Bu “dəli çay” Fərata paytaxtın yaxınlığında qovuşur
Orta məktəb illərində bilirdim ki, 1900 kilometr uzunluğu olan Dəclə çayı mənbəyini Türkiyənin şərqində, Elazığ şəhəri yaxınlığında, dəniz səviyyəsindən, təxminən, 1200 metr yüksəklikdəki Xəzər adlı dağ gölündən (Bu gölə Almas İldırımın şərəfinə Xəzər adı verilib – red.) götürür və Mesopotamiyada Fərat çayı ilə birləşdikdən sonra İraqın Bəsrə şəhəri yaxınlığında Fars körfəzinə tökülür.
Əslində bunlar bir şagird üçün o qədər də az məlumat deyildi. Amma mən Dəclə haqqında (rusların ona Tiqr (pələng), ərəblərin isə dəli deməsinin səbəbini bilmirəm) daha çox öyrənmək istəyirdim. Jurnalist kimi fəaliyyətə başlayandan sonra isə hətta o çayı görmək arzum da yaranmışdı. Bütün istəklərim kimi həmin arzum da çox gec reallaşdı.
...Bağdaddakı “Al Mansour” otelinin (Səddam Hüseynin dövründə həmin otelin foyesində mərmər döşəmədə – ABŞ prezidenti Corc (ata) Buşun meydan boyda fotosu həkk olunmuşdu. Bütün qonaqlar kimi biz də Buşun üz-gözündə gəzməyə məcbur olurduq. Sonra ABŞ hərbçiləri həmin otelə çox ciddi ziyan vurmuşdular. Bu sətirləri qələmə alanda internet vasitəsiylə öyrəndim ki, “Al Mansour” tam bərpa olunub və beş ulduzla fəaliyyət göstərir) otelin 18-ci mərtəbəsinin eyvanından İraq paytaxtına boylananda diqqətimi çəkən ilk məqam Dəclənin dəcəlliyi olmuşdu.
Bu çay sanki kiminləsə mübahisə edib, ya da mərc gəlibmiş kimi Bağdadın paralel gedən küçələrinin hamısını doğram-doğram edirdi. Elə şəhər də ona “borclu qalmırdı”. Belə ki, buradakı çoxsaylı körpülər Dəcləni dilim-dilim doğrayırdı. Bir az hündürdən baxanda olduqca maraqlı mənzərə yaranırdı. Mərhum şair-jurnalist İsgəndər Etibar “Xalq qəzeti”nin foto-aparatı ilə mənim şəkillərimi həmin körpülərdən ikisinin və Babil qalasının üstündə çəkmişdi.
Biz o zaman – 45-50 nəfərlik qrupdan ayrılmış 8 nəfər Mesopotamiyanın əsas turist ünvanlarından olan Samirə şəhərinə də getmişdik. Orada İslam dünyasının mühüm məscidlərindən biri var. Biz o şəhərə getməklə həm də Babək Xürrəminin doğrandığı məkanı ziyarət etmək istəyirdik. Ziyarət etdik. Bələdçilər dedilər ki, Dəclə ilə Fərat çayları bu şəhərin yaxınlığında qovuşurlar.
Xatırladım ki, bizim orada olduğumuz beş-altı gündə Dəclə daim lilli, bulanıq, əsəbi şəkildə görünür, iri-iri ağacları və əlinə keçən hər şeyi aparıb gedirdi. Fərat isə suyu duru olduğuna görə nazlana-nazlana axırdı.
Ərəblər fəxrlə deyirdilər ki, Dəclə və Fərat arasındakı ərazi – yəni Mesopotamiya dünyada ən qədim sivilizasiyaların (Babil, Assuriya və s.) beşiyidir. O zaman mən qədim sivilizasiya sözünü eşidəndə Qobustan qayaüstü şəkillərini də yada salmışdım. İsgəndər müəllim isə Qobustan haqqında daha çox məlumatı olduğuna görə tərcüməçi vasitəsiylə xeyli geniş söhbət açmış və “Azərbaycan da qədim mədəniyyət mərkəzidir!” sözlərini dəfələrlə təkrar eləmişdi.
İttifaq MİRZƏBƏYLİ