“Ulduz”un yeni buraxılışları təqdim edildi

post-img

Azərbaycan Yazıçılar Birliyində (AYB) “Ulduz” jurnalının “Yeni nəsil: proza”,  “Yeni nəsil: poeziya” və “Yeni nəsil: tənqid” buraxılışlarının təqdimat mərasimi keçirildi. 

“Ulduz”un Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə layihəsinə ədəbi ictimaiyyət nümayəndələri – şairlər, yazıçılar, ədəbi tənqidçilər, eləcə də mədəniyyətlə bağlı müvafiq dövlət qurumlarının nümayəndələri iştirak etdilər. 

Jurnalın baş redaktoru Qulu Ağsəs buraxılışların ərsəyə gəlməsində əmək sərf etmiş redaktorları təqdim edib bildirdi ki, onların qarşısına ciddi iş qoyulub. Yaşı 35-ə kimi gənclərin yaradıcılığını jurnalın səhifələrinə gətirməli idilər. Onlar bu işin öhdəsindən məharətlə gəldilər. 

AYB-nin sədri, yazıçı Anar zərif tərtibata və buraxılışlarda aktual mövzulara edilən müraciətlərə görə zəhmət çəkənlərə təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən “525-ci qəzet”in redaktoru, AYB sədrinin müavini Rəşad Məcid dedi ki, jurnalın müxtəlif nömrələrinin redaktor kimi gənclərə həvalə edilməsi Azərbaycandakı ədəbi jurnalların təcrübəsində var.

“Yeni nəsil: proza” buraxılışının redaktoru Furqan qeyd etdi ki, jurnalda 35 yaşa qədər olan nasirlərdən təxminən 20 hekayə bir araya gətirilib: “Jurnalda dərc edilmiş hər bir hekayə müəyyən məsələləri, problemləri ədəbi şəkildə oxucuya çatdırır. Hekayələr aktualdır. Bu hekayələr zaman keçdikcə öz aktuallığını itirməyəcək”.

“Yeni nəsil: tənqid” buraxılışının redaktoru Elnarə Qaragözova bu nömrəni hazırlayarkən dilemma qarşısında qaldığını dedi: “Düşündük ki, bu nömrə tarixdə qalacaqsa, elə imzalar seçməliyik ki, şəxsin elmi dərəcəsi olmaqla yanaşı, ədəbi tənqidi dərindən bilsin, sağlam tənqidlərlə ədəbi ictimaiyyətin qarşısına çıxsın”. 

“Yeni nəsil: poeziya” buraxılışının ərsəyə gəlməsində böyük əmək sərf etmiş gənc redaktor Ramil Əhməd də gənclərin redaktor kimi jurnallara cəlb edilməsi təcrübəsinin olmasını diqqətə çatdırdı: “Əvvəllər hekayə və şeirlər birgə dərc olunurdu. Amma biz 3 gəncin ərsəyə gətirdiyi buraxılışlarda nəsr, nəzm və tənqid ayrı-ayrılıqda yer alıb”.

O, “Yeni nəsil: poeziya” buraxılışının “Ulduz”un 650-ci sayı olduğuna da diqqət çəkdi. 

Çıxış edənlər şeir və nəsr nümunələrini səsləndirdilər.

Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət