Bu gün Avropanın böyük bir hissəsini şaxtalar bürüyüb.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında Niderlandda ölkənin dəmir yolu şəbəkəsində mövcud problemləri daha da ağırlaşdıran IT sistemindəki nasazlıq səbəbindən bütün daxili dəmir yolu daşımaları dayandırılıb. “Reuters” yazır ki, ölkənin bəzi rayonlarında qatarların hərəkəti Qrinviç vaxtı ilə saat 09:00-dan sonra bərpa edilsə də, məşhur turizm istiqaməti olan Amsterdam ətrafında problemlər qalmaqda davam edib. Amsterdamdan Parisə hərəkət edən “Eurostar” sürətli qatarları ya ləğv edilib, ya da gecikib. “Sxiphol” hava limanında 400-dən çox reys ləğv olunub. Onların əksəriyyəti “Air France” aviaşirkətinin Niderland bölməsi tərəfindən həyata keçirilən reyslər olub. Qışın kəskin şaxtalı havası artıq ardıcıl beşinci gündür Avropanın əsas tranzit qovşaqlarından birində nəqliyyatın hərəkətini iflic edir.
Almaniyada bu səhər tezdən ölkənin cənub və şərq hissələrində temperatur mənfi 10 dərəcədən xeyli aşağı düşüb. Ölkənin böyük bir hissəsi, o cümlədən Şimal dənizi sahilinə yaxın yerləşən bölgələr qarla örtülüb. Həmin ərazilərdə güclü qar yağması son illərdə getdikcə daha nadir hal alır. Meteoroloqlar cümə günü ölkəyə fırtınanın daxil olacağını proqnozlaşdırırlar. Proqnoza görə, şimal və şərq rayonlarında güclü qar yağacağı gözlənilir.
Fransada uzunmüddətli kəskin soyuqlar səbəbindən bazar ertəsi Paris ətrafında və ölkənin böyük hissəsində yağan qardan sonra gecə saatlarında temperatur mənfi göstəricilərə enib. Fransanın qərbində və şimalında yerləşən altı kiçik hava limanı bağlanıb, lakin Parisin iki əsas hava limanında reyslərin ləğvi gözlənilmir.
Nəqliyyat naziri Filip Tabaro insanları yollardan mümkün qədər az istifadə etməyə və evdən işləməyə çağırıb. O xəbərdarlıq edib ki, əriyən və gecə yenidən donan qar təhlükəli yol şəraiti yaradır.
“BFMTV” və Fransanın digər media orqanlarının məlumatına görə, bazar ertəsindən bəri şaxtalarla bağlı baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində beş nəfər ölüb. Parisdə bazar ertəsi iş bərpa olunduqdan sonra avtobusların hərəkətində də pozuntular müşahidə edilib.
Bu həftə güclü qar və yağışların yağması Qərbi Balkanlarda da xaosa səbəb olub - yollar bağlanıb, elektrik enerjisinin verilişi kəsilib, çaylarda daşqınlar baş verib. Sarayevoda qarın ağırlığına tab gətirməyən ağac bir qadının üzərinə aşıb və o, aldığı xəsarətlərdən həyatını itirib.
Bu arada, Böyük Britaniyanın Meteorologiya İdarəsi bildirib ki, qeyri-sabit şaxtalı hava şəraiti həftə ərzində ölkənin böyük hissəsində davam edəcək. Mərkəzi Şotlandiyada gözlənilən qarlı hava ilə əlaqədar narıncı xəbərdarlıq elan edib.

