Xoş gəldin, Ramazan!

post-img

“11 ayın sultanı” yenidən həyatımızda

Qurani-Kərimdə Ramazanın Allaha yaxınlaşma, günahlardan təmizlənmə, mərhəmət və ibadət ayı olduğu bildirilir. Allah-Təala möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə etdi.

...Mübarək Ramazan ayını digər aylardan iki əsas cəhət fərqləndirir. Birincisi, Qurani-Kərim bu ayda nazil olub. Digəri isə oruc tutmaq müsəlmanlara bu ayda vacib buyurulub. Oruc tutmaq İslamın beş vacib şərtindən biridir. Oruc təkcə İslam dinində deyil, həm də bütün səmavi dinlərdə Allah tərəfindən göndərilən sabit hökmdür. Qurani-Kərimdə bu hökm belə açıqlanır: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz!” (“Əl-Bəqərə” surəsi, 183-ci ayə).

“Ramazan ayı insanlara doğru yolu göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olunduğu aydır. Sizdən hər kim o aya yetişsə (Ramazan hilalını görsə) oruc tutsun. Xəstələnənlər, yaxud səfərdə olanlar isə (tutmadığı günlərin sayı qədər) başqa günlərdə tutsunlar. (“Əl-Bəqərə” surəsi, 185-ci ayə).

... Oruc insana sevgi, mərhəmət, qayğıkeşlik kimi ülvi hissləri aşılayır. Bu ibadət insanın özünü yeməkdən məhrum etmək məqsədilə deyil, imkansızlara yardım əlini uzatmaq, ilin on bir ayında onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. Varlı müsəlman müvəqqəti də olsa kasıblığın, aclığın halını dadır. Bu isə onlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına təkan verir. Qarşıdan sağlamlıq və xoşbəxtliyin sadəcə mədəni doldurmaq olmadığını öyrədən, ruhu paklaşdıran və yüksəldən günlər gəlir. Ramazan bədənə şəfa, könülə səfa bəxş edən, rəhmət, bərəkət və müjdələrlə dolu bir aydır. Bu ayda hətta mələklər də insanlara qiptə edirlər.

...Vətən sevgisi imandandır, – deyiblər. Şükürlər olsun ki, artıq beşinci Ramazanı alnıaçıq, üzüağ, böyük Zəfər muradına çatmış xalq kimi qarşılayırıq. Azad, bütöv və suveren yurdumuza bu müqəddəs ayın öz fəzilətlərini ərmağan edəcəyinə inanırıq.

İnsanı ayaqda tutan, uğurlara aparan ən böyük güc onun inancıdır. Ramazan ayı hər şeyin Haqdan gəldiyinə tərəddüdsüz inandığımızı təsdiqləyən mübarək aydır. Ramazan ayı Qurani-Kərimin nazil olduğu, eyni zamanda, min aydan daha xeyirli Qədr gecəsini özündə gizlətdiyi aydır. Bu gecə Allahın rəhm qapısı taybatay bəndələrinin üzünə açılar. Ramazan ayında möminlərin üzərinə qoyulan vəzifə oruc tutmaq, mübarək ayın sonunda fidyə verib, bayramqabağı imkansız dindaşlarını sevindirməkdir. İbadətlər arasında orucun xüsusi yeri var. Axı, kimin oruc tutub-tutmadığını Allahdan başqa kimsə bilməz. Yəni, oruc tutmaq göstərişlə yerinə yetirilməsi mümkün olmayan, bəndənin Tanrının hüzurunda ibadətidir. İbadətin birinci şərti isə insan qəlbini qırmamaqdır. Bu mənada Ramazan günahların bağışlanması üçün ən münasib ay sayılır. Oruc tutan bu ayda yaşadığı aclıq və susuzluqla Qiyaməti yada salır. Bundan daha vacibi isə kasıblara sədəqə verir, qocalara ehtiram, uşaqlara mərhəmət, yetimlərə isə nəvaziş göstərir.

...Oxuculara xatırladaq ki, həddi-buluğa çatmayan uşaqların oruc tutması vacib deyil. Qızların 9 yaşından, oğlanların isə 15 yaşından etibarən, sağlamlıqları imkan verirsə, bu ibadətə əməl etmələri caiz sayılır. Onlar üçün ilahi sevgi ilə oruc tutmaq, Ramazanın aşıladığı bəşəri duyğuları hiss etmək ayrı aləmdir. Bəndənin Yer üzündəki maddi nemətlərdən əlini çəkdiyi, Göydəkinin mənəvi ruzisi ilə can süfrələrinin açıldığı aydır Ramazan. İnsan xislətindəki nəfsin əl-qolunun bağlandığı, İlahi eşqin və iman ordusunun nəfsə qarşı cihada qalxdığı, möminlərin Eşq və İman Sahibinin bayrağının altında səf düzüldüyü aydır Ramazan. İslam Peyğəmbərimiz (s.ə.s.) kəlamlarından birində buyurur: “Səbr xoş bir buluddur, ondan hikmət və mənəvi lütf yağar”. Məhz bu səbəbdəndir ki, Quran səbr ayında nazil olub. Bəli, bəndəni günah işləməyə təşviq edən nəfs də hər zaman saflaşmağa möhtacdır.

...Ramazan həm də düşüncəyə yardımlaşmanın, kasıba əl tutmaq, zəkat vermək savabının hakim kəsildiyi aydır. Dinimizə görə, bu müqəddəs ayda edilən ibadətlərin birə on, birə yetmiş, hətta birə yeddi yüz qat savab gətirdiyini bilən müsəlmanlar zəkatlarını Ramazanda verirlər. Bu zaman onlar həm rəhmət xəzinəsindən yararlanmağı, həm də ehtiyacı olan insanları Ramazanda sevindirməyi düşünürlər.

...Bu dünyada rəhmət və mərhəmətin, o dünyada Cənnətin yolunu müjdələyən mübarək Ramazan ayında Allah-Təala Onun rizası üçün oruc tutan bütün müsəlmanların ibadətini Öz dərgahında qəbul eləsin! Yerin, Göyün Tanrısı saf niyyətli, savab əməl sahiblərini layiq olduqları mərtəbəyə qovuşdursun! Amin!

İ.HƏSƏNQALA
XQ

Sosial həyat