Təbiətə vurulan zərbə insanlığa açılan atəşdir

post-img

Müasir dövrdə bəşəriyyət insanların praktiki fəaliyyətinin nəticəsi olaraq qlobal ekoloji böhranla üz-üzə qalıb. Bu barədə qəzetimizə açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirdi: 

– Hazırda qlobal çirklənmə dünyanı düşündürən ən ciddi məsələlərdəndir. Xüsusən, ha­vanın çirklənməsi və radioaktiv fonun yüksəlməsi əsaslı təhlükə yaradır. Qloballaşma dövründə ətraf mühitin çirklənməsinin ən böyük səbəbi insanların praktiki fəaliyyəti ilə bağlıdır. Atmosferə buraxılan karbon qazı, metan və digər qaz tullantılarının artan həcmi də bu fəaliyyətdən bəh­rələnir. 

Böyük təbiət alimlərindən biri deyib ki, ətraf mühiti qorumağa ehti­yac yoxdur, o özü özünü qoruya bilir. Amma mühit davamlı olaraq çirklən­dikcə, o nəinki özünü qoruya bilir, ək­sinə, bizi də xəstələndirir. Ona görə də insanlığın borcudur ki, ətraf muhiti çirkləndirdiyi kimi onu təmizləməyin də qayğısını çəksin. Çünki gündən-günə artan istehsal, atmosferə atılan qazlar, neftin ətraf mühitə dağılması ilə sula­rın, torpağın çirkləndirilməsi, istərsə də müxtəlif radiasiya mənbələrinin bu sahədəki rolu və sair amillər ətraf mü­hitə zərbə vurmaqla insanlıq üçün dö­zülməz şərait yaradır. 

Nəfəs aldığımız havanın keyfiyyəti sürətlə pisliyə doğru dəyişir. Havadakı zəhərli maddələr bitkilər vaitəsilə insa­nın qida zəncirinə daxil olur. Bu çirklən­mələr insanı zəhərləyir. Məsələn, Bakı şəhərində hava çirklənməsi normadan 3–4 dəfə artıqdır. Dəm qazı, azot, kü­kürd oksidlərinin çoxluğu ətraf mühiti davamlı olaraq zəhərləyir. Ətraf mühi­tin çirklənməsi yüksəldikcə xəstəliklər artır, insanların iş əmsalı və həyat sə­viyyəsi aşağı düşür. 

– Bunun qarşısını almaq müm­kündürmü? 

– Ətraf mühitin çirklənməsinin qar­şısının alınması üçün, ilk növbədə, yeni texnologiyaların tətbiq olunması vacibdir. Eyni zamanda, tullantıların düzgün idarə olunması da önəmlidir. Məsələn, avtomobillərdən ətraf mühitə buraxılan havanı çirkləndirən zəhərli qazların katalizatorlar vasitəsilə tutul­ması faydalı ola bilər. Və yaxud bərk tullantıların yandırılması mümkün üsül­lardan biridir. Neftlə çirklənməyə gə­lincə, modern texnologiyalar tətbiqi ilə hasilat, buruq sularının idarə olunması və başqa işlər çirklənməni azalda bilər. Onu da qeyd edim ki, bu işdə hər bir sahənin özünəməxsus tədbirləri var və onların səmərəli tətbiqi ətraf mühitin normallaşdırılmasına töhfə verə bilər. 

– İnzibati tədbirlər, cərimələr, cə­zalar necə?

– Cərimələr indi də tətbiq edilir. Bu inzibati metodun ətraf mühitin çirklən­məsinin qarşısının alınmasında müəy­yənköməyi olur. Amma insanların ma­arifləndirilməsi, onlara lazımı bilik və informasiyaların verilməsi əsas metod olmalıdır. Mühit çirkləndikcə xəstəliklər artır. Hər bir halda, insan başa düşmə­lidir ki, ətraf mühitin qorunması sağ­lamlığın qorunmasında mühüm amildir. Çirklənmənin qarşısı alınmazsa, onun fəsadlarının öhdəsindən gəlmək çətin olar, çoxalan infeksiyalar xəstəliklərin yaranmasına və yayılmasına münbit şərait yaradır. 

Çirklənmənin artması təbiətə böyük zərbədir. Hesab edin ki, ətraf mühitdə baş verən deqradasiya bitki aləmini məhv edir. Qida, o cümlədən, mey­və, tərəvəz qıtlığı yaranır, olanlar da zəhərlidirsə, onun fasadlarından can qurtarmaq çətinləşir. Ona görə də ətraf mühitin çirklənməsini dayandırmaq in­sanlığın bir nömrəli hədəfidir. Cəzadan çox, maarifləndirmə və məlumatlandır­ma əsas metod olmalıdır. 

Söhbəti hazırladı:
Nəzrin SALMANOVA,
BDU jurnalistika fakültəsinin tələbəsi

Ekologiya