Amerika Asiya-Sakit okean regionunda gücünü artırır

post-img

Vaşinqton AUKUS blokunun Pekinə qarşı yönəldiyini etiraf edib

ABŞ dövlət katibinin müavini Kurt Kempbell bildirib ki, nüvə sualtı proqramı ilə üçtərəfli AUKUS (ABŞ, Böyük Britaniya və Avstraliya) paktı Çinin təsirinin qarşısını almaq və Tayvanı qorumaq üçün yaradılıb. Əvvəllər Vaşinqton bu barədə susurdu. Eyni zamanda, ABŞ-ın Sakit okeandakı quru qoşunlarının komandanı Çarlz Flinn Asiyada orta mənzilli raketlər yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Ekspertlərin fikrincə, bu addımlar Ağ Evin ABŞ-Çin münasibətlərini normallaşdırmaq çağırışlarının ciddi qəbul edilə bilməyəcəyini göstərir.

2021-ci ildə üç ölkə tərəfindən imzalanan pakt Avstraliyanın raketlərlə təchiz olunmuş nüvə enerjili sualtı qayıqları almasını təmin edəcək. Bu, Çinin Asiya-Sakit okean regionunda hərbi gücünün artmasına cavab olmalıdır. Lakin daha əvvəl, “Reuters”in xəbər verdiyi kimi, Avstraliya Tayvan üstündə hərbi münaqişə olacağı təqdirdə ABŞ-a dəstək vəd etmədiyini bildirib. K.Kempbell isə Vaşinqtonda keçirilən toplantıda deyib ki, yeni sualtı qayıqlar Asiyada, o cümlədən Tayvan boğazında sabitliyi artıracaq.

Dövlət katibinin müavininin açıqlamaları AUKUS-un təhlükəli olduğunu və regionda silahlanma yarışına təkan verə biləcəyini göstərən çinlilərin qiymətləndirmələrini təsdiqləyir. Lakin Ağ Ev bu xəbərdarlıqlara məhəl qoymur. O, Asiyadakı tərəfdaşlarla, xüsusilə Yaponiya və Filippinlə hərbi əlaqələri gücləndirir. Aprelin 11-də ABŞ prezidenti Cozef Bayden Yaponiyanın baş naziri Fumio Kişida və Filippin prezidenti Ferdinand Markos ilə görüşəcək. Bu görüşdən bir gün əvvəl Ağ ev sahibinin yapon baş naziri Kişida ilə ikitərəfli danışıqlar baş tutacaq. 

K.Kempbell bildirib ki, görüşlər Yaponiya-ABŞ münasibətlərinin “güclü modernləşdirilməsini” və Cənubi Çin Dənizində (CÇD) üç ölkə arasında daha yüksək dərəcədə qarşılıqlı əlaqəni əks etdirəcək. Amerikalı diplomatın sözlərinə görə, Yaponiya ilə birgə silah istehsalı ilə bağlı söhbət olacaq.

Yaponiyanın “Nikkei” nəşri Amerika strategiyasının Asiyadakı yeni xüsusiyyətlərini təhlil edir. ABŞ “aztərəfli ittifaqlar və tərəfdaşlıqlar toplusu” yaradır. Buna misal olaraq Bayden-Kişida-Markos sammitini göstərmək olar. Onun ABŞ, Yaponiya, Avstraliya və Hindistanı əhatə edən Quad və ya AUKUS kimi adı və ya abbreviaturası yoxdur. Lakin bu yeni qrup daha da vacib ola bilər, çünki coğrafi mövqeyinə görə Tayvanın müdafiəsində mühüm rol oynaya bilər. 

Diplomatların bəyanatları sözlər olsa da, əlbəttə ki, müəyyən çəkiyə malikdir. Amma ABŞ-ın Sakit okeandakı quru qoşunlarının komandanı general Çarlz Flin də gündəmə gəlib. Yenə də Çin təhdidinə istinad edərək, o, mətbuata bildirib ki, ABŞ Asiyada orta mənzilli raketlər yerləşdirmək niyyətindədir. General hansı raketlərin yerləşdiriləcəyini dəqiq açıqlamayıb. Amma yapon qəzetlərinin yazdığına görə, söhbət “Tomaqavk” qanadlı raketləri və SM-6 zenit raketlərini buraxmağa imkan verən “Typhon” buraxılış qurğularından gedir.

Xatırlatmaq yerinə düşər ki, K.Kempbell və Ç.Flinnin sözləri Çin prezidenti Si Cinpinlə Co Bayden arasında telefon danışığından dərhal sonra yayılıb. Siyasi müşahidəçilərin fikrincə, ABŞ və Çin nümayəndələrinin belə bəyanatları siyasi konyuktura uyğun səsləndirilir. Buna görə də, tərəflər ritorikasını ya yumşaldır, ya da sərtləşdirirlər. Bu o deməkdir ki, əsas fikir ayrılıqları aradan qaldırılmayıb və münasibətlərdəki eniş-yoxuş davam edəcək.

S.ELAY

XQ

Dünya