Azərbaycanda Birinci vitse-prezidentlik institutu – ilk innovativ-siyasi-mədəni idarəetmə strategiyası

post-img

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub

XXI əsrin geosiyasi reallığına fərqli rakursdan diqqət yetirəndə dünya dövlətlərində qarşıdurmalar, çətinliklər, müharibələr, savaşlar, dağıntılar, miqrasiyalar, “su davaları”, kataklizmlərlə müqayisədə suveren Azərbaycanda daxili sabitlik, dövlət – xalq – ordu birliyi, birgəyaşayış həyat tərzi, həmrəylik... nəzəri çəkir. Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar zəminində ölkə modern inkişaf xəttinə yönəlik strateji yolu seçibdir. Ölkəmizdə məhz daxili siyasi-ictimai və vətəndaş həmrəyliyi sabitlik amilini nizamlayır.

Yeni reallıqlar fəlsəfəsində Azərbaycanın yeni dövrdə inkişafının çoxtərəfli tərəqqisinin əsasını Prezident İlham Əliyev siyasi xətti ilə ölkənin imkan və potensialının qarşıya çıxan hədəf və çağırışları paralelliyində, respublikanın strateji prioritetləri zəruriləşdirir. XXI əsrin üçüncü onilliyində respublikanın inkişaf mənzərəsi Prezident İlham Əliyev siyasi iradəsindən və praqmatizmindən irəli gələn “Güclü Azərbaycan” modeli paradiqması yeni innovativ tərəqqini gerçəkləşdirən islahatlarla səciyyələnən reallıqlar olub, həmçinin 2020-ci il Vətən müharibəsinin Zəfərlə bitməsindən sonra postmüharibə dövründə də ardıcıllıqla həyata keçirilən yenilənmələr çoxşaxəlidir.

Cənubi Qafqaz ölkələrində yeni reallıqların meydana çıxması ilə maraq və tələblər də dəyişir, yenilənir. İnstitusional islahatlar ölkədə milli dövlət idarəetmə sisteminin zamanın dəyişən hədəf və tələblərinə uyğun qurulmasını zəruri edir. İslahatlar institusional qurumların, dövlət və hakimiyyət sisteminin dəyişən tələb və çağırışlarına uyğun mexanizmlərini şərtləndirir.

XXI əsr dünyanın dəyişən yeni nizamında dövlət, dövlətçilik institutunda, idarəetmə metod və formaları da oxşar və fərqlidir. Dövlət idarəetmə sistemi onun tərkib hissəsi olan icraedici, qanunverici və məhkəmə hakimiyyətlərindən ibarətdir. Bütün xalqlar xaos, özbaşınalıq, anarxiyanın öz ölkələrində qarşısını almaq üçün sabit idarəetmə sistemi və onun tərkib hissələrini təsis edirlər.

Demokratik quruluşlarda ölkə vətəndaşları və onu təmsil edənlər, hakimiyyət qarşılıqlı vətəndaş münasibətlərini tənzim edə bilirsə, bu, demokratik sistemdir. Belə quruluşlarda da çox yayılan siyasi idarəetmə forması prezident və parlament respublikaları və onların tərkib hissələridir.

Dünyada dövlət idarəetməsində prezidentlik institutlarının fərqli modelləri olmasına baxmayaraq, bu təsisat beynəlxalq aləmdə siyasi qüvvələrin mübarizəsindən yuxarıda olan, konstitusiyaya riayət olunmasını, xalqın ehtiyac və maraqlarının təminatçısı və milli birliyin rəmzi kimi qəbul olunur. Dövlətlərin idarəçilik sistemində prezidentlik institutu idarəetmə formasından asılı olaraq siyasi, tarixi dövlətçilik yolunu, siyasi mədəniyyətini və s. ehtiva edərək, bir sıra amil və hakimiyyət sistemində də müxtəlif yer, rol və xüsusiyyətləri ortaya qoyur.

Bu kontekstdən Azərbaycanda dövlət siyasi idarəetmə formasına nəzər yetirək.

Prezidentlik institutu müstəqil Azərbaycanda dövlət hakimiyyəti sistemində əsas siyasi idarəetmə paradiqmasıdır. Zamanın tələblərinə uyğun olaraq prezidentlik institutu özünün təşəkkülü və inkişafında yeniləşərək, Ali Qanuna – Konstitusiyaya dəyişikliklər və islahatlar nəticəsində daha da təkmil metoda keçibdir.

Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında “dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edir”.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən Referendumda dövlət siyasi-ictimai idarəçiliyində ilk və yeni institutu – Birinci vitse-prezidentlik yaradıldı. Müstəqil Azərbaycanda Birinci vitse-prezidentlik institutunun formalaşdırılması dövlət siyasi idarəçiliyində funksional vahid olaraq ölkənin də idarəetmə sistemində yeni və aktuallıq kəsb edən göstəricidir.

2016-cı il 26 sentyabr Referendumunda Konstitusiya dəyişiklikləri, eləcə də Birinci vitse-prezidentlik təsisatının yaradılması Prezident İlham Əliyevin siyasi qətiyyətinin, apardığı islahatların nəticəsi idi.

Müasir Azərbaycanda Prezidentlik institutuna aid islahatlardan ən əsası ökəmizdə ilk dəfə vitse-prezidentlik institutunun yaradılmasıdır. Vitse-prezidentlik institutunun formalaşması dövlət siyasi idarəetməsində yeni və mühüm prosesdir. Bu institut yeni islahatların getdiyi müasir dövrdə dövlətçilik sistemində siyasi-hüquqi idarəetmədə effektivliyin artırılması, ictimai-humanitar-mədəni vəzifələrin reallaşdırılmasında səmərəli inkişaf yoludur. Vitse-prezidentlik institutunun konstitusion əsaslarla təsis olunması respublikada siyasi dövlət idarəetməsinin təkmilləşdirilməsi paradiqmasıdır.

2016-cı ildə Konstitusiyaya əlavə edilmiş 103-1-ci maddə “Azərbaycan Respublikasının vitse-prezidentləri” adlanır və 1-ci bənddə yazılır ki: “Azərbaycan Respublikasının vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və azad edilirlər” (1; 39). Konstitusiyanın 103-1-ci maddəsinin 2-ci bəndində də yazılıb: “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” (1;39).

Birinci vitse-prezidentlik institutu:

–XXI əsr müstəqil Azərbaycanda 2016-cı il Referendumu ilə təsbit olunan Konstitusion İnstitutdur.

–Müstəqil Azərbaycanda ilk dəfə təsis edilibdir.

– İlk növbədə humanizm qayəli milli təhlükəsizlik məsələsidir;

–Dövlət idarəetməsində səlahiyyətlilik statuslarının şaxələnmə prosesidir.

–İcraetmə ilə idarəetmənin vəhdətində xarakterik komponentdir.

–Türk-Şərq-İslam aləmində də optimal idarəçilik modelidir.

–Çevik, operativ qərarların daha da məsuliyyətliliyinin formalaşdırılmasıdır.

–Ölkədə hakimiyyət və idarəetmədə yeni layihə və islahatlara dəstəkdir.

–Humanitar, beynəlxalq, qlobal, lokal, yerli səviyyədə milli-mədəni yeniliyi əks etdirir.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə ölkədə ilk dəfə Birinci vitse-prezident vəzifəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı Əliyeva təyin edilibdir.

Öncüllük, birincilik Tanrı yazısı, İlahi qismətin seçilmişlərindən biri olma şansıdır. Və hər bir şəxsin gələcək həyat yolunda daxili keyfiyyətlərindən qaynaqlanan yaşam fəlsəfəsidir. Mədəni-humanizm “gücü”, fəaliyyətdə enerjilik, işdə uğur kəmiyyəti, nüfuz, ədalətlilik, cəmiyyətdə idarəçiliyi tənzimləyən liderlik keyfiyyətidir.

21 fevral 2017-ci il Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən Prezident İlham Əliyev xanım Mehriban Əliyevanın müasir Azərbaycanın ictimai-mədəni, siyasi həyatında vacib və aktiv rol oynadığını, Yeni Azərbaycan Partiyasında sədrin müavini, Milli Məclisin deputatı olaraq səmərəli və əhəmiyyətli işlər aparmasını, çoxistiqamətli beynəlxalq fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm Azərbaycan, həm də bölgənin ən böyük ictimai təşkilatı olmasını, ölkədəki bir çox qlobal tədbirlərin təşkilindəki xidmətlərini, Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsini... xüsusi vurğulamışdır.

Birinci vitse-prezidentlik institutu ölkədə funksional dövlət idarəçiliyində çeviklik və effektliyin artırılmasında, prezidentlik institutunun tərkib hissəsi kimi aktuallığı ilə seçilən mühüm təsisatdır.

Bu kontekstdə Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I, II, III bəndləri (1;40-41), 106-1 maddəsi (1;42), həmçinin 108-1 maddəsi (1;43) və 110-1 (1;46) maddəsi vitse-prezidentlik institutunun səlahiyyət və fəaliyyətlərini qanunla təsbit edir.

Dövlət siyasi idarəetməsində Birinci vitse-prezidentlik institutu da məhz “Güclü Azərbaycanın” inkişafı aspektində effektivliyi əks etdirir. Belə ki, müasir Azərbaycanda dövlət institusional sahəsində siyasi-ictimai-mədəni idarəetmədə daha çevik və effektliliyin formalaşması, hüquqi dövlət zəminində demokratik dəyişimlərin qanuni əsaslarının da yenilənməsi islahatları mexanizminin aparılma ehtivasıdır. Müasir Azərbaycanda dövlət idarəetmə sahəsində gerçəkləşdirilən islahatlar aparıcı ölkələrin təcrübəsinə istinadən modernləşmə xəttinə uyğun strateji hədəf seçilibdir.

Diqqət yetirək ki, bu illər ərzində ölkədə Birinci vitse-prezidentlik institutu çevik, formalaşmış funksional yeni bir təsisat olaraq çoxşaxəli fəaliyyət aparır.

İlk Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkədə çoxşaxəli fəaliyyəti, bacarığı, ulu öndər Heydər Əliyev məktəbindən mənimsədiyi çoxillik idarəçilik təcrübəsi vacib rol daşıyır. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında xanım Mehriban Əliyevanın bu keyfiyyətlərinə nəzər yetirərək demişdir: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Bu illərdə Azərbaycan xalqı Birinci vitse-prezidentin çoxistiqamətli fəaliyyətinə müsbət yanaşaraq, güvənc və inam yeri sandıqları, məhəbbətlə etimad bəslədikləri xanım Mehriban Əliyevanın bu məsuliyyətli statusda da ölkə üçün yorulmaz ictimai-humanitar fəaliyyətini təqdir edərək, daim müxtəlif problemlərin həllində ona üz tuturlar. Birinci vitse-prezident xalqın müxtəlif qruplarının məsələlərinin həllinə, valideyn qayğısından məhrum olan uşaqlara, xüsusi diqqət göstərməyə, çoxəsrlik mədəni irsimizin təbliğinə xüsusi diqqət yetirir və s. sahədə çoxsaylı sosial-humanitar-mədəni yeni layihələrin reallaşdırılmasını həyata keçirir.

Suveren Azərbaycanda formalaşan yeni funksional qurumun həyata keçirdiyi geniş spektrli işlər də məhz cəmiyyətdə Birinci vitse-prezidentlik təsisatına rəğbəti yüksəldibdir.

Suveren Azərbaycanda həyata keçirilən sosial siyasətin obyektində vətəndaşların maraq və mənafeləri dayanır. Ölkədə sosial siyasətin əsas komponentlərindən biri cəmiyyətin ən həssas təbəqəsi, müəyyən ehtiyacı olan vətəndaşlar hər zaman dövlətin diqqətindədir. Birinci vitse-prezidentin söylədiyi kimi, “biz bu gün bərabər hüquqlardan bərabər imkanlar siyasətini gerçəkləşdiririk”.

Birinci vitse-prezident təyinatından sonra xanım Mehriban Əliyevanın ilk tədbiri də qaçqın və məcburi köçkünlərin problemlərinin çözülməsi məsələsi idi.

Bu mətndən də Birinci vitse-prezidentin məhz yeni statusda ilk iclası 9 mart 2017-ci ildə Bakı və Sumqayıt şəhərində müvəqqəti yerləşən qaçqın və məcburi köçkün ailələri ilə keçirildi. Bu göstərir ki, dövlət siyasətinin vacib xətti olan sosial məsələsi yeni funksional qurum Birinci vitse-prezidentlik təsisatının da fəaliyyətində prioritet istiqamətdir.

XXI əsr Azərbaycanı bir sıra beynəlxalq miqyaslı tədbirlərə, ev sahibi olmuşdur. Nəzərə çatdıraq ki, bu kimi mühüm tədbirlərin bir çoxu məhz Birinci vitse-prezidentin təşkilatı rəhbərliyi ilə hazırlanmışdır. Belə ki, “Eurovision–2012” musiqi yarışı, 2015-ci il Birinci Avropa Oyunları... məhz bu silsilədəndir. Bu tədbirlərin hər biri yüksək standartlar göstəricisində baş tutub. “Eurovision–2012” musiqi yarışı vacib bir mədəni hadisə idi. Həmçinin birinci Avropa Oyunları hazırlıq mərhələsi də çox az vaxtda reallaşsa da dünyada keçirilən Olimpiya Oyunları səviyyəsində həyata keçirildi.

Bu silsilədən 2017-ci il Azərbaycanın yenə ev sahibliyi ilə baş tutan IV İslam Həmrəyliyi Oyunları da Birinci vitse-prezidentin bacarıqlı təşkilatçılığı və qabiliyyətini bir daha əks etdirdi. 10 gün müddətində bu idman yarışı ölkədə əsl bayrama döndü.

Dövlət başçısı İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında müxtəlif ölkələrdən olan qalib idmançıları, onların məşqçilərini, İslamiadanın Təşkilat Komitəsinin işini yüksək qiymətləndirərək vurğulamışdı: “Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın”.

Birinci vitse-prezident fəaliyyətində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, maraq və mənafelərinə, istək və arzularına, humanistliyə əsaslanır. Bu xoşməramlı humanist fəaliyyət Türkiyə, Pakistan, İtaliya, Rusiya, Küveyt, Özbəkistan, Serbiya və s. ölkələrin ali mükafatları ilə təltif edilmişdir. Prezident İlham Əliyev xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda yüksək qiymətləndərilməsi haqda söyləyib ki: “O, öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir”.

Postmüharibə dövrü də Birinci vitse-prezidentin, Qarabağın işğaldan azad edilən ərazilərində həyata keçirilən dirçəliş, yenidənqurma, bərpaetmə istiqamətli çoxsaylı fəaliyyəti təqdirəlayiqdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən COP29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu konfransda ictimai-siyasi və sosio-humanitar paradiqmalı məzmunda ətraflı məruzə ilə çıxış etdi. Xanım Mehriban Əliyevanın məruzəsinin də əsas paradiqmaları ölkələrə sülh və əmin-amanlıq diləməklə dünyaya barış çağırışı idi.

Yekunda nəzərə çatdıraq ki, suveren Azərbaycanda Birinci vitse-prezidentlik institutu ilk innovativ ictimai-siyasi-mədəni idarəetmə strategiyasıdır. Xanım Mehriban Arif qızı Əliyeva ali statuslu bu vəzifəni çox böyük uğurla yerinə yetirdi.

Rəna MİRZƏZADƏ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor

 







Sosial həyat