Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin geniştərkibli iclası zamanı bir çox dəyərli təkliflərlə çıxış edib. Deyib ki, qurum saysız-hesabsız çağırışları nəzərə alaraq yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər.
Onun sözlərinə görə, BRICS platforması dünyanın təhlükəsizlik təhdidləri və iqlim dəyişikliyi və s. bu kimi çoxsaylı ciddi problemlərlə üzləşdiyi müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir.
Türkiyə Prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşan müasir sistem əhəmiyyətli dəyişikliklər tələb edir. Buna görə də mövcud problemlərin birgə həlli yollarını axtarmaq lazımdır.
R.T.Ərdoğan sözügedən tədbirdə çıxışında Yaxın Şərq böhranının həlli məsələsinə də toxunub. Qeyd edib ki, regionda davamlı sülh yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından sonra mümkündür.
Məlumdur ki, Ankara İsrailə silah tədarükünə embarqo qoyulması təşəbbüsünü irəli sürüb və bu sahədə BRICS-in dəstəyinə ümid edir. Türkiyə liderinin sözlərinə görə, qan tökülməsinə və böhranlara son qoyulmadan inkişafı və rifahı təmin etmək mümkün deyil.
Türkiyə lideri Kazanda Rusiya Prezidenti ilə ikitərəfli görüş keçirib. TASS-ın məlumatına görə, liderlər, ilk növbədə, ticari-iqtisadi əlaqələrin inkişafı perspektivlərini, eləcə də Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə ediblər. Ehtimal olunur ki, digər aktual məsələlər də liderlərin gündəmində olub.
V.Putin Ankarada törədilmiş terror aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib: “İşimizə başlamazdan əvvəl terror aktı ilə əlaqədar sizə başsağlığı vermək istərdim. Mediada Türkiyədə terror aktı baş verdiyi barədə məlumatlar çıxıb”, - deyə Rusiya lideri bildirib. R.T.Ərdoğan diqqətə görə həmkarına təşəkkür edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyə liderləri son dəfə Şanxay Əməkdaşlıq Təşkilatının iyul ayında Astanada baş tutmuş sammitindən əvvəl görüşmüşdülər. Xeyli vaxtdır ki, Rusiya Prezidentinin Türkiyəyə səfəri də planlaşdırılıb. Amma hələlik səfəri həyata keçirmək mümkün olmayıb. Ekspertlər ən müxtəlif ehtimallar irəli sürürlər.
Yeri gəlmişkən, Türkiyə Prezidentinin Kazana səfəri Qərb mediasının da diqqət mərkəzində olub. Bu da gözləniləndir. Axı cənab Ərdoğan müasir dünya siyasətinin ən nüfuzlu simalarından biridir. Onun BRICS sammitində iştirakı Qərb siyasətçilərinin və KİV-in nəzərindən yayına bilməzdi.
Təsadüfi deyil ki, ABŞ-nin nüfuzlu “Nyu York Times” qəzeti dünən bu məsələ ilə bağlı şərhində yazıb ki, Türkiyə lideri BRICS sammitində ən qeyri-adi təsir bağışlayan siyasətçidir. Çünki o, tədbirdə iştirak edən yeganə NATO-ya üzv dövlətin başçısıdır.
Qəzet, həmçinin qeyd edib ki. R.T.Ərdoğan çağdaş dünyanın çeşidli siyasi qütbləri arasında manevr etməyi bacaran yüksək səriştəli dövlət xadimlərindəndir. Belə ki, Rusiya ilə Türkiyəni strateji müttəfiq saymaq qeyri-mümkündür, amma bu iki dövlətin rəhbərləri arasındakı şəxsi münasibətlər bir çox aktual məsələləri nizamlamağa imkan verir.
Bununla bərabər, yazıda nəşrin Türkiyə liderinin müstəqil siyasi xətt yürütməsinə qarşı aşkar bir qısqanclıq hissi duyulur. Ankaranın guya iki stulda əyləşmək cəhdlərinin bəhrəsiz qalacağı da iddia olunur. Amerika qəzeti unudur ki, cənab Ərdoğan Türkiyə dövlətinin və xalqının maraqlarına xidmət edir.
M.HACIXANLI
XQ