Yerablur məzarlığından boylanan Qarabağ avantürası

post-img

37 il əvvəlin dünənki günündə, yəni 20 fevral 1988-ci ildə ermənilərin qondarma “Qarabağ hərəkatı” başlamışdı. Bu tarix uzun illər həm Ermənistanda, həm artıq canını tapşırmış separatçı “Dağlıq Qarabağ Respublikası”nda, həm də dünya erməniliyinin müxtəlif məkanlarında bayram günü kimi qeyd edilmişdi. Yenə də qeyd edilir, amma “Qarabağ hərakatı”nın, obrazlı desək, başına daş düşdüyü də vurğulanır.

Bəli, bu il də Ermənistana sığınmış beş-altı separatçı toplaşaraq 20 fevral 1988-ci il tarixini yada saldılar. Əlbəttə, indi söhbət yada salmaqdan yox, anmaqdan gedir. Anma məkanı isə İrəvandakı Yerablur qəbiristanlığıdır. O qəbiristanlıq ki, İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarında cəhənnəmə vasil olmuş ermənilərin məzar daşları ilə doludur. Ümumən, “Qarabağ hərəkatı”nın 37-ci ildönümünün Yerablurda qeyd edilməsində məntiq, qanunauyğunluq və ibrət var. Çünki ölmüş avantüranın hazırda qərarlaşdığı ən doğru məkan elə qəbirstanlıqdır. Erməni cəmiyyəti bunu nəzərə almalı və düşünməlidir. Nəyi düşünməlidir, bunu sonda açıqlayacağıq.

Azərbaycan xalqı 37 il əvvəlin hadisələrindən dərs götürməlidir. Bilməlidir ki, “Qarabağ hərəkatı” erməni millətçilərinin Ermənistan SSR-də və Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 1980-ci illərin sonlarında başlamış olduqları, məqsədi bölgəni Azərbaycanda alıb Ermənistana vermək olan hərəkat idi. Hər şey isə 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə bağlı imzaların toplanmasından başlamış, təşkilatçılar öz “kampaniyalarını” “referendum” adlandırmışdılar.

Bəli, 1987-ci il dekabrın 1-də Qarabağ ermənilərinin nümayəndə heyəti tələblərini və “referendumda” toplanmış imzaları Moskvada Kommunist Partiyasının Mərkəzi Komitəsinə təqdim etdilər. Prosesdə erməni millətçisi və cəlladı yazıçı Zoriy Balayan aktiv rol oynadı. 1988-ci il fevralın 13-də Xankəndidə (o zaman Stepanakert) ilk kütləvi nümayiş təşkil olundu.
Nümayişçilərin tələbi “DQMV-nin Ermənistanla birləşdirilməsi” idi. Fevralın 14-də isə şair Silva Kaputikyan Ermənistan Yazıçılar İttifaqının iclasında Qarabağ ermənilərinin tələblərini dəstəklədiyini açıqladı.

Ümumən, 1988-ci il fevralın 16-dan martın 2-dək Xankəndinin mərkəzi meydanında fasiləsiz nümayişlər keçirildi. Fevralın 20-də DQMV-nin Xalq Deputatları Şurasının növbədənkənar iclasında “Ermənistan SSR və Azərbaycan SSR-in Ali Sovetləri qarşısında, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında vəsatət qaldırılması” qərara alındı. Məhz həmin gün İrəvanda sözügedən vəsatətə dəstək məqsədilə ilk nümayiş oldu. Bunun ardınca baş verənlər də yaxşı məlumdur.

Beləliklə, 1988-ci il martın 1-də Xankəndidə Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşısına məqsəd qoymuş “Krunk” təşkilatı yaradıldı. Ona rəhbərliyi Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov etdi. Jurnalist Tomas de Vaal kitabında yazır ki, “Krunk” SSRİ-nin rəhbəri Mixail Qorbaçov dövründə Sovet İttifaqında tətili siyasi silah kimi istifadə etməyə başlayan ilk təşkilat idi. Onun “ideoloji bölməsinə” başçılığı o zaman Xankəndi ipək fabrikinin partiya komitəsinin katibi işləmiş, sonradan Ermənistan prezidenti olmuş Robert Koçaryan həyata keçirdi. S.Şaumyan adına şəhər stadionunun direktoru Ramzik Petrosyanın rəhbərliyi altında yaradılmış xalq drujinalararının məqsədi isə Xankəndidə yaşayan azərbaycanlıları qovmaq oldu. Bir müddət sonra R.Petrosyan “Qarabağ özünü müdafiə qüvvələri” adlanan erməni silahlı dəstələrinin komandirlərindən birinə çevrildi. Paralel olaraq Ermənistanda Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda kampaniya da vüsət aldı. Nəticədə İrəvanda “Qarabağ komitəsi” yaradıldı. Bir müddət sonra bu komitə hakim Ermənistan kommunist partiyasını üstələməyə başladı.

Onu da bildirək ki, 1988-ci il fevralın 26-da Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov Kremldə Zori Balayanı və Silva Kaputikyanı qəbul etmişdi. Görüşdə Qorbaçovun erməni əsilli köməkçisi Qeorgi Şaxnazarovun iştirakı diqqət çəkmişdi. Şaxnazarov yazırdı ki, Qorbaçov Qarabağ ətrafında baş verən hadisələri “Arxadan vurulan zərbə” kimi səciyyələndirmiş və bildirmişdi ki, “azərbaycanlıları çətinliklə sakitləşdirirlər, ən əsası isə təhlükəli presedent yaranır. Ölkədə onlarca potensial etnik qarşıdurma ocağı var, Qarabağ məsələsi zorakı əməllərə əl atmağa cürət etməyənləri ilhamlandıra bilər”.

Lakin bütün bunlar yalnız sözdə idi. Çünki SSRİ rəhbərliyi erməni separatizminin qarşısını almaq üçün, faktiki olaraq, heç nə etmir, azğınlaşmış erməni millətçilərinə qarşı sərt tədbirlər görmür, onların nazı ilə oynayırdı. Nəticə ertibarilə “Qarabağ hərəkatı”nın rəhbərləri ermənilərin özlərinin törətdikləri Sumqayıt hadisələrindən məharətlə yararlandılar. Onlar Ermənistanda yaşayan azərbaycanlıların həmin vaxtadək başlamış olan qovulmalarını sürətləndirdilər.

Martın 21-də Sov.İKP MK Siyasi Bürosunun iclasında Qarabağda və Ermənistanda baş verən hadisələr, habelə, Qarabağ komitəsinin fəaliyyəti müzakirəyə çıxarıldı. Həmin günün ertəsi Sovet İttifaqının mərkəzi mətbuat orqanı “Pravda” qəzeti “Qarabağ hərəkatı”, həmçinin Azərbaycan və Ermənistanda yaşanan hadisələr haqqında “Emosiyalar və şüur” sərlövhəli məqalə dərc etdi. Yazıda baş verənlər “insanları təxribata çəkən məsuliyyətsiz ekstremistlərin əməlləri” adlandırıldı. Amma bunun heç bir faydası olmadı. Əksinə, martın 23-də məhz həmin məqaləyə cavab olaraq Xankəndidə aprelin 5-dək davam etmiş kütləvi tətil başlandı. Bir gün sonra Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti “Krunk”un ləğvi və icazəsiz toplantıların qadağan edilməsi haqqında qərar qəbul etdi.

1988-ci ilin mayında Qarabağ komitəsinin rəhbərliyində dəyişikliklər oldu - Qarabağ erməniləri Zori Balayan və İqor Muradyan komitədən kənarlaşdırıldı, təşkilatın tərkibində, demək olar, bütünlüklə İrəvan ziyalıları yer aldı. Beləliklə, Qarabağ komitəsi “Qarabağla Ermənistanın birləşməsi uğrunda ümummilli erməni hərəkatı” kimi fəaliyyət dövrünə start verdi. SSRİ Baş Prokurorluğu isə qurumun bəzi rəhbərlərini həbs etsə də, onlar tezliklə azadlığa çıxdılar.

1990-cı ilin avqustunda Erməni ümummilli hərəkatı sonradan Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın rəhbərliyi ilə Ermənistan Ali Sovetinə keçirilən seçkilərdə qalib gəldi. Nəticədə Qarabağ komitəsinin, yəni elə “Qarabağ hərəkatı”nın da bir çox üzvü nazirə və dövət məmuruna çevrildi. Sonra SSRİ dağıldı, Ermənistan müstəqil oldu və əvvəldə də bildirdiyimiz kimi, “Qarabağ hərəkatı” ilə başlanmış oyun Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi.

Sonda yenidən Yerablur qəbiristanlığından söz açaq. Əvvəldə bildirdik ki, burada İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbçilərinin qəbirləri yerləşir. Onu da dedik ki, “Qarabağ hərəkatı”nın 37-ci ildönümü ilə bağlı həmin məkanın ziyarət edilməsində məntiq var. Yaxşı olar ki, baş nazir Nikol Paşinyan və onun komandası Yerablurda “Qarabağ hərəkatı” üçün ayrıca məzar yeri düzəltsinlər və oranı ziyarət edənlər başqalarının torpağına göz dikməyin aqibətini yaşasınlar.

Ə.RÜSTƏMOV
XQ

Siyasət