Bu ilin əvvəlindən Rusiyadan Avropa İttifaqına (Aİ) qeyri-sənaye xarakterli təbii və sintetik brilyant və brilyant zinət əşyalarının birbaşa idxalına qadağa qoyulub. Üçüncü ölkələrdə emal edilən rus almazlarına isə qismən Avropa embarqosu martın 1-dən qüvvəyə minib. Tam qadağa sentyabrın 1-dən tətbiq olunacaq. Bu, Aİ-nin tətbiq etdiyi 12-ci sanksiyalar paketində nəzərdə tutulub.
Rusiya isə Qərbin Ukraynaya qarşı təcavüzünə görə tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün istənilən boşluqlardan istifadə edir. Öz məhsullarını ixrac etmək üçün 3-cü ölkə kimi Ermənistanı seçib. İxracın həcmi isə hər il artır.
“Qışqıran” statistika
Rusiya qiymətli daşları və qızıllarının təkrar ixracının (reeksport) artması ilə bağlı xəbərlər ötən ilin ortalarından Ermənistan mətbuatında yer almağa başlayıb. Rəsmi statistikaya görə, 2023-cü ildə Ermənistan 1,8 milyard dollarlıq qızıl və 589 milyon dollar dəyərində brilyant ixrac edib. Bu da Ermənistan iqtisadiyyatı üçün rekord göstəricidir. Bu il də tədarüklər artmaqda davam edib. 2024-cü ilin birinci rübündə qızıl ixracı 2,5 milyard dollar, almaz ixracı isə 185 milyon dollar olub. Ermənistanda bu “xammalın” emalı da kəskin şəkildə - 31 faiz artıb.
Bununla yanaşı, istər keçən il, istərsə də bu ilin yanvar-mart aylarında Ermənistana, əsasən, Rusiyadan almaz və qızıl idxalı eyni sürətlə artıb. “2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə istehsal olunandan 30 dəfə çoxdur. Ötən ilin noyabrından Ermənistan 4 milyard dollar dəyərində Rusiyaya qızılı ixrac edib. Göründüyü kimi, xammal Rusiyadan daxil olur və burada emal olunaraq təkrar ixrac olunur.
İqtisadçılar qeyd edirlər ki, Ermənistan faktiki olaraq Rusiya daşları və qızıllarının, xüsusən Dubay və Honq Konqa tədarükü üçün tranzit kanalına çevrilib. Məhz BƏƏ və Çinə keçən ildən etibarən Ermənistandan ixracın həcmində anormal artım müşahidə olunur. “2022-ci ildə Rusiyadan çıxarılan pulun əhəmiyyətli hissəsi Ermənistanda məskunlaşıb. Bu vəsaitlər erməni kanalları vasitəsilə Rusiya ilə BƏƏ arasında almaz və qızıl alveri zamanı istifadə olunur".
Belə görünür ki, Rusiya qızıl və qiymətli daşlarının ixracına tamamilə qadağa qoyulmasına baxmayaraq, bu, onların Ermənistan vasitəsilə təkrar ixracının logistikasına mane olmur. Aprel ayı üçün məlumatlar hələ açıqlanmayıb, lakin rəsmi statistikaya görə almaz ixracı mart ayında davam edib. Məsələ ondadır ki, Ermənistanın ixracı ilə bərabər idxalının böyüməsi də milli iqtisadiyyatın tələbatına əsaslanmır. Avropa, Asiya, Yaxın Şərq və digər region ölkələri ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarından ehtiyat edərək öz mallarını birbaşa deyil, məhz Ermənistan üzərindən çatdırır.
Düzdür, Ermənistanda vasitəçilər dəyişib. Əgər əvvəllər Rusiya almazlarını yerli “Ai-Almast” dövlət şirkəti Rusiyanin “Alrosa” şirkətindən topdansatış alırdısa, indi alıcı dəyişib. Buna Aİ sanksiyalarının tətbiqi səbəb olub. "Artıq bir neçə aydır ki, "Ai-Almast" Rusiyanın "Alrosa" şirkətindən emal olunmamış almaz almır. İndi biz almazları əsasən Afrika ölkələrindən idxal edirik",– “Ai-Almast”ın icraçı direktoru Tiqran Xaçatryan bildirib. Onun sözlərinə görə, təbii almazların hasilatı və ticarəti üzrə dünyanın ən böyük şirkəti olan “De Beers” ilə də danışıqlar aparılır.
Almaz “təkrar ixrac”ı
Ermənistandan Rusiya almazlarının təkrar ixracı isə davam edir. Bu o deməkdir ki, Ermənistanın dövlətə məxsus “Ai-Almast” şirkətinin yerini başqaları tutub. İndi onlar özəl müəssisələrdir. “Hetq” nəşri Ermənistandan ən çox almaz ixrac edən üç böyük özəl şirkətin adını çəkib. Onlardan biri Ermənistan hakimiyyəti ilə, daha dəqiq desək, parlamentdə hakim “Mülki müqavilə” partiyasından olan iri biznesmen Xaçatur Sukiasyanla əlaqələri olan “ADM DIAMONDS LLC” şirkətidir. Üç ən böyük almaz ixracatçısından biri də 2022-ci ilin aprelində qeydiyyatdan keçmiş “VDA DIAMONDS” MMC-dir. Onun sahibi Rusiya vətəndaşı, almaz emalı DDK şirkətinin təsisçisi Vithalbhaem Ramanidir. Ermənistandan böyük miqdarda brilyant ixrac edən üçüncü şirkət isə ölkənin zərgərlik və almaz bazarında 10 ilə yaxındır fəaliyyət göstərən “DIMEX CAPITAL” şirkətidir.
Bu faktlar onu sübut edir ki, Ermənistan Rusiya mallarının tranzitinin fəal iştirakçısıdır və ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını açıq-aşkar pozur.
Pünhan ƏFƏNDİYEV
XQ