Kənd təsərrüfatı heyvanları və bitkilərinin, xüsusilə tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta” tədbirində ətraflı müzakirə edilib. Bu barədə Aqrar Sığota Fondu məlumat yayıb.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov kənd təsərrüfatı üçün böyük imkanların olduğu rayonda əkinçiliyin və heyvandarlığın inkişaf etdiyini bildirib. Qeyd olunub ki, Salyan rayonunda 41 min hektardan artıq əkin sahəsinin 14 min hektarı taxıl, 10 min hektarı pambıq, təqribən, 14 min hektarı isə yonca əkinlərinin payına düşür. Bununla yanaşı, Salyanda geniş meyvə bağları, tərəvəz, bostan bitkiləri, çəltik və şəkər çuğunduru da becərilir. Hazırda buradakı üzüm bağlarının sahəsi 1200 hektara yaxındır.
Salyan rayonu üzrə əkin sahələrinin yalnız 5 min hektarının sığotalandığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı bunun qənaətbəxş olmadığını vurğulayıb. Buna görə də o, fermerləri dövlət tərəfindən yaradılan belə bir əlverişli imkandan istifadə etməyə və təsərrüfatlarını sığortalamağa çağırıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu idarə heyətinin sədri Fuad Sadıqov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Fond sədrinin sözlərinə görə, aqrar sığorta haqqına 50 faizlik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər. Diqqətə çatdırılıb ki, aqrar sığorta əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətərindən sığorta edir.
Ölkəmizdə aqrar sığortadan faydalanan fermerlərin sayının getdikcə artdığını bildirən fond rəhbəri buna misal olaraq deyib ki, 2022-ci ildə müxtəlif hadisələrdən zərər çəkən fermerlərə 2,4 milyon manat sığorta ödənişi edildiyi halda, ötən il bu rəqəm 4,4 milyon manata, cari ilin 7 ayında isə 3,3 milyon manata yüksəlib. Onun sözlərinə görə, ilin sonunda bu məbləğin daha yüksək olacağı gözlənilir.
Bildirilib ki, Şirvan–Salyan iqtisadi rayonunda indiyədək əkin sahələrinə dəymiş zərərlə bağlı, ümumilikdə, 686 min manat, heyvandarlıq sığortası üzrə isə 96 min manat sığorta ödənişi edilib. Payızlıq taxıl mövsümünün yaxınlaşdığını xatırladan fond sədri fermerləri əkin sahələrini çoxsaylı risklərdən qorumağa və sığorta olunmağa çağırıb.
Tədbirdə sığorta haqları və sığorta ödənişləriin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş prosesi barədə də məlumat verilib. Qeyd olunub ki, Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7 manata, eyni məbləğdə arpa məhsulunun sığortası 9 manata, narın sığortası 8 manata, xurmanın sığortası isə 11 manata başa gəlir. Salyanda geniş yayılmış bostan bitkilərinə gəlincə isə, 1000 manatlıq pomidorun sığortalanmasını 10 manata, eyni məbləğdə qarpızın sığorotalanmasını isə cəmi 11 manata təmin etmək mümkündür. Bununla yanaşı, əlavə vəsait ödəməklə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmasından da sığortalamaq olar.
Ümumilikdə isə bu və digər məlumatlar fermerlərin böyük marağına səbəb olub. Təsərrüfat sahiblərinin sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair hallarla bağlı çoxsaylı sualları da mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Eyni zamanda, femerlərə bildirilib ki, onlar sığorta müqaviləsinin olmasını və qüvvəyə minməsini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Şəhadətnaməni yoxla” bölməsindən dəqiqləşdirə, sığorta haqlarını isə qurumun saytındakı “Sığorta kalkulyatoru” vasitəsilə hesbalaya bilərlər.
Tədbirdən sonra Salyan rayonunun bir sıra təsərrüfatlarına baş çəkən Aqrar Sığorta Fondunun sədri F. Sadıqov femerlərlə görüşüb, onların suallarını cavablandırıb.