11 il əvvəl – 2014-cü il yanvarın 11-də Almaniya klinikalarının birində əbədiyyətə qovuşmuş görkəmli qrossmeyster Vüqar Həşimovun anım günüdür. Azərbaycanın idman ictimaiyyəti növbəti dəfə onun əziz xatirəsini dərin ehtiramla yad edir.
Qibtəediləcək istedadı sayəsində bütün şahmat aləminin sevimlisinə çevrilən bu parlaq zəka sahibi həyatı çox tez, cəmi 27 yaşında tərk etsə də, qısa bir müddətdə şahmat taxtası arxasında böyük uğurları, eləcə də, nəcib insani keyfiyyətləri ilə tanınmış, məşhurlaşmış və qəlbləri fəth etmişdi.
Biz hər dəfə Vüqar barədə yazılarımızda onun istedadı, gözəl qələbələri, bir-birindən məşhur qrossmeysterlərin haqqında söylədikləri yüksək fikirlər, bütün şahmat həyatı və nailiyyətləri barədə danışmışıq. Lakin Həşimovun böyük uğurları siyahısında çox möhtəşəm, sözün əsl mənasında, bir qızıl qələbə özünə xüsusi yer etmişdir. Bu qələbəni qələmə aldığımız yazılarda nə qədər xatırlasaq da, qrossmeysterin şah əsəri kimi dəfələrlə yada salınmağa layiqdir.
Bu gün fəxrlə üçqat Avropa çempionu adı daşıyan kişilərdən ibarət milli komandamızın ölkəmizdə zəngin ənənələri olan şahmatın bütün tarixi ərzində bir nailiyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu kollektivin ilk dəfə qitə çempionu adı qazanması idman tariximizdə ən yaddaqalan qələbələrdən biri kimi yaşayır.
Bütün Azərbaycan üçün bu əlamətdar hadisə 2009-cu ilin payızında Serbiyanın Novi Sad şəhərində baş vermişdir. Avropa çempionatında qızıl medalların taleyi sonuncu, doqquzuncu turda həll olunurdu. Qrossmeysterlərimiz özlərinə də, bütün xalqımıza da çempionluq sevinci yaşatmaq üçün finişdə Hollandiya komandasına qalib gəlməli idilər.
Qarşıda həyəcan dolu gərgin matç dururdu. Zəka sahiblərimiz mürəkkəb vəziyyətdə inamla mübarizə aparıb, onlara bəslənilən ümidi tam doğrultdular. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov öz taxtalarında rəqibləri ilə heç-heçəyə razılaşdıqdan və matçda hesab 1,5:1,5 olduqdan sonra həlledici sözü Vüqar Həşimov deməli idi. O da əvvəldən axıradək təmkinlə, dəqiq oynayaraq, ikinci taxtada uzun çəkən ağır mübarizədə Daniel Stelvageni məğlubiyyətlə barışmağa məcbur etdi.
Nəticədə V. Həşimovun inamlı gedişləri matçda Azərbaycan komandasına 2,5:1,5 hesabı ilə qələbə və Avropa çempionu adı qazandırdı. Millimiz yekun cədvəlində Rusiya, Ukrayna, Almaniya, Fransa, Ermənistan, Polşa, Macarıstan və daha neçə-neçə ölkəni qabaqlayıb ilk dəfə qitədə ən yüksək zirvəni fəth etdi.
İndi həmin matçdan xatirə qalan videoda həlledici görüşdən dərhal sonra Vüqarın komanda yoldaşlarının hələ masa arxasından qalxmayan qəhrəmanı qucaqlayıb, təbrik və təşəkkürlərini bildirdikləri anları bir daha görəndə adamın ürəyi dağa dönür.
Bütün ölkəmizin ürəyindən olan tarixi nailiyyət idi və böyük qələbədə baş rolu, təkrar edək, Vüqar Həşimov oynamışdı.
Ruhu şad olsun.
P.S. Bu yazı çapa hazırlanarkən, yanvarın 8-də acı bir xəbər eşitdik. Vüqar Həşimovun atası Qasım Murtuza oğlu vəfat etmişdir.
Allah rəhmət eləsin.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist