri təqdim edib, ilin sonunadək nəzərdə tutulan layihələrin sürətlə həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.