Gürcüstanda müxalifət qüvvələrinin xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı növbəti etiraz mitinqi, onun təşkilatçılarının dediyi kimi, parlament qanunu geri götürənə qədər dayanmayacaq. Bu barədə “İnterfaks.ru” məlumat verib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üçüncü oxunuşdadır və ona yalnız redaksiya xarakterli düzəlişlər edilə bilər, ona görə də qanun layihəsi qəbul olunacaq. Onun sözlərinə görə, qanun layihəsinin gürcü variantı ABŞ və Avropa ölkələrində xarici agentlər haqqında mövcud qanunlardan xeyli yumşaqdır.
Mayın 14-də parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi sonuncu – üçüncü oxunuşda səsə qoyulmalıdır.
Hazırda Gürcüstan hakimiyyətinə Avropa İttifaqı və ABŞ tərəfindən təzyiqlər edilir. Bu gün Almaniya, Polşa, Çexiya, Litva və Estoniya parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri müxalifətin aksiyalarını dəstəkləmək üçün Tbilisiyə gəliblər. Mayın 14-də isə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyms O'Brayn Gürcüstan hakimiyyətinin nümayəndələri ilə görüşlər keçirmək üçün Tbilisiyə gələcək.
P.ƏMİRCANOV
XQ