Atəşkəsə baxmayaraq, Qəzza sakinlərinin tibbi ehtiyacları hələ də böyükdür. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Məlumatı “Anadolu” yayıb.
O bildirib ki, təşkilat səhiyyə xidmətlərinin son dərəcə məhdud olduğu və əhalinin əhəmiyyətli bir hissəsinin onlara çıxışı olmadığı anklavın şimalında yeni bir ailə sağlamlığı mərkəzinin yaradılmasını dəstəkləyir.
ÜST rəhbərinin qeyd etdiyi kimi, yeni mərkəz birbaşa icmalara yardım göstərir. “Qəzza boyunca səhiyyə ehtiyacları çox böyükdür”, - deyə Qebreyesus X sosial media paylaşımında vurğulayıb.
O, səhiyyə sisteminin genişmiqyaslı bərpası üçün zəruri dərman və ləvazimatların maneəsiz və dərhal idxalı ilə bağlı çağırış edib. ÜST rəhbəri həmçinin dərman təchizatına mane olan bürokratik maneələrin aradan qaldırılmasını və regiona humanitar yardımların girişinə qoyulan məhdudiyyətlərə son qoyulmasını tələb edib.
P.ƏMİRCANOV
XQ

