İranla sərhəddə daha bir gömrük məntəqəsi

post-img

İranla sərhəddə yeni gömrük və nəqliyyat infrastrukturu formalaşdırılır. “Ağbənd” gömrük keçid məntəqəsinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, Gömrük Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı məlumat verib.

Məlumata görə, layihə çərçivəsində Azərbaycan–İran sərhədində yerləşən Ağbənd avtomobil yolu körpüsü mühüm rol oynayır. Körpünün təməli 21 sentyabr 2022-ci ildə qoyulub. Uzunluğu 112 kilometr olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Araz çayı üzərində inşa edilən bu körpü vasitəsilə İranın yol şəbəkəsinə birləşdiriləcək. Layihəyə əsasən, körpünün uzunluğu 216 metr, eni isə 24,5 metr təşkil edir. Hər iki istiqamət üzrə iki hərəkət zolağı ilə yanaşı, piyadalar üçün ayrıca keçid zolağının yaradılması nəzərdə tutulub.

Layihənin inkişaf mərhələsində mühüm addımlardan biri də 2023-cü il oktyabrın 6-da atılıb. Həmin tarixdə Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Azərbaycan və İran hökumətləri arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində avtomobil körpüsü, sərhəd-gömrük infrastrukturu və sahilbərkitmə işlərini əhatə edən kompleks layihənin təməlqoyma mərasimi keçirilib. Bununla da tikinti prosesinin aktiv fazasına start verilib. Eyni zamanda, layihə yalnız avtomobil nəqliyyatı ilə başa çatmır.

Ağbənd istiqamətində Horadiz–Ağbənd dəmir yolu xəttinin inşası da davam etdirilir. 2021-ci ilin fevral ayında təməli qoyulan bu dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir və tikinti işləri üç mərhələ üzrə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 9 stansiyanın, onlarla körpü və digər mühəndis qurğularının inşası nəzərdə tutulur. Həmçinin Araz çayı üzərində dəmir yolu körpüsünün salınması planlaşdırılır ki, bu da xəttin İran istiqamətində davamlılığını təmin edəcək.

Qeyd edək ki, Araz çayı üzərində inşa olunan yeni körpü regionun nəqliyyat sistemində mühüm strateji əhəmiyyətə malik infrastruktur layihəsi hesab olunur. Dövlət rəsmilərinin sözlərinə görə, layihə Azərbaycan ilə İran arasında əlaqələrin genişlənməsinə xidmət etməklə yanaşı, beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına yönəlib. Körpü iki əsas beynəlxalq nəqliyyat marşrutu – Şimal-Cənub nəqliyyat dəhlizi və Şərq-Qərb nəqliyyat dəhlizi üçün xüsusi əhəmiyyət daşıyır. Şimal-Cənub dəhlizi Hindistan, İran, Azərbaycan və Rusiya üzərindən Avropaya çıxışı təmin edən alternativ marşrut kimi formalaşır. Araz üzərində salınan körpü bu xətt üzrə yük daşımalarının daha sürətli və çevik təşkilinə imkan yaradacaq, logistika xərclərinin azalmasına şərait formalaşdıracaq.

Mütəxəssislər bildirirlər ki, ümumilikdə, sözügedən marşrut bir sıra ölkələr, o cümlədən Rusiya və İran, eləcə də Şərq ölkələri və Avropa üçün mühüm əhəmiyyət daşıyır. Zəngilan istiqamətində inşa olunan körpüyə Çinin də ciddi maraq göstərdiyi müşahidə olunur. Nəzərə alınmalıdır ki, yeni yol gələcəkdə əsas logistika qovşaqlarından biri kimi çıxış edəcək. Ekspertlərin sözlərinə görə, logistika mərkəzlərinə sahib olan ölkələr bu üstünlükdən əhəmiyyətli iqtisadi gəlirlər əldə edirlər. Layihə çərçivəsində həm dəmir yolu, həm də avtomobil yolunun mövcudluğu Azərbaycanın tranzit imkanlarını genişləndirəcək və ölkəyə əlavə gəlir axını təmin edəcək.

Sözügedən körpü Naxçıvan üçün həyati əhəmiyyət daşıyır. Uzun illərdir blokada şəraitində olan muxtar respublika bu infrastruktur layihəsi nəticəsində Azərbaycanın qərb bölgələri ilə marşrut əlaqəsi yaradacaq. Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.

* * *

Asiya İnkişaf Bankı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində üzv ölkələr üçün yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafını nəzərdə tutan layihəni təsdiqləyib. Bu barədə bank tərəfindən məlumat yayılıb.

Layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Təşəbbüsün icrası 1 milyon ABŞ dolları məbləğində Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdiriləcək.

Texniki yardım sərhəd-keçid məntəqələrinin inkişafında iqlim dəyişiklikləri və innovativ həllərin tətbiqini nəzərə almaqla həyata keçiriləcək. Əsas məqsəd CAREC regionunda nəqliyyat və ticarət axınlarının daha səmərəli təşkili, sərhəd prosedurlarının modernləşdirilməsi və iştirakçı ölkələrə institusional dəstəyin göstərilməsidir. Təşəbbüs çərçivəsində CAREC nəqliyyat dəhlizləri boyunca kiçikmiqyaslı layihələrin maliyyələşdirilməsini nəzərdə tutan BUILD mexanizmindən istifadə olunacaq. Bu mexanizm vasitəsilə sərhəd infrastrukturunun modernləşdirilməsi layihələrinin təşviqi planlaşdırılır.

Texniki yardım proqramı azı üç prioritet sərhəd-keçid məntəqəsi üzrə layihə sənədlərinin hazırlanmasını (ilkin əsaslandırma, texniki-iqtisadi əsaslandırma və kompleks ekspertiza daxil olmaqla), həmçinin BUILD mexanizmi vasitəsilə maliyyələşdiriləcək layihələr üçün yeni yanaşmanın işlənib hazırlanmasını əhatə edir. Eyni zamanda, CAREC ölkələrinin sərhəd infrastrukturunun idarə olunması və inkişafı sahəsində institusional potensialının gücləndirilməsi də nəzərdə tutulur.

Layihənin icrası nəticəsində sərhəd-keçid məntəqələrində infrastrukturun və əməliyyat prosedurlarının təkmilləşdiriləcəyi, CAREC nəqliyyat şəbəkəsi üzrə ticarət əməliyyatlarında vaxt və xərclərin azalacağı proqnozlaşdırılır.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat