Ölkənin ərzaq təhlükəsizliyi su təchizatı ilə möhkəmləndirilir
Ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə bu istiqamətdə çoxsaylı layihələrin gerçəkləşdirilməsində də əsas məqsəd sahənin daha da inkişaf etdirilməsidir. Aqrar sektorda müasir çağırışlara cavab verən islahatların dərinləşdirilməsi, respublikaya kənd təsərrüfatının inkişafını sürətləndirəcək yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi kimi önəmli hədəflər sırasında Azərbaycanın içməli su təminatının gücləndirilməsi də öndə dayanır. Dünyanın bir sıra yeni qlobal çağırışlarla üz-üzə qaldığı indiki dövrdə su mənbələrinin çatışmazlığı da beynəlxalq aləmi ciddi narahat edir. Buna görə də hazırda etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə dünya ölkələri qarşısında duran strateji istiqamətdir. Azərbaycan da bu baxımdan istisna deyil.
Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bir sözlə, su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması respublikamızda dövlət səviyyəsində həllini tapan problemlərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkəmizdə müəyyənləşdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində çoxsaylı layihələr həyata keçirilib, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülüb. Məsələn, ötən il dövlət başçısı tərəfindən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması məqsədilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalanıb.
Ümumiyyətlə, reallaşdırılan tədbirlər nəticəsində su təsərrüfatı sistemində yüksək göstəricilər qeydə alınıb. Təkcə keçən il magistral kanallar üzrə su limitləri, respublikanin çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq aidiyyəti üzrə təsdiqlənib. Vegetasiya suvarması dövrünün əvvəlinə əsasən, su anbarlarında 13,3 milyard kubmetr həcmində su toplanılıb.
Respublikada suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şorlasmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, həmin sahələrin meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlərə ehtiyac duyulan torpaqlar müəyyənləşdirilib, onların yaxşılaşdırılması üzrə layihələr hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin istismarı gerçəkləşdirilib.
Qeyd edilənlərə baxmayaraq, hazırda mövcud sahədə bir sıra problemlər ciddi narahatlıq doğurur. Belə ki, əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatında torpaq və su ehtiyatlarından səmərəli istifadə ölkəmizdə daim diqqətdə saxlanılır. Respublikamızda əkinçilik üçün yararlı torpaq ehtiyatının məhdud olması, eyni zamanda, yüksək məhsuldarlığın əldə edilməsini şərtləndirən suvarma suyunun tələbatı ödəməməsi bu amilin önəmini daha da artırır.
Havaların quraq keçməsi nəticəsində su ehtiyatının azalması bu gün dünyada XXI əsrin ən böyük problemlərindən biri kimi ciddi narahatlıq yaradır. Hətta son zamanlar, “yaxın gələcəkdə ölkələr arasında su müharibələri olacaq” proqnozu da tədricən öz təsdiqini tapmağa başlayır. Artıq ölkələrarası çayların su ehtiyatlarının bölünməsi üzərində, qlobal müstəvidə olmasa da, lokal münaqişələr baş verir. Təbii ki, bu cür məsələlər ölkəmizi də narahat edir. Çünki respublikamızın əsas su arteriyası sayılan Kür və Arazın su ehtiyatları da getdikcə azalır. Qeyd edim ki, bu çayların mənsəbi ölkədən kənarda formalaşır ki, bu da su asılığımızı daha da artırır.
Respublikamızda daha çox quraqlıq səbəbindən yerüstü su ehtiyatlarının azalması və suvarma zamanı sudan istifadədə həddən çox israfçılığa yol verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatını daha da çətinləşdirib. Belə bir vəziyyət isə suvarma suyunun həcminin düzgün müəyyənləşdirilməsi, suvarma zamanı itkiyə gedən suyun miqdarının minumuma endirilməsi, torpaqların ekoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarma və meliorasiya sistemlərinin iş fəaliyyətinin yenidən təşkil olunması, tərəvəzçilik və əkinçilikdə ən müasir texnologiyaların tətbiqinin diqqətdə saxlanılması zərurətini aktuallaşdırıb.
Fikrimi əsaslandırmaq üçün bir neçə kənd təsərrüfatı bitkisindən yüksək məhsuldarlıq əldə etmək üçün onların rotasiya dövründəki suya olan təlabatına nəzər salaq. Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının istehsalında ən çox su sərfiyyatı suvarma şəraitində becərilən çoxillik əkinlər, pambıq, tütün, tərəvəz, çəltik, bostan, qarğıdalı, yonca bitkilərində və qismən payızlıq taxılaltı əkinlərdə nəzərə çarpır. Məsələn, əgər taxılaltı (buğda, arpa, qarabaşaq) əkin sahələrinin hər hektarından 50 sentner məhsul götürmək planlaşdırılsa, atmosfer yağıntıları nəzərə alınmaqla 5 min kubmetr suvarma suyuna ehtiyac var. Pambıq sahələrində isə yüksək məhsuldarlıq əldə etmək istənilirsə, vegetasiya dövründə bütün aqrotexnoloji şərtləri yerinə yetirmək zəruridir. Belə olan halda bu bitkinin becərilməsi üçün hektara 8–10 min kubmetr suvarma suyu lazım gəlir.
Orta bir rəqəm götürülsə, becərilən bitkilərin normal inkişafı üçün atmosfer yağıntıları hesabına yaranan su ehtiyatının həcmi vegetasiya dövründə ən azı 3 – 3,5 min kubmetr təşkil etməlidir. Əgər nəzərə alınsa ki, ölkəmizdə bu həcmdə su ehtiyatı təbii halda və ya vegetasiya dövründən əvvəl, ya da ondan sonrakı dövrlərdə (qış, nisbətən ilkin yaz və son payız aylarında) yaranır, onda becərilən bitkilərin məhsuldarlığında suvarma suyundan istifadə olunmazsa təbii ki, azalma baş verir. Belə halda, sual ortaya çıxır: Məhsuldarlığın aşağı düşməsinin qarşısını almaq üçün nə etmək lazımdır?
Apardığımız araşdırmalar da deməyə əsas verir ki, əkin sahələrinin ölçülərinin aqrotexnoloji baxımdan kiçik və səmərəsiz olması, strukturunun ildən-ilə elmi əsaslandırma olmadan dəyişdirilməsi, suvarma sistemlərinin torpaqdan istifadə strukturuna uyğunlaşdırılmaması, iri torpaq sahələrinin bölünməsi, bunun nəticəsində yaranan sahələrarası yolların və təsərrüfatdaxili kanalların uzunluğunun artması və s. məhsuldarlığa mənfi təsir göstərir.
Suvarmada su ehtiyatlarından istifadənin göstəricilərinin təhlili onu deməyə əsas verir ki, bütün bu problemlərin kökündə duran əsas məsələ ölkədə aparılan torpaq islahatından sonra, bazar iqtisadiyyatının formalaşması dövrünün əvvəllərindən başlayaraq həyata keçirilən institusional tədbirlər və qəbul edilən qanunvericilik bazası, əsas etibarilə mövcud suvarma və meliorativ infrastrukturun dağılmadan qorunması və lazımi səviyyədə saxlanması baxımından axtarış xarakteri daşıyıb və xırda təsərrüfatçılıq şəraitində mövcud suvarma sistemlərindən və su ehtiyatlarından necə istifadə oluncağı dərindən təhlil edilməyib. Bu isə ölkədə uzun müddət mövcud mərkəzləşmiş idarəetmə fonunda xırda torpaq mülkiyyətçiliyinə əsaslanan kənd təsərrüfatının təşkili sahəsindəki təcrübəsizlikdən, fermerlərin torpaq sahələrindən düzgün istifadə etmək üçün zəruri biliklərinin olmamasından irəli gəlib.
Fikrimcə, ilkin mərkələdə torpaq istifadəçiliyində sudan qənaətlə istifadənin təşkili ilə bağlı kompleks yanaşma yollarının təhlil olunması, pay torpaqlarının pərakəndəliyi şəraitinin nəzərə alınması və bunun əsasında suvarma və meliorasiya sistemlərinin təkmilləşdirilməsi mövcud vəziyyəti dəyişə bilər. Amma indiki su resurslarının çatışmazlığı şəraitində əsas çıxış yolu kiçik fermer təsərrüfatlarının birləşərək birgə iş birliyi sisteminin yaradılması, müasir suvarma texnologiyalarına üstünlük veilməsi ilə mümkündür.
Teymur NİZAMZADƏ,
Bakı Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru