Orta əsrlərdə orada həyat qaynayır, ticarət inkişaf edirmiş
Arxeoloqlar Orta Asiyanın dağlarında min il əvvəl həyat qaynayan iki orta əsr şəhəri aşkar ediblər. Alimlər hər iki yaşayış məntəqəsinin İpək yolunun bir hissəsi olduğunu təsdiqləyiblər.
Alimlər itirilmiş şəhərlərdən birini ilk dəfə 2011-ci ildə Özbəkistanın şərqindəki yaşıl libasa bürünmüş dağlarda gəzinti zamanı aşkar ediblər. Arxeoloqlar çay yatağı boyu gəzərkən dağlardan birinin zirvəsinə gedən yolda qəbirlər görüblər. Elə buradaca onların qarşısında qeyri-adi kurqanlarla sıralanmış bir yayla uzanırdı.
“İlk baxışda bu kurqanlar heç nə ilə diqqət çəkmirdi. Amma biz etiraf edirik ki, bunlar antropogen yerlərdir, insanların yaşadığı ərazilərdir”, – deyə Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzindən Farhod Maksudov qeyd edib.
Bu ərazilərdə torpaq minlərlə saxsı qırıqları ilə dolu idi. Elm adamları sürülərini dağ otlaqlarında otaran köçəri mədəniyyətlərin arxeoloji sübutlarını axtarırdılar, lakin dəniz səviyyəsindən təxminən 2100 metr yüksəklikdə əlverişsiz iqlimdə 12 hektar ərazisi olan bir orta əsr şəhəri tapacaqlarını ağıllarına belə gətirmirdilər.
Bu yerin adı Taşbulaq (Daşbulaq) idi və buradan da qədim yaşayış məskəninin türk tayfalarının yaşayış yeri olduğu bəlli olur. Amma bu hələ başlanğıc idi. 2015-ci ildə qazıntılar zamanı Vaşinqton Universitetinin arxeoloqu Maykl Fraçetti bölgədə yaşayan azsaylı sakinlərdən biri – Taşbulaqdan bir neçə kilometr aralıda yaşayan meşəbəyi ilə rastlaşır. Yerli sakin deyir ki, mən öz həyətimdə belə qablar çox görmüşəm. Arxeoloqlar meşəçi işləyən həmin şəxsin fermasına gedirlər və diqqətlə müşahidə aparanda onun evinin kurqan kimi təpədə dayandığını aşkar edirlər.
Məlum olur ki, meşəçi, əslində, orta əsrlərə aid bir qalanın üstündə yaşayır. Arxeoloqlar ətrafı tədqiq edərək daha çox kurqan aşkar edirlər. “Aman Tanrım, bura ki nəhəng bir yerdir”, – deyə Frachetti heyrətlənir.
İkinci şəhər isə Tuqunbulağ adını alır. Arxeoloqlar təxminən 120 hektar ərazini əhatə edən geniş orta əsr yaşayış məntəqəsinin xəritəsini çəkmək üçün uzaqdan zondlama texnologiyasından (lidar) istifadə edirlər. Onların fikrincə, Taşbulak və Tuğunbulaq Böyük İpək Yolu kimi tanınan ticarət yolları şəbəkəsinin bir hissəsi olub.
Mütəxəssislərin fikrincə, Tugünbulağın inkişafının miqyasını və sıxlığını təsdiqləmək üçün əlavə qazıntılara ehtiyac var, lakin şəhərin ərazisinin yarısı üzə çıxsa belə, bu, özü də böyük bir kəşf olacaq.
Çətin təbii şəraitə baxmayaraq, insanlar eramızın VIII–XI əsrlərində Taşbulaq və Tuqunbulaqda yaşamışlar. Amma nə yazıq ki, sonralara yaşayış məntəqələri tərk edilib və zamanın mərhəmətinə buraxılıb. Dağlarda landşaft sürətlə dəyişib və şəhərlərin qalıqları eroziya nəticəsində dağılıb və çöküntülərlə örtülüb. Min il sonra orta əsr şəhərlərindən kurqanlar, yaylalar və silsilələr qalıb.
“Live Science” nəşri yazır: “Bu kəşf həm də ona görə diqqət çəkir ki, İpək Yolunun adi xəritələrində Avrasiya qitəsindən keçən ticarət yolları, əsasən, Orta Asiya dağlarına toxunulmur. Ehtimal olunur ki, əsl ticarət mərkəzləri Səmərqənd və Daşkənd kimi düzənliklərdə yerləşən, münbit torpaqların və suvarma sistemlərinin mövcud olduğu şəhərlər olub”. Deməli, İpək Yolunun üzərində adlarının elmə naməlum olan digər yaşayış məntəqləri olubdur.
İlqar RÜSTƏMOV
XQ