Los-Anceles alov içində

post-img

Yanvarın 7-dən Los-Anceles meşə yanğınlarının mühasirəsinə düşüb. Yerli hakimiyyət orqanları indiyədək 10 nəfərin öldüyü barədə məlumat verib, qurbanların sayının arta biləcəyini qeyd edib və hazırkı yanğınları rayonun tarixində ən dağıdıcı adlandırıb.
Yanğın yanvarın 7-də axşam Los-Ancelesin şimalında yerləşən Altadenada baş verib. Onun nədən baş verdiyi hələlik məlum deyil. Lakin hakimiyyət orqanları ehtimal edirlər ki, uzun müddət davam edən quraq hava yanğına səbəb ola bilər. Qəfildən başlayan yanğın insanları təəccübləndirib. Bu günə qədər məlum olan bütün qurbanlar bu ərazinin sakinləridir.
Yanğının genişlənməsinə güclü külək səbəb olub. Yanvarın 9-da axşam saatlarında yanğınsöndürmə xidmətləri ümumi sahəsi 110 kvadrat kilometrdən çox olan beş yanğını qeydə alıb. Ərazi baxımından ən böyük yanğın İton Kanyonu ərazisində davam edir. Onun sahəsi 42,7 kvadrat kilometr qiymətləndirilir.
Ən böyük yanğın Pasifik Palisades bölgəsində olub. Artıq mindən çox binanı məhv edib. Yanğında məşhur aktyorlar Entoni Hopkinsin, Leonardo Dikaprionun, Adam Brodinin, Anna Farisin, Paris Hiltonun evi, həmçinin Hollivud əfsanəsi Uill Rocersin tarixi ferması da var. 
Üçüncü ən böyük və genişmiqyaslı yanğın çərşənbə günü “Hollywood Hills” bölgəsində baş verib. Lakin yanğın tez bir zamanda nəzarət altına alınıb ​​və cümə axşamı ərazidəki əhalinin əksər hissəsi məcburi təxliyyə edilib. “AccuWeather” analitik şirkəti Los-Ancelesdəki yanğınların vurduğu ziyanı və iqtisadi itkiləri 52–57 milyard dollar dəyərində qiymətləndirib. Şirkətin baş meteoroloqu Conatan Porterin sözlərinə görə, bu, artıq Kaliforniya tarixindəki ən dəhşətli meşə yanğınlarından biridir: “Əgər yaxın günlərdə dağılmış strukturların sayı artarsa, bu, yanmış strukturların sayına və iqtisadi itkilərə görə müasir Kaliforniya tarixində ən dağıdıcı meşə yanğını ola bilər”.
Hava proqnozu isə hələ də məyusedicidir. Yaxın günlərdə burada küləkli və quru hava şəraiti davam edəcək.

S.ELAY 
XQ

Dünya