BFMTV-nin məlumatına görə, Fransa Silahlı Qüvvələri üç ay davam edəcək və 24 ölkənin iştirak edəcəyi “Orion 26” adlı genişmiqyaslı hərbi təlimə hazırlaşır. Təlimlər fevralın 8-də Fransanın Atlantik sahillərində başlayacaq və 30 aprelə qədər davam edəcək. Təlimlərdə 12500 fransız hərbi qulluqçusu, “Şarl de Qoll” təyyarədaşıyan gəmisi daxil olmaqla 25 gəmi, 140 təyyarə və helikopter, həmçinin müxtəlif növlərdə 1200-dən çox dron iştirak edəcək. Təlimlərə əsasən Avropa ölkələri, habelə ABŞ, Kanada və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla ümumilikdə 24 ölkədən qoşunlar qoşulacaq.
Fransa bu miqyasda əvvəlki sonuncu təlimini 2023-cü ildə keçirmişdi. “Orion 26” xüsusilə yüksək realizm səviyyəsi ilə seçilir və müasir münaqişənin bütün mərhələlərini – hibrid münaqişədən yüksək intensivlikli müharibəyə qədər simulyasiya etməyə imkan verir. Təlimlər amfibiya və hava əməliyyatları ilə başlayacaq. Ssenariyə əsasən, hərbi qüvvələr şərqdə ekspansionist qonşu “Merkuri” ilə qarşılaşan uydurma tərəfdaş dövlət “Arlanda” dəstək verir.
7-30 aprel tarixlərində təlimlər Şampan bölgəsindəki (Şərqi Fransa) poliqonlara köçürüləcək. Burada Avropa ordularının NATO strukturlarına tam inteqrasiya qabiliyyəti sınaqdan keçiriləcək. Təlimlər çərçivəsində Fransa NATO-nun şərq cinahında Rusiya ilə mümkün qarşıdurma ssenarisində düşmənin hibrid hərəkətlərinə qarşı mülki və hərbi aktivlərin cavabını və koordinasiyasını yoxlamaq üçün 12 nazirliyi cəlb edəcək. Bundan əlavə, Fransa ordusu dronlar, peyk əleyhinə maneələr və elektron müharibə sahəsindəki yenilikləri də sınaqdan keçirməyi planlaşdırır.
Qeyd edək ki, bu ay NATO Almaniyanın ev sahibliyi edəcəyi genişmiqyaslı “Steadfast Dart 26” təliminə başlayıb.
S.ELAY
XQ

