Zelenski Makron və Finlandiya prezidentinə Kelloqla apardığı danışıqlardan danışıb

post-img

Ukrayna prezidenti Vladimir Zelenski finlandiyalı və fransalı həmkarları Aleksandr Stubb və Emmanuel Makronla telefon danışığı aparıb.

“European Pravda” xəbər verir ki, bu barədə Zelenski X (Twitter) səhifəsində yazıb.

Makron və Stubb ilə söhbətində Zelenski onlara ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloqla apardığı danışıqlar barədə məlumat verib.

Onun sözlərinə görə, Stubb ilə söhbət zamanı təhlükəsizlik zəmanətləri, silah və sursat təchizatı, həmçinin Ukraynanın müdafiə sənayesinə sərmayələr də müzakirə olunub.

"Mən ona general Kelloqla bugünkü görüş barədə də danışdım. Ukrayna, ABŞ və Avropa birlikdə hərəkət etməli və birlikdə danışıqlar masası arxasına əyləşməlidir. Birgə plan və əlaqələndirilmiş addımlar hamımızın ehtiyac duyduğumuz və əldə edəcəyimiz ədalətli və davamlı sülhün əsasıdır", - Ukrayna prezidenti vurğulayıb.

Bundan əlavə, Zelenski əlavə edib ki, o, Makronla “təhlükəsizlik təminatları ilə bağlı fikirləri müzakirə ediblər – ədalətli və davamlı sülh bizim ümumi məqsədimizdir və biz bunun üzərində birgə işləyirik”.

Bundan əvvəl Zelenski Kelloq ilə görüşünün cəbhədəki vəziyyət və Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı olduğunu bildirib.

Xatırladaq ki, fevralın 19-da ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu vəzifədə işlədiyi müddətdə ilk dəfə Kiyevə gəlib.

Xarici işlər naziri Andriy Sibiqa bildirib ki, amerikalı general ilə görüşdə o, Ukrayna tərəfinin güc vasitəsilə sülhə necə nail olacağına dair baxışını izah edib və Ukrayna təhlükəsizliyinin və transatlantik təhlükəsizliyinin bölünməzliyini vurğulayıb.

S.ELAY

XQ

Dünya