Min Bakıdan “biznes vaqon”a...

post-img

Sonuncu dəfə sürət qatarı ilə Bakıdan Gəncəyə bir il qabaq gəlmişdim və çox razı qalmışdım. Rahat, açılan-yığılan dəri kreslolar, qarşındakı kreslonun arxasından çıxan kiçik masa, WiFi, normal yemək...

Bu il oktyabrın 24-də də xidməti işimlə bağlı təcili Gəncəyə qayıdası oldum və sonuncu qalan yeganə yeri onlayn şəkildə ala bilməyimə çox sevindim. Elə bildim ki, 30 saniyəyə satılan MİDA-nın mənzillərindən birinin xoşbəxt sahibi olmuşam. Amma sən saydığını say, gör, az qala, uşaq kimi sevinərək tapdığım o “yeganə” yer nə sayır.

Səhər tezdən yuxuma haram qatıb taksi tutaraq dəmiryolu vağzalına gəldim və “biznes vaqon” deyilən 5-ci vaqona daxil olanda gözlərimə inanmadım. Axşam onlayn sifariş vermək istəyərkən bütün yerlərin satıldığı barədə məlumat aldığım halda, vaqondakı 35 yerdən 28-i boş idi. Bələdçidən soruşdum ki, bu, nə məsələdir? Dedi ki, “yəqin, yolda minən olacaq, ya da gecə ikən biletləri qaytarıblar, yerlər boş qalıb” . Təbii ki, gənc, mülayim danışan qıza inanmaqdan başqa çarəm qalmadı.

Qatar yola düşdü və yalnız bircə nəfər Biləcəri stansiyasında bizimlə yol yoldaşı oldu. Nə isə, buna da dözmək olardı, onsuz da belə “alış-veriş”ləri əvvəllər də çox görmüşük. Məsələ burasındadır ki, “biznes vaqon”un adı var. Burada heç bir qeyri-adi xidmət yoxdur. Oturacaqlarda “oxlov udmuş adam” kimi əyləşmişdik, noutbuku dizimin üstünə qoyub yazırdım, ayaqlarım qarşıdakının ayaqları ilə “qardaşlaşmışdı”, “WiFi” yox idi, “yeməyi” – kökəciyi gətirib Somalidəki uşaqlara pay verən kimi üstümüzə atıb gedirdilər…

Yenə bələdçi qıza “bu necə biznes vaqondur?” – deyə soruşanda, günahkar adamlar kimi çiyinlərini çəkib gülümsədi. Naftalana müalicəyə gedən və bayaqdan başa düşməsə də, söhbətimizə diqqətlə qulaq asan, dizlərimiz bir-birinə bitişən belaruslu ağsaqqal

“U nas biznes vaqon oçen krasivıy i udobnıy”, – dedi. Düzü, utandım və yalandan dedim ki, bizimkilərə çatmaz. Yanaşı kresloda (kreslo demək mümkünsə) əyləşən və Şəkiyə hüzr yerinə gedən tanınmış bəstəkarımız, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə mənə baxıb razılıqla gülümsədi.

Bütün bunları gördükdən sonra fikirləşdim ki, görəsən, 33 manat verib bu vaqona bilet almağın mənası varmı? Halbuki, 15,19 manatlıq standart vaqonlar da var və “biznesin” bunlarla müqayisədə heç bir üstünlüyü yoxdur. Yeganə üstünlüyü bələdçinin dediyi kimi, “burada adam azdır və yanınızdakı kreslo boşdur, yəni peşkəşdir və bir də kökəcik...”

...Deyirəm, gərək bir qədər təmkinli olasan. Bir dostumun mənə tez-tez dediyi “səbrli ol” kəlməsi yadıma düşür, dərhal da susuram və vaqonun pəncərəsindən baxa-baxa, bayaqdan havada əlimdə tutduğum isti çayı üstümə tökə-tökə, fikirləşirəm ki, görəsən, indiyədək mənə vicdanla xidmət edən maşınımdan bu dəfə axı niyə imtina etdim?

Hörmətli ADY-nin rəhbərliyi, çox yox, o biznes dediyiniz vaqona bircə dəfə də özünüz minin, başqa xidmətləri demirik, sizə gətirib çay versələr və onu soyutmağa yer tapsanız, bizə xəbər edin, yenə onlayn bilet alaq, bəlkə, bu dəfə bəxtimiz gətirdi...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Bakı–Gəncə

Sosial həyat