ABŞ-nin Çinə təzyiqi artır

post-img

Nyu-York qubernatorunun sabiq köməkçisi Linda Sun ABŞ-də Çinin xeyrinə casusluq ittihamı ilə həbs edilib. ABŞ-də yaşayan Çin əsilli vətəndaşlar bunu asiyalılara qarşı növbəti ayrı-seçkilik aktı kimi qiymətləndiriblər. Hüquq müdafiəçiləri də analoji narahatlıqlarını ifadə ediblər. Ancaq mütəxəssislər bildirirlər ki, çinli qadının mühakimə olunması ABŞ-nin Avropa və digər qitələrdəki müttəfiqlərini Pekinin siyasi təsirindən qorumaq məqsədi daşıyan təbliğat kampaniyasının bir hissəsidir. Vaşinqton iqtisadiyyat sahəsində də Pekinə qarşı məhdudlaşdırıcı addımlar atır.

“The New York Times” (NYT) yazır ki, Linda Sunun həbsi Pekinin Qərb demokratiyalarına təsir etmək üçün xaricdə agentlər cəlb etməsinin yalnız bir nümunəsidir. Qəzet iddia edir ki, bu cür gizli iş uzun illərdir davam edir. Müxtəlif ölkələrdəki Çin diasporunun sayı təxminən 60 milyon nəfərdir. NYT-nin yazdığına görə, çinli əməliyyatçılar əvvəllər diqqətini müdafiə, aviasiya və ya telekommunikasiya sektorlarında sənaye və ya texnoloji sirlərin əldə edilməsinə yönəltsələr də, Linda Sunun işi Çin kəşfiyyat orqanlarının fəaliyyətinin tamam başqa tərəfini ortaya qoyur: “Onlar Amerikada və ya müttəfiq ölkələrdə ictimai rəyə təsir etməyə çalışırlar ki, orada insanlar Çinin separatçı əyalət adlandırdığı Tayvanın statusu kimi mübahisəli məsələdə Pekinin mövqeyini bəyənsinlər və ya ən azı müsbət qəbul etsinlər”. 

ABŞ qanunlarına görə, xarici hökumətlər və ya siyasi partiyalar adından fəaliyyət göstərən şəxslər xarici agent kimi qeydiyyatdan keçməlidirlər. Ancaq Çin əsilli ABŞ vətəndaşı olan Linda Sun bunu etməyib. Prokurorların dediyinə görə, o, Çin hökumətinin rəsmiləri və nümayəndələrinin “əmrləri, xahişləri və ya göstərişləri əsasında hərəkət etdiyini” gizlədib. ABŞ prokurorları iddia edirlər ki, Nyu-York qubernatorluğu ilə asiyalılar arasında əlaqə rolunu oynamış Linda Sun Tayvan rəsmilərinin qubernatorla əlaqə saxlamasına mane olub və Nyu-York əyalətinin ictimai kommunikasiyalarından Tayvan və uyğurlara aid internet şəbəkəsindəki istinadları silib. NYT yazır ki, Linda Sun və əri Kris Hu bu əməllərinə görə milyonlarla dollar alıblar. 

Bundan başqa, amerikalı analitiklər deyirlər ki, diaspora ilə casusluq əməliyyatları Pekinə o qədər də baha başa gəlmir. Məsələn, Linda Suna qarşı ittiham irəli sürüldükdən sonra heç bir Çin diplomatı və ya Nyu-Yorkdakı baş konsulluğun əməkdaşı ABŞ-dan qovulmayıb. Pekinin Sunun həbsinə rəsmi reaksiyasına gəlincə, Çin onun həbsi ilə bağlı demək olar ki, heç nə deməyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu məsələ ilə bağlı şərh verməyib və özünü bu sözlərlə məhdudlaşdırıb: “Biz Çinə qarşı pis niyyətli bəyanatlara və böhtanlara qarşıyıq”. 

Bununla belə, Pekinin xaricdəki səsi olan “The Global Times” qəzeti Amerikada başlayan Çin əleyhinə kampaniyanı “yeni Makkartiizm” adlandırıb. Xatırladaq ki, ötən əsrin ortalarında senator Cozef Makkartinin təşəbbüsü və Amerikada icra hakimiyyətlərinin dəstəyi ilə kommunistlərə rəğbət bəsləməkdə şübhəli bilinən şəxslərin axtarışı kampaniyasına start verilmişdi. Onun qurbanları görkəmli yazıçılar, aktyorlar və elm adamları olmuşdular. Hətta Amerika qəzetləri baş verənləri “cadugər ovu” adlandırmışdılar. 

ABŞ strateji rəqibi saydığı Çinə qarşı iqtisadi sahədə də addımlar atır. Hələ 2022-ci ilin oktyabrında ABŞ Çində ən son texnologiyaların inkişafının qarşısını almaq məqsədilə bu ölkəyə yarımkeçiricilərin ixracına məhdudiyyətlər tətbiq etmişdi. Eyni zamanda, amerikalılar xarici ticarətə nəzarət sistemində boşluqların yaranmasından qorxurlar ki, bundan yararlanan Yaponiya və Hollandiya öz müasir avadanlıqlarını Çinə tədarük edə bilərlər. Bu səbəbdən Vaşinqton Tokio və Haaqanı Çin əleyhinə tədbirlərə qoşulmağa çağırır. Pekin ümid edir ki, digər ölkələr Vaşinqtonun təzyiqlərinə müqavimət göstərəcəklər. Çin rəsmilərinin fikrincə, ABŞ milli təhlükəsizlik konsepsiyasının sərhədlərini aşır, ondan silah kimi istifadə edir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini, Rusiya əleyhinə sanksiyaların “memarı” Dalip Sinqhin sözlərinə görə, Vaşinqton Çinə təsir etmək üçün mümkün qədər geniş koalisiya yaratmağa çalışır. Siyasi analitiklər bildirirlər ki, söhbət dünya liderliyindən getdiyi üçün Pekinin heç bir etirazı ABŞ-yə təsir etməyəcək.

S.ELAY 
XQ

 

Dünya