Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ilin sonuna qədər Rusiya ilə münaqişənin həlli üçün sülh planını təqdim edəcəyinə söz verib. Bundan sonra, onun sözlərinə görə, Rusiya ilə “taxıl müqaviləsi”nin bağlanması zamanı istifadə edilən sxemə bənzər vasitəçilər vasitəsilə danışıqlara başlana bilər. Moskva da əmin edib ki, Kiyevlə bu şəkildə dialoq aparmağın əleyhinə deyil və “istənilən ünsiyyətə” açıqdır.
Ukrayna rəsmilərinin ritorikasına görə, Rusiya ilə sülh danışıqları artıq Kiyev üçün tabu deyil. Volodimir Zelenski iyunun 28-də bildirib ki, onun komandası növbəti “sülh sammiti” üçün münaqişənin həlli planının üç komponenti üzərində işləyir. Onun sözlərinə görə, prioritet iş sahələri enerji, ərzaq təhlükəsizliyi və hərbi əsirlərin mübadiləsidir. Cənab Zelenski sülh planının Ukrayna variantının 2024-cü ilin sonuna qədər hazır olacağına söz verib. “Əgər hər şey yalnız Ukraynadan asılı olsaydı, müharibə olmazdı”, – deyə cənab Zelenski bildirib.
Ötən həftə sonu Volodimir Zelenski “The Philadelphia Inquirer”ə müsahibə verib və orada uzun müddət sonra ilk dəfə Rusiya ilə danışıqların mümkünlüyünü vurğulayıb. Xatırladaq ki, 2022-ci ilin payızında cənab Zelenski özünə Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə dialoq aparmağı qadağan edən fərman imzalamışdı. Volodimir Zelenski hələ də Rusiya lideri ilə birbaşa təmasda olmağa hazır olmasa da, Moskva ilə dialoq artıq Kiyev üçün mümkünsüz görünmür. “Ukrayna müəyyən sənədlərə, addımlara və üsullara uyğun olaraq həll yolu tapılan model tapa bilər. Bu model ilk dəfə taxıl dəhlizi timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyə ilə danışıqlar apardığı zaman istifadə edilib. Onlar da öz növbəsində bizimlə danışıqlar aparmaq məsuliyyətini öz üzərlərinə götürmüşdülər və bundan sonra müvafiq saziş Rusiya tərəfindən imzalanmışdı”, – deyə cənab Zelenski bildirib.
Ukrayna lideri açıq şəkildə deyib ki, onun sülh planı bir neçə istiqaməti əhatə edir və buna görə də planın bu və ya digər elementi üzərində işləyən üçüncü ölkələr Kiyevlə müəyyən bir sənədi razılaşdıra, sonra isə “Rusiya Federasiyasının nümayəndələri ilə məşğul ola bilərlər”. “Hələlik bizdə yalnız bu model var”,- deyə cənab Zelenski əlavə edib. Başqa sözlə, Volodimir Zelenski Rusiya ilə danışıqların vasitəçilər vasitəsilə başlanmasının mümkünlüyünü bildirib. O, həmçinin vurğulayıb ki, Kiyevin təkcə Avropa və Şimali Amerikada deyil, həm də Asiya, Afrika, Cənubi Amerika, eləcə də Sakit okean regionu da daxil olmaqla “bir çox qitələrdə” tərəfdaşları var. Onlardan biri də Rusiya ilə təmaslarda üçüncü tərəf kimi çıxış edə bilər.
Ukrayna liderinin sözlərinə Moskvanın reaksiyası özünü çox gözlətməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 1-də bildirib ki, Rusiya Ukrayna ilə istənilən formatda dialoqa hazırdır. “Prezident Putin dəfələrlə deyib ki, Rusiya qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün istənilən ünsiyyətə, istənilən dialoqa açıqdır. Prezident bu açıqlığı qoruyur”, - deyə cənab Peskov əmin edib.
Ancaq indiyədək Moskva və Kiyevin mövqeləri diametral şəkildə ziddiyyət təşkil edib. Ukrayna xüsusilə 1991-ci il sərhədləri üzərində nəzarətin qaytarılmasını nəzərdə tutan “sülh formulu”ndan başlayaraq münaqişənin həllində israr edirdi. Rusiyanın son təklif isə budur ki, Kiyev NATO-ya daxil olmaqdan imtina etməli və Zaporojye, Xerson, Donetsk və Luqansk bölgələrinin bütün ərazilərindən ordusunun çıxarmalıdır. “The Philadelphia Inquirer”ə müsahibəsində cənab Zelenski Kiyevin münaqişəni dayandırmağa hazır olduğu üç şərtin adını çəkib və onların arasında əvvəllər irəli sürülən əsas məqamlardan biri olmayıb. Onun sözlərinə görə, Ukraynanın qorunması, ölkənin NATO və Avropa İttifaqına daxil olması təmin edilməlidir. Cənab Zelenski 1991-ci il sərhədlərinə nəzarətin qaytarılmasının zəruriliyi barədə isə heç nə deməyib. Bir sıra ekspertlər Ukrayna prezidentinin sülh formulunun bu bəndini təsadüfən qeyd etmədiyini iddia edirlər: söhbət danışıqlar mövqeyinin tənzimlənməsindən və Ukrayna cəmiyyətinin dialoqa başlamaq üçün əvvəlki şərtlərdən birini yerinə yetirmədən Moskva ilə təmasa hazırlanmasından gedir.
Kiyevdə ABŞ-ın hazırkı prezidenti Co Bayden və Ağ Evin sabiq rəhbəri Donald Tramp arasında iyunun 27-də baş tutan debatdan sonra dinc nizamlanma haqqında söhbətlər intensivləşib. Debatda cənab Trampın qalib gəlməsindən sonra bir çox ekspertlər belə qənaətə gəliblər ki, cənab Baydenin ikinci müddətə yenidən seçilmək şansı kəskin şəkildə azalıb. D.Trampın isə münaqişəyə münasibəti məlumdur. Sabiq prezidentin planı cəbhə xəttində hərbi əməliyyatların dondurulmasını və Kiyevin Moskvanın hər hansı bir ərazini tanımasını tələb etmədən sülh danışıqlarına başlamağı nəzərdə tutur. Amma nə Donald Tramp, nə də onun müşavirləri rəsmi olaraq Ukraynaya “ərazilərin verilməsini” təklif edibər.
Bununla belə, Vladimir Zelenski “24 saat ərzində müharibəni necə bitirəcəyini” bilmədiyini deyib, lakin Donald Trampın təkliflərini dinləməyə hazır olduğunu açıqlayıb. Bundan əvvəl Moskva da “Tramp planını” birmənalı şəkildə rədd etmirdi. Əvəzində Dmitri Peskov deyib ki, “hər hansı bir planın dəyəri nüanslarda və yer üzündəki real vəziyyətin nəzərə alınmasındadır”.
S.ELAY
XQ