Ərdoğan Şimali Makedoniyanın baş nazirini qəbul edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Makedoniyanın baş naziri Xristian Mitskoski arasında danışıqlar başa çatdıqdan sonra Dolmabağçadakı Prezident Aparatında imzalanma mərasimi və birgə mətbuat konfransı keçirilib. Məlumatı “Anadolu” verib.

Prezident Ərdoğan türk şirkətlərinin Şimali Makedoniyadakı uğurlu fəaliyyətindən danışaraq deyib ki, Türkiyənin ölkədə bank, səhiyyə, təhsil, turizm və bərpa olunan enerji sektorlarına yatırdığı investisiyalar 2 milyard dollara yaxınlaşıb.

Prezident məlumat verib ki, danışıqlar zamanı tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi yollarını müzakirə ediblər, nəticədə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası mexanizmi yaradılıb.

Ərdoğan Şuranın ilk iclasını keçirmək üçün yaxın vaxtlarda Skopyeyə səfər etmək arzusunda olduğunu bildirib. Dövlət başçısı ölkələr arasında ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılması üçün atıla biləcək addımların bugünkü danışıqların mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Onun fikrincə, ölkələrimiz arasında azad ticarət sazişinin yenilənməsi, şübhəsiz ki, bu səylərə öz töhfəsini verəcək.

Tərəflər hərbi əlaqələri və müdafiə sənayesində birgə layihələri də diqqətlə qiymətləndiriblər. Ərdoğan xatırladıb ki, Türkiyə Şimali Makedoniyanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.

 

P.ƏMİRCANOV

XQ

Dünya